“Azərbaycan Uşaqlar Birliyinin (Azerbaijan Children Union) nəzdində təşkil edəcəyimiz məktəbəqədər təhsil kursunu “Çərpələng” adlandırmaq qərarına gəldik. Külək olmasa, çərpələnglər qanad açmaz, uçmaz, havada dayanmaz, bir sözlə mövcud olmaz.

Həyatda isə bizlər fərqli şəraitlərdə, fərqli talelərdə dünyaya gəlirik. Sığınacaqdakı hər körpə bir çərpələngdir. Onların qanadlanmağa, uçmağa, havada dayanmağa ehtiyacları var. Bunun üçün onlara külək lazımdır. Gəlin, hərəmiz bir nəfəs üfürək. Gəlin, kömək edək ki, körpələr qanadlanmadan, səmanı görmədən solub getməsinlər”.

 “Çərpələng”

Gözlərin səmanın mavi sonsuzluğunda bitən nöqtəsində dalğalanan çərpələnglərin qanadında arzuları başlayır uşaqların. Arzular da çərpələnglər kimi rəngli, dalğalı, hərdən təlatümlü, hərdən də ətalətdə olur. Amma ən əsası bilirsiniz nədir, qanadında arzular dalğalanan çərpələnglərin ipləri hələ uşaqların öz əllərindədir. Nə arzular mavi sonsuzluqda itib, nə də iplər başqa əllərə ötürülüb. O da məhz Turan Qarayeva və Şəfiqə Fərzəliyevanın irəli sürdükləri təşəbbüs və bu təşəbbüsü dəstəkləyən yüzlərlə insanın sayəsində…

Qeyd edək ki, sentyabrın 15-də açılışı olan “Çərpələng” kursunda dərslər avqust ayında başlayıb. “Çərpələng”də hazırda 5 müəllim və 1 psixoloq fəaliyyət göstərir. Layihənin məqsədi sığınacaqda məskunlaşan uşaqları məktəbəqədər təhsilə cəlb etmək və onların orta məktəblərdə təhsilə başlamalarına dəstək olmaqdır.

unnamed

“Çərpələng”lə bağlı layihənin yaradıcılarından və təşkilatçılarından biri Turan Qarayeva ilə Dalma News portalı üçün söhbətləşdik.

– Turan Qarayeva kimdir? Sizi oxuculara necə təqdim edək?

– Turan bu ölkədə yaşayan milyonlarla sadə vətəndaşdan biridir. Yerli özəl bankların birində maliyyə riskləri üzrə analitik vəzifəsində çalışır, həmçinin Xəzər Universitetində Strateji Menecment fənnindən dərs deyir.

– Turan, sosial şəbəkələrdə səni “Çərpələng” layihəsi ilə tanıyırlar. Bu “Çərpələng”in digərlərindən fərqi nədir?

–  Etiraf edim ki, bu təşəbbüsü irəli sürdüyüm zaman hər hansı başqa layihə ilə tanış deyildim. Düzdür, müxtəlif məzmunda və formatda xeyriyyə aksiyaları ilə rastlaşıram, amma kimsəsiz uşaqların məktəbəqədər təhsil alması ilə bağlı hər hansı digər təşəbbüs barədə məlumatım yoxdur. Bəlkə də “Çərpələng”in fərqi budur.

– “Çərpələng”in mətbəxindən danışaq.

–  2007-ci ildən Azərbaycan Uşaqlar Birliyinin nəzdində yaradılmış Uşaq Sığınacağının bir otağını burada yaşayan uşaqlar üçün məktəbəqədər təhsil kursuna çevirdik. Bu da necə baş verdi – mən təsadüfən sosial şəbəkədə Şəfiqə xanımın hesabına rast gəldim və uşaqlarla şəklini gördüm. Əlaqə saxladım, görüşdük, sığınacağa baş çəkdik. Söhbət əsnasında uşaqların təhsilsiz olduqlarını və məktəbə yazıla bilmədiklərini öyrəndim. Elə oradaca Birliyin Sədri Kəmalə Ağazadə ilə əlaqə saxladım. “Alo” sözündən sonrakı cümləm “uşaqlara dərs keçmək istəyirəm” oldu. İnanın, “necə” olacağı barədə mənim də bir fikrim yox idi. Evə gəldim, sosial şəbəkədə öz hesabımdan uşaqlara məktəb ləvazimatı alınması barədə yardım çağırışı məzmunlu bir yazı paylaşdım. Bir həftə ərzində 150-dən çox mesaj aldım, telefonum susmurdu. 3 gün ərzində bütün kitablar tamamlandı, 1 aya sinif otağını hazır vəziyyətə gətirdik. Çox keçmədi ki, komandamıza üçüncü üzv – Aynura Aliyeva könüllü olaraq qoşuldu. Biz ona öz aramızda “Çərpələngin sağ əli” deyirik. Daha sonra “Çərpələng”ə könüllü müəllim heyəti cəlb olundu.

Şəfiqə xanım sığınacaqla bağlı digər layihə üzərində çalışdığı üçün “Çərpələng”dən ayrılmaq məcburiyyətində qaldı. Hal-hazırda “Çərpələng”də mən və təşkilati işlərdən məsul Aynura xanım çalışır.

unnamed (1)

Səmimi deyəcəm, mən bu işə başlayanda belə böyük vüsət alacağı ağlıma belə gəlməzdi. Əgər mənə indi yaratdığımızı izah edib bu işi görməyi tapşırsaydılar, bəlkə də belə bir məsuliyyətin altına girməzdim. Təşəbbüsü irəli sürdüyümüz gündən o qədər yaxşı insanlarla rastlaşmışıq ki! Bu möhtəşəm hissdir. Onlar bir araya gəldilər və yoxdan var yaratdılar.

–  Məktəbi yaradan zaman insanlardan necə reaksiyalar gəlirdi?

T.Q.- Əksərən müsbət reaksiya ilə qarşılaşmışam. Çalışdığım şirkətdə heç əlaqəm olmadığı əməkdaşlar mənə yaxınlaşaraq təbrik etdilər, maddi dəstək oldular. İnsanlar bu gün də yolda saxlayıb “Çərpələng” barədə məlumat almaq istədiklərini deyirlər. Dayanmadan mesajlar, zənglər alırıq. Dəstəkçimiz çoxdur.

Neqativ hallar da oldu. Onlara fikir verməyib öz işimizlə məşğul olmağa, ruhdan düşməməyə maksimum səylə çalışırıq.

– Hansı gözlənilən və gözlənilməyən maneələrlə rastlaşdınız?

– İşin əsas çətinliyi gələn çoxsaylı yardımları düzgün və zamanında əlaqələndirmək idi. Bunun üçün çox ciddi iş bölgüsü etdik. Çox çalışdıq, bütün maneələrin öhdəsindən gəldik. Bu, bir komanda işidir.

Uşaqlarla işləmək… Əksəriyyəti məişət zorakılığına məruz qalmış və ciddi psixoloji sarsıntı keçirmiş uşaqlardır. Yaşları azdır, amma artıq hər birinin bir romana sığmayacaq həyat hekayəsi var. Bəziləri ilə tanış olduqdan sonra bir müddət özümə gələ bilməmişdim… Bəli, çox çətindir.

Dalma News: Qeyd edək ki, sığınacaqda məişət zorakılığından əziyyət çəkən və maddi imkansızlıq ucbatından ailəsi tərəfindən müvəqqəti olaraq sığınacağa verilən uşaqlar da var. Layihə menecerləri kursun fəaliyyətə başlamasından sonra sığınacaqda aztəminatlı ailələrin övladları üçün də vakansiya olacağını bildiriblər. Qeyd ediblər ki, maddi imkansızlıqdan əziyyət çəkən ailələrin övladlarının da pulsuz təhsil almasına çalışacaqlar.

– Uşaqlarla işlədikcə fərd olaraq özünüzə hansı dərsləri götürdünüz?

– Bəziləri ilə göz-gözə gəlməməyə çalışıram, uşaqlığımı valideyn sevgisilə əhatələnmiş şəkildə yaşadığım üçün bəzən utanıram onlardan. Ən böyük dərsi uşaqların üzündəki təbəssümdən götürdüm. Onlar bu şərtlər altında gülməkdən hələ də əl çəkməyiblərsə, bizim gündəlik həyatımızda şikayətləndiyimiz nüanslar çox kiçik və cılız görünür.

unnamed (2)

 

 – Dövlətin etməli olduqlarını vətəndaşların reallaşdırması…

–  Düşünürəm ki, vətəndaşlar tərəfindən belə təşəbbüslər daha intensiv hal alsa, dövlət müraciətləri cavabsız qoymayacaqdır. Bu barədə ümidliyəm.

–  “Çərpələng”ə bənzər sosial layihələrə imza atmaq istəyənlər nələri “görüb-götürməlidirlər”?

– Konkret deyəcəyəm: birincisi, “Az vəd, çox iş” prinsipi ilə çalışsınlar. İkincisi, şəffaf hesabatlılıq sistemi yaratsınlar. Üçüncüsü, gördükləri işləri gözəl və savadlı formada təqdim etməyi bacarsınlar.

Qeyd: “Çərpələng”in Facebook səhifəsini izləməklə, siz məişət zorakılığı görən uşaqlar üçün açılan məktəbəqədər təhsil kursu ilə bağlı bütün yeniliklərdən və elanlardan xəbərdar ola bilərsiniz.

unnamed (4)

Nərmin Nöqtə