Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” lisenziyalaşdırılmalıdır.

Onun sözlərinə görə, lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq.

ANS PRESS-in məlumatına görə, nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki lisenziyalaşdırma nəticəsində internetə girişdə bəzi məhdudiyyətlərin yaranması ehtimalı var. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi nəticəsində rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanda öz fəaliyyətini yenidən gözdən keçirə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.

“Azərbaycan qanunvericiliyində lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”, – Osman Gündüz bildirib.

Rabitə və Yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşır.