Sumqayıtda yaşadığımdan tətillərimdə məni Bakıya, dənizkənarı bulvara gəzməyə gətirəndə gördüklərim yuxu kimi gələrdi. Tez-tez gələn qonaq nə qədər doğmalaşır bilmirəm, amma bura mənim üçün çox doğma idi, tətilim haqda sevə-sevə yazdığım inşalarım qədər doğma. Üstümə şığıyan iri dalğalar, Xəzərin başına dövr edən qağayılar, qarışqa kimi sağa, sola, geriyə və önə doğru irəliləyən insanlar – hər dəfə gördüyüm, amma təkrarlanmasından bezmədiyim doğma yuxu idi.

Onda (müəllif, 1995-ci il) xalamgil Dilarə Əliyeva küçəsində yaşayırdı. Gəzinti sonrası nə qədər yorğun düşsəm də, gecə dama çıxar və üzü Xəzərə tərəf baxardım. Hə, o vaxtlar hündür binalar Xəzəri gizlətmirdi. Onda Bakıda çox şey aşkar idi. Bakı isə daha qocaman və daha səmimi görünürdü.

Damda oturanda düşünərdim ki, dənizkənarı bulvar olmasaydı, yəqin Xəzər Bakını udar və onun suları altında qalan Bayıl şəhəri kimi əfsanəvi tarix yaşayardıq. Bulvar o zamanlar mənə Bakı ilə Xəzər gölü arasında qızıl körpü kimi gələrdi. Söhbət qızıldan düşmüşkən, köhnənin adamları dənizkənarı bulvarı Bakının “almaz boyunbağı” adlandırarmışlar.

Bu gün sizə Bakının fəxrlə boynunda, bizimsə ürəyimizdə, mahnı və şeirlərimizdə, xatirələrimizdə, filmlərimizdə qürurla gəzdirdiyimiz Dənizkənarı Milli Park və ya bulvardan danışacam. Sahilində minlərlə eşqin lövbər saldığı, üç müxtəlif dəyişiklik dalğasından keçən bulvardan…

Şayiələr gəzirdi ki, bizim sevimli şəhərimiz neft paytaxtı olmazdan çox-çox əvvəl şəhər sakinləri adətləri üzrə sahilboyu “zolağa” çıxarmışlar və orada saatlarla gəzərmişlər.

Əlbəttə ki, dəniz aşiqləri tənbəllik etmədən İçərişəhərlə Xəzəri ayıran səddin “başına dolanır”, uzun yol qət etdikdən sonra sahilə ayaq basa bilirdilər. Bura ayaq basan və iş qurmağa meylli olan “Xəzərin ilk adamları” sahilboyu ərazilərdə yavaş-yavaş kiçik bizneslərini, bazarlarını qurmağa başlayırlar. Bu isə Xəzər sahilində sənayenin inkişaf etməsinə təkan verir.

QALA DİVARINDAN TİKİLƏN BULVAR

Bakı bulvarının tarixi 1860-cı ildən başlayır. Həmin vaxtlarda İçərişəhəri Xəzər dənizindən ayıran Orta əsrlərə aid qala divarları vardı. Bakı hərbi qubernatorunun xahişi ilə 1865-ci ildə general-leytenant M.P.Kolyubakin dənizə çıxan divarların sökülməsinə icazə alır. Çünki bu divarlar dənizdən şəhərə doğru gələn hava axınının qarşısını kəsirdi və dəniz tərəfdən Orta əsr “təhlükəsi” gözlənilmədiyindən divarların maneədən başqa xüsusi bir təsiri yox idi.

Köhnə Qalanın və dəniz sahilinin arasında daşlardan təmizlənmiş ərazilərin satışından əldə edilən pul – 44 min rubl limanın və zərif daşla döşənəcək sahilin tikintisində istifadə edilir. Tezliklə buraya yatırılacaq pullar gözəl arxitekturalı evlərə çevrilir.

Memar Hacıbababəyov dağıdılan divarın daşlarından bulvarın sahil səkisinin tikintisində istifadə edir.

baku-naberezhnaya-1024x541

O vaxtkı nalşəkilli körfəz “amfiteatr”la birlikdə bu günün Bakısının dəniz fasadını çox az xatırladırdı – bununla belə, elə o vaxtlar da Xəzər sahillərində özəl gəmiçiliklə məşğul olan çoxsaylı şirkətlər, anbarlar dolu idi.

Şəhər müdiriyyəti Xəzərin sahilində parkın salınması üçün işlərə yalnız 1909-cu ildə başlayır. Bu tarix Bakı bulvarının tərcümeyi-halının rəsmi başlanğıcı hesab edilir. Onun abadlaşdırılmasını istedadlı mühəndis M.Q.Hacinski boynuna götürür. Eyni zamanda memar Adolf  Eyxler də tikinti işlərində fəal iştirak edir.

Maraqlıdır ki, Xəzərin sahilində yeni parkın salınması iri kapital maraqları ilə toqquşurdu: şəhər müdiriyyəti ya parkdan, ya da sahilboyu fəaliyyət göstərən ticarətçilərdən imtina etməli idi. Yeni bulvar isə indiki Kukla teatrından “Azneft”in ərazisinə qədər uzanırdı.

BULVARIN SİMVOLLARI

Dənizkənarı bulvarda ilk əhəmiyyətli obyekt Paraşüt qülləsi hesab olunur. Qüllə 1936-cı ildə salınıb. 75 metrlik qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi. O vaxtlar paraşüt qülləsindən bütün ekstrim həvəskarları istifadə edə bilərdilər. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Təəssüf ki, ürəkli paraşütçülər yalnız qısa zaman kəsiyində izləyiciləri öz manevrləri ilə təəccübləndirə bilirdilər. Bulvar küləkli olduğundan idmançılar istiqamətlərini düzgün müəyyənləşdirə bilmirdilər və paraşüt qüllənin dəmir konstruksiyalarına ilişirdi.

dsc_0209-680x1024

Bu gün paraşüt tullanmalarına son verilsə də və bu barədə uzaq keçmiş kimi danışılsa da, qüllə əhəmiyyətini itirməyib. Bulvarın simvolu bir neçə funksiya yerinə yetirir – rütubəti, vaxtı, havanın temperaturunu və küləyin sürətini göstərir, bir növ bakılılar üçün mayak rolunu oynayır.

XƏZƏRİN “MİRVARİSİ”

Sizə kimdən deyək, nədən danışaq – Mirvari kafesindən. Bakılıların təbiri ilə desək, “almaz boyunbağı”nın “Mirvari” qaşından.

Bulvarı gözəlləşdirən və özəlləşdirən bu kafenin tikilməsi tarixi olduqca maraqlıdır. Günlərin birində Bakının meri Əliş Ləmbəranski Skandinaviyaya gedir. Gözü orada tikilən maraqlı arxitekturalı kafeyə düşür. Qərar verir ki, məzuniyyətdən dönəndən sonra bu möhtəşəm tikilinin eynisini Xəzərin qoyununda tikdirəcək.

IMG_6219

Mirvari kafesi Bakıda o vaxta qədər olmayan və qeyri-adi bir məkan idi. Kafe təkcə Bakı bulvarına fərqli rəng qatmadı, eyni zamanda Azərbaycan memarlığına yeni nəfəs gətirdi. Məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunur. Memar “Mirvari”ni layihələndirərkən, əsasən, quruluşun orijinallığına fikir verir. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan Nikonov seçilir. 1961-ci ildə kafe hazır olur. Kafe tikildikdən sonra bulvarın əsas simvoluna çevrilməklə yanaşı, həm də Bakını dünyaya tanıdan məkana çevrilir.

Kafe hər tərəfdən açıqdır. Beləcə buranı havalandırmaq üçün xüsusi sistemə ehtiyac olmur. Külək 8 qırçın arasından keçərək, kafeni təbii yolla havalandırır. Kafe yay məkanı kimi fəaliyyət göstərir. Qeyd edək ki, “Mirvari” 2008-ci ildə yenidən bərpa edilir.

Beləcə, yazının, daha doğrusu, bulvarın tarixinin sonuna çatdıq. Mənzilin sonundan söz düşmüşkən, kimin ağlına gələrdi ki, bir zamanlar Kukla Teatrından başlayıb “Azneft”də bitən bulvar günümüzdə bu qədər böyüyəcək və dəyişəcək. Biz böyüdükcə isə köhnə bulvarla bağlı xatirələrimiz dəyişməyəcək. Bircə onları bərpa etmək olmur. Və mənim kimi yüzlərlə insan xatirələrində hələ də köhnə bulvarın kələ-kötür səkisində gəzişəcək, köhnə “Mirvari”dən üzü Xəzərə tamaşa edəcək.

Nərmin Nöqtə