İlin əvvəlindən Azərbaycanda benzinin qiyməti artıq ikinci dəfə olaraq qalxmışdır: Aİ-95 (premium) 1litri üçün 1,45 manatdan 1,6 manata (90 sentə), Aİ-98 (Super) isə 1,6 manatdan 1,9 manata (1,10 sentə) qədər bahalaşıb. Socar Petroleumun mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəylinin sözlərinə görə, bahalaşma Azərbaycanın bu benzin markalarını idxal etməsi ilə bağlıdır kio, təchizatçı ölkələrdə bahalaşıb.

Benzin qiymətlərinin nə üçün qalxdığı və bunun Azərbaycan iqtisadiyyatına, inflyasiyaya necə təsir edəcəyi barədə Dalma News Azərbaycan iqtisadçısı Natiq Cəfərli ilə söhbət aparıb.

İlin əvvəlindən benzinin  qiymətləri bir neçə dəfə bahalaşıb. Bu nə ilə bağlıdır? Üstəlik, böyük neft istehsalçısı və ixracatçısı olan bir ölkədə.  

–İlin əvvəlində Aİ-92 markalı dizel yanacağının və benzinin qiyməti artırılıb.  Məlum olduğu kimi, bizdə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir, onlar elan edirdilər ki, neftin qiyməti bahalaşıb, ona görə də onlar da qiymətləri qaldırıblar. Aİ-95 və Aİ-98 markalarına gəlincə isə, bu, bizim dövlət tərəfindən tənzimlənmir və onda elan edilib ki, bazar özü qiymətləri diktə edəcək. Amma bu baş vermədi. Bizdə benzin bazarında bir oyunçu vardır – SOCAR. Yalnız onların ölkəyə 95 və 98 markalı benzin i gətirmək və satmağa müstəsna hüququ vardır. Elə buna görə də bazarda qiymətləri onlar diktə edirlər. Onlar qiymətlərin qalxmasını onunla izah edirlər ki, Rumıniyadan və Rusiyadan bu benzin markalarını idxal edirlər və orada qiymətlər qalxdığına görə bizdə də artır.

Məsələ bundadır ki, Aİ-95 markalı benzinin təxminən 72%-ni biz Rusiyadan gətiririk, lakin orada qiymətlər sentyabrdan düşməyə başlayıb, buna görə də SOCAR-ın izahatı Rusiyada yaranmış həqiqətə uyğun deyil. Son 3 həftə ərzində 95 markalı benzinin qiyməti təxminən yarım rubl azalıb. Bizdə də qiymətlər aşağı düşməli idi. Çünki SOCAR-ın rəqibi yoxdur. Buna görə qiymətlər daha da arta bilər. Əslində, SOCAR bizim bazarda qiymətləri öz istədiyi kimi diktə edə bilər.

 Bir çox ekspertlər hesab edirlər ki, benzinin qiymətinin bahalaşması səbəbindən ərzaq və xidmətlərin qiymətləri də  kəskin surətdə artacaq. Siz bu fikirlə razısınızmı?

—95 və 98 markalı benzinə gəlincə isə, bu, logistika, kənd təsərrüfatı məhsullarının istehsalı ilə heç də bağlı deyil, bu, sadəcə psixoloji effektdir ki, hər şeyin qiyməti qalxa bilər, lakin qida məhsullarının maya dəyərində bu markalar heç bir rol oynamır.

Hər halda, bizdə ərzaq qiymətlərinin artırılmasının spesifik tərəfləri var. Obyektiv olaraq qiymətlər dünya bazarlarında qiymətlərin artması səbəbindən artır, lakin bizdə normal rəqabətin olmaması kimi subyektiv amillər də var. Öz məhsullarını Azərbaycana gətirən böyük holdinqlər bazarda öz qiymətlərini diktə edirlər.

Natiq Cəfərli

Daha bir subyektiv səbəb də var: hökumət ölkə iqtisadiyyatını inkişaf etdirib, necə deyərlər, üzünü ağ etməyə çalışır. İndi vergi strukturları və gömrük «ağ kassa» üzrə işləyir, buna görə qiymətlər artır. Bir tərəfdən, biz hökumətin bu cür arzusunu alqışlamalıyıq, lakin digər tərəfdən, bu proses baş verən zaman, hər halda son məhsulun qiymətlərini artırır. Ona görə də biz vergi qanunvericiliyinə, gömrük qanunvericiliyinə bəzi düzəlişlər qəbul etməli, dərəcələri azaltmalı idik. İndi isə belə çıxır ki, istənilən manat məhsulun son seqmentinə vergi qoyulur. Son nəticədə, iqtisadiyyatın üzünü ağardıb «özünü doğrultması» üçün ödənişi biz, məhsul qiymətlərinin artmasını görən vətəndaşlar ödəyirik.

Hökumət qiymət artımının qarşısını almaq üçün hansısa tədbirlər görürmü? Onları necə qiymətləndirirsiniz?

– Bizdə bazar iqtisadiyyatı rəsmən elan edilib, hərçənd, onu belə adlandırmaq o qədər də düzgün  olmazdı. İnstitusional olaraq biz hələ məhz bazar iqtisadiyyatının öz şərtlərini diktə etdiyi sistemə keçməmişik. Bizdə dövlət Tarif Şurası tərəfindən tənzimlənən sahələrdən başqa, qiymətqoymaya  müdaxilə etmək hüququna malik deyil.

Buna görə qiymətlərin tənzimlənməsinə birbaşa müdaxilə yoxdur, çünki hər hansı bir qiymət tənzimlənməsi defisitə—çatışmazlığa gətirib çıxarır, biz bunu Sovet dövründə görmüşük. Qiymətlər aşağı idi, amma bazarda heç nə yox idi, hər şey «altdan» satılırdı. Qiymətlərin tənzimlənməsi «qara bazara» gətirib çıxara bilər.

Dövlət ağıllı və ədalətli tənzimləyici olmalıdır. Məhz özündə olan alət və vasitələrlə— gömrük rüsumları, vergi qanunvericiliyi, biznesə ayrıla bilən dotasiyalarla  dövlət vəziyyətə təsir edə bilər. Bizdə hökumət bu alətlərdən, yumşaq desək, səriştəsiz istifadə edir. Ona görə qiymətlər sürətlə artır. Lakin əgər iqtisadiyyatın fəlsəfəsi dəyişərsə və inhisarçılığa qarşı,eləcə də biznes mühitinin yaxşılaşdırılması üzrə mübarizə kursu götürülərsə, onda qiymətlər aşağı düşəcək. Bizdə isə 2008-ci ildən rəqabət haqqında qanun qəbul edə bilmirlər…

Аnаr Hüseynov