Avropa Oyunları zamanı Bakının metrodan istifadə edən kəsimi üçün “yeraltında işıq yandırılmışdı”. Uzun illərdir havalandırma sistemi olmayan, səsli hərəkət edən, narahat qatarlar arasında ara-sıra yeni və çox rahat qatarlar gözə dəyirdi.
Hətta elə sakinlər vardı ki, onlar 3-4 qatarı ötürür, yenisinin “dadına baxırdılar”. Sosial şəbəkələrdə “axır ki, biz də özümüzü adam kimi hiss elədik” kimi şərhlərə də az rast gəlinmirdi. Di gəl ki, oyunlar bitdikdən sonra qatarlar da yavaş-yavaş xətdən itməyə başladı.
Oxu.az portalı “qatarların xətlərdən yığışdırılması” məsələsinə aydınlıq gətirmək üçün metro rəsmisini danışdırdı. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə bildirdi ki, qatarların hər üçü xətdədir:
“Yeni qatarların sayı üçdür. Onlar bütün istiqamətdə istifadə olunur. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir”.