Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib ki, xarici ölkələrin universitetlərinə imtahansız, yalnız attestatla qəbul olanlar 0-100 bal toplayanlardır. Belə gənclər daha sonra müxtəlif yollarla ölkənin əmək bazarına daxil olurlar.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə açıqlamasında məsələ ilə bağlı təklif edib ki, belə bir formada tələbə qəbulunun həyata keçirilməsi üçün müvafiq şirkətlərə lisenziyalar verilməməli, bu fəaliyyət növü dayandırılmalıdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə əksinə, müxtəlif yollarla imtahansız tələbə qəbulunun həyata keçirilməsinin qarşısının alınması üçün inzibati qadağaların tətbiqinin tərəfdarı olmadığını deyib.

Onun sözlərinə görə, oxumaq üçün seçilən ali məktəbin lisenziyası varsa və onun verdiyi diplom Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırsa, bu məsələdə mane yaratmaq lazım deyil.

Nazirlikdən bildirilib ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.