Illustration: AzerNews

Trend.az-ın məlumatına görə, Azərbaycanda bədbəxt hadisələr, qəzalar və ya təbii fəlakətlər zamanı dünyasını dəyişmiş insanların orqan və toxumaları transplantasiya, tədris və elmi məqsədlər üçün istifadə oluna bilər.

Bununla əlaqədar , «İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında» qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, qanuna təklif edilən düzəlişə (9.4-cü bənd) əsasən, qəzalar və ya təbii fəlakətlər nəticəsində beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən şəxslərin orqanları elmi və tibbi məqsədlər üçün istifadə edilə bilər.

Bu halda məhkəmə-tibb eksperti məlumatlandırılır, orqan və toxumaların götürülməsi onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruriliyi tələb olunmursa, həlak olanın orqan və toxumalarının ayrılıb götürülməsi başa çatdıqdan sonra əməliyyatın bütün təfərrüatı və nəticələri üzrə məhkəmə tibbi protokol tərtib olunur, həmçin bütün lazımi sənədlər əlavə edilir).

Qeyd etmək lazımdır ki, qanuna dəyişikliklər Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilmiş, lakin diskusiyalardan sonra dəyişikliklərin təkrarən işlənməsi və yenidən komitənin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilmişdir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu məsələni şərh edərək bildirmişdir ki, orqanların köçürülməsində ən mühüm şərtlərdən biri əməliyyatın təcili olaraq həyata kerçirilməsidir.

«Çünki beyin ölümü baş verərkən müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Odur ki, beyin ölümü baş verəndən sonra orqan nə qədər tez müddətdə köçürülərsə, nəticə bir o qədər effektiv olar», – deyə Quliyev bildirmişdir

Deputat həmçinin ölən şəxsin orqan və toxumalarının onun qohumları və yaxınlarının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirmişdir.

«Biz indi elektron səhiyyə sisteminə keçirik, digər tərəfdən, icbari tibbi sığorta qüvvəyə minməyə başlayıb. Hər bir kəsin öz şəxsi tibbi sığorta kartı olacaq ki, orda onun fiziki durumunun bütün təfərrüatı veriləcək və qəfil ölüm halında öz orqanlarının transplantasiyasına razı olub- olmaması öz əksini tapacaq. Vətəndaşın sığorta kartının nömrəsi onun şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Odur ki, ölənin kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım gəlməyəcək. Vəfat edənin elektron kartına baxıb onun transplantasiya üçün öz orqanlarını vəsiyyət edib-etmədiyini

asanlıqla dərk edəcəklər. Bu layihədə əsas məqsəd vaxt itirməyərək, orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, həlak olan rayonda, onun yaxınları isə Bakıdadır. Onlar hadisə yerinə gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxıb yararsız olacaq. Azərbaycanda hər il 1500-ə qədər insanın donorluğa ehtiyacı olur, ancaq orqanlar bədəndən çıxarıla bilinmədikdə, sağ insanların orqanlarının transplantasiyası üzrə 100-120 əməliyyat aparılır. Odur ki, qanunvericilikdə dəyişikliklərin edilməsi vacibdir. Ölənin yaxınları başa düşməlidirlər ki, onların əzizi onsuz da artıq dünyadan köçüb, onu daha geri qaytarmaq mümkün deyil, ancaq heç olmasa, bu orqanlara kəskin ehtiyacı olan bir xəstəyə kömək edib onun həyatını xilas etmək olar», —deyə Quliyev açıqlamışdır

 

Mənbə: Trend.az.