Manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və dedi-qodular sadəcə ajiotaj yaratmaq məqsədi daşıyır.

BakuPress.Az xəbər verir ki, bu barədə “Report”a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev son günlər paytaxtdakı valyuta mübadiləsi məntəqələrində müşahidə olunan vəziyyəti şərh edərkən bildirib.

“Əslində, son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur”, – deyə Haqverdiyev qeyd edib.

O, Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb.

“Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir”, – deyə ekspert vurğulayıb və manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib.