Karantin COVİD-19-un yayılmasına qarşı sərt mübarizə tədbirləri görmüş ölkələrin milli iqtisadiyyatına külli miqdarda ziyan vurur. Bu siyahıda mayın 4-dən bəri karantin rejiminin yumşaldıldığı Azərbaycan da yer alır, lakin hakimiyyət “ehtiyac yaranarsa” rejimin yenidən sərtləşdiriləcəyini istisna etmir.

Təcridetmə Azərbaycan iqtisadiyyatına necə təsir etdi? Bu iqtisadiyyat nə qədər və nə dərəcədə bərpa olunacaq? Büdcəyə yenidən baxılması nəyə görə lazımdır? Dalma Newsin bu və digər suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov cavablandırmışdır.

Hansı sahələr daha çox zərər çəkəcək?

Bu gün bütün dünya dövlət və hökumətləri öz vətəndaşlarının həyatını və iqtisadiyyatı xilas etmək arasında balansı saxlamağa çalışırlar. Aydındır ki, böyük maliyyə itkilərindən qaçmaq mümkün olmayacaq. Xidmət sahəsi – iaşə, ticarət, malların idxalı, turizm və nəqliyyat sektorları – izolyasiya rejimindən daha çox zərər görən sahələrdir. Təxminən iki aydır ki, bu sahə və istiqamətlər bütün dünyada dondurulmuşdur.

Azərbaycanın spesifika və xüsusiyyəti ondan ibarətdir ki, pandemiya və dünya böhranı ilə yanaşı, iqtisadiyyata həmçinin neft kotirovkalarının sabit mənfi dinamika nümayiş etdirməsi də təzyiqlər göstərir. Hətta OPEK + formatı çərçivəsində hasilatın azalması belə, dünya bazarında qiymətlərin sabitləşməsinə imkan yaratmır.

COVID-19-un yayılması ilə əlaqədar böhran əleyhinə görülən tədbirlər (hökumət tərəfindən biznes və vətəndaşlara dəstək üçün 3,5 milyard manatdan və ya 2 milyard dollardan çox vəsait verilmişdir- müəllif) nəticəsində dövlət büdcəsi ciddi təzyiq altına düşmüşdür.

Manatın devalvasiyası gözlənilirmi?

2020-ci ilin mart ayından etibarən manata ciddi təzyiq müşahidə olunur. Mərkəzi Bank hələlik kursu saxlamağa müvəffəq olsa da, tənzimləyici uzunmüddətli perspektivdə tab gətirməyəcək və manatı buraxmağa məcbur olacaq. Düşünürəm ki, neftin qiyməti indiki diapazonda qalarsa (bunun ehtimalı isə yüksəkdir), milli valyutanın məzənnəsi ilin sonuna doğru ucuzlaşacaq.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, hökumətin iqtisadi bloku adekvat qərarlar qəbul edir və böhranlı halların qarşısının alınması üçün tədbirlər həyata keçirir. Məsələn, işsizlərin müavinətləri müəyyən edilib, büdcə təşkilatlarında işçilərin əməkhaqları saxlanılır, hökumət biznes- kreditlər dotasiya edir, vergi ödəyicilərinə isə 1 yanvar 2021-ci ilədək vergi güzəştləri və tətillər verilmişdir.

Elşаd Мəmmədov

Büdcə xərclərinə yenidən baxılacaq?

Hazırkı böhranın həcmi və miqyası müstəqil Azərbaycanın tarixində misli görünməmiş olduğuna görə, yaxın aylarda milli iqtisadiyyatı ciddi sınaq gözləyir. 2020-ci il üçün hökumət tərəfindən 30 mlrd.manat məbləğində büdcə nəzərdə tutulmuşdur. Lakin dolların hazırkı məzənnəsi və “qara qızıl”ın qiymətləri ilə büdcəni yerinə yetirmək son dərəcə çətin olacaq. Biz görürük ki, həm gəlir, həm də xərc sahəsi üzrə planlaşdırılandan tamamilə fərqli mənzərə müşahidə olunur. Çünki ölkənin əsas maliyyə sənədi tamamilə başqa iqtisadi şəraitdə formalaşmışdı. Buna görə də hesab edirəm ki, dövlət büdcəsinə yenidən baxılması, demək olar ki, qaçılmazdır və yaxın zamanlarda hökumət bunu edəcək.

Qeyd edim ki, xərcləri çox azaltmaq mümkün olmayacaq, çünki bu məqsədəuyğun deyil. Ancaq xərcləri, məsələn, dövlət idarəçiliyi xərclərini azaltmağa ehtiyac var. Çünki indiki şəraitdə əhalinin dəstəklənməsi həmişəkindən daha vacibdir və makroiqtisadi baxımdan buna yol vermək olmaz. Axı, sosial xərclərin azaldılması ödəmə qabiliyyətinin azaldılmasına, yəni iqtisadiyyatın pozulmasına gətirib çıxaracaq.

İqtisadiyyat böhrandan əvvəlki göstəricilərə nə vaxt qayıdacaq?

Hər şey makroiqtisadi idarəetmədən asılı olacaq. Əgər iqtisadi idarəetmə modelini yenidən formalaşdıra bilsək, il ərzində Azərbaycan sabitləşməyə, hətta dayanıqlı inkişafa nail ola bilər. Azərbaycan iqtisadiyyatının ölkənin gəlirlərini və investisiyalarını artırmaq potensialı böyükdür, lakin bunun üçün pul kütləsini adekvat idarə etməyi bacarmaq lazımdır. Hakimiyyətin son hərəkətləri və iqtisadi müşavirələrdə dövlət başçısı səviyyəsində qəbul edilən qərarlar rəhbərliyin bu sahədə anlayış və səriştəyə malik olduğunu göstərir.

Deyilənləri yekunlaşdıraraq əlavə etmək olar ki, bu gün Azərbaycanda iqtisadi fəallığın, ödəmə qabiliyyətinin dəstəklənməsi, əhalinin və biznesin həyat səviyyəsinin qorunması istiqamətində sistemli islahatlar kompleksi həyata keçirilir. Bununla yanaşı, iqtisadi idarəetməni köklü surətdə yenidən formalaşdırmaq lazımdır. Yeri gəlmişkən, bu, təkcə Azərbaycana aid deyildir. Bütün postsovet məkanı milli iqtisadiyyatın inkişafının strateji planlaşdırılma mexanizminə keçməlidir, çünki beynəlxalq mərkəzlər və qurumlar tərəfindən sırınan hazırkı bazar fundamentalizmi özünün tam yararsız olduğunu göstərdi. Odur ki, Qərb bazarları və inkişaf mexanizmlərinə aludəçiliyi davam etdirməyə dəyməz, postsovet məkanı bazarının inkişafı üzərində qərarlaşmaq daha effektiv və səmərəlidir.

İradə İmanova