Siz Meksikaya gedə bilmirsinizsə, Meksika sizin ayağınıza gəlir. Avqustun 22-də Bakıda “Meksika Yay Bayramı” keçiriləcək. Cənubi Amerikanın ən ecazkar ölkəsini sevən hər kəs üçün bu tədbir sözün həqiqi mənasında yay bayramına çevriləcək.

Bu barədə APA-ya Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Cook Zone Restoranında keçiriləcək tədbirin təşkilatçısı V-G Events Boutique-dir. Təşkilati dəstək Meksika səfirliyinə məxsusdur.

Yay bayramında ictimaiyyət Meksikanın mədəniyyəti və zəngin mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

Xatırladaq ki, 2010-cu ildə UNESCO Meksika milli mətbəxini bəşəriyyətin qeyri-maddi mənəvi irsi siyahısına daxil edib.