Ali məktəblərə qəbul prosesi başa çatıb. Nəticədə, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Qeyd edək ki, birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə adını qazanıb. Onlardan 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzunlardur.

“Abituriyent” jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı dərc olunacaq. Avqustun 14-dən 19-dək isə internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər.

TQDK rəsmisi bildirib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək. Bununla da, ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq.