Göygöl qoruğunun insanların üzünə açılması ilə onun çirkləndirilməsi bir oldu. Hətta rəsmilər elə ilk gündəcə bildirdilər ki, təyin olunan yüksək cərimələr belə insanlar üçün “yetərli deyil”.

Maraqlıdır ki, 2008-ci ildən tətbiq olunan və 2015-ci ilə kimi davam edən giriş qadağısının səbəbi də elə ərazinin çirkləndirilməsi idi. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktor müavini Hikmət Əlizadə demişdi.

Qoruğa girişin bərpasından sonra rəsmilər bildirmişdi ki, ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub.

Bu hadisədən dərhal sonra sosial şəbəkə istifadəçiləri birmənalı olaraq bəyan edirdilər ki, tezliklə gölün ərazisi çirklənəcək, çünki “biz istirahət edə bilmirik”.

Təəssüf ki, bu, həqiqətən də belə oldu. Göygölə girişin açılmasından cəmi 2-3 gün ötsə də, artıq suyun üzərində ilk plastik butulkalar, digər zibillər “üzür”.

Bu tendensiya təkcə burada müşahidə olunmur. Nabran, Çənlibel gölü, Gədəbəydə qədim körpü, Laza kəndində şəlalə, Xınalığa gedən yol kənarındakı çaylar və onlarla belə məkanlarda ayaq saxlasanız, insanların təbiətə münasibətinin hər çalarını görə bilərsiniz.

İndi biz nəticə çıxaraq ki, vətəndaşlar nəyə görə milli parklara və qoruqlara buraxılmırlar.