2020-ci ilin qədəm qoymasına sayılı günlər qalıb. Azərbaycanda bayrama əsaslı şəkildə hazırlaşırlar – dekabrın ortalarından bazarlarda adam əlindən tərpənmək olmur, ehtiyatlı sakinlər Yeni il bazarlığı edirlər. Dalma News Yeni il süfrəsini hansı yeməksiz təsəvvür etməyin qeyri-mümkünlüyünü və Azərbaycanın sıravi sakinlərinin ərzaq məhsullarına hansı məbləği sərf etməyə hazır olmalarını araşdırmışdır.

Dalma Newslə söhbətində Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev bildirdi ki, Azərbaycan əhalisi üçün ən populyar məhsul və yeməkləri özündə birləşdirən baza Yeni il süfrəsinin dəyəri təxminən dörd nəfərdən ibarət orta statistik ailə üçün 200 manat (təxminən 120 dollar) təşkil edəcək. Yeni il menyusunun qiymətləndirilməsi üçün ənənəvi salatlar, ət, tərəvəz, meyvə, çörək-bulka və şirniyyat məmulatları, içkilər, yarmalar (əsasən dolma və plovun hazırlanması üçün düyü), quru meyvələr və s.xərclər nəzərdə tutulmuşdur.

«Ət yerli əhalinin yemək rasionunda ən vacib ünsür və ya inqredientdir. Onsuz, yalnız Yeni il süfrəsini deyil, həm də ümumiyyətlə bütün həftəlik gidanı təsəvvür etmək mümkün deyil. Masanın əsas “bəzəkləri” olan elementar dolma və Azərbaycan plovunun hazırlanması üçün, ətsiz keçinmək mümkün deyil. Noyabr ayında ətin qiymətində bir qədər enmə gözlənilirdi, lakin bu baş vermədi. Əksinə, bəzi bazar və mağazalarda ətin qiymətində artım var. Qeyd edək ki, supermarketlərdə bəzi məhsullar bazarlara nisbətən ucuzdur. Ümumilikdə, dekabr ayında qiymətlərdə ciddi dəyişikliklər müşahidə edilmir, bəzi məhsullar az da olsa ucuzlaşıb. Kərə və günəbaxan yağının, mövsümi meyvələrin, yarmaların, konservləşdirilmiş məhsulların və s. qiyməti təxminən 5% enmişdir. Sevindirici haldır ki, bazarlarda və marketlərdə malların bolluğu və istehlakçıların demək olar ki, öz ciblərinə müvafiq ərzaq seçmək imkanı var», – deyə Nəriman Ağayev bildirib.

Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır (2018-ci ilin yekunlarına görə, respublikada inflyasiya 2,3% təşkil edib.). Lakin Mərkəzi Bank başqa cür hesab edir — inflyasiya 2,8-3% intervalında olacaq. AMB hesab edir ki, cari makroiqtisadi tendensiyalar davam edərsə, 2020-ci ildə inflyasiyanın dinamikasında heç bir ciddi dəyişiklik gözlənilmir.

Sıravi istehlakçıların hesablamalarına görə, bu il ənənəvi yeməklərdən ibarət yeni il menyusuna çəkilən xərclər əvvəlki ildən o qədər də fərqlənməyəcək. Məsələn, Bakı sakini İradə İbrahimova Dalma News ilə söhbətində bildirdi ki, keçən il olduğu kimi, bayram süfrəsi üçün 300-350 manat (təxminən 175-205 dollar) ayrmağı planlaşdırır.

«Övladlarımdan ikisi ayrı-ayrı şəhərlərə gediblər, üçümüz qalmışıq – həyat yoldaşım, kiçik oğlum və mən. Buna baxmayaraq, masanı tamamilə doldurmaq üçün bir neçə yemək və salat hazırlamaq vərdişi heç yana getməmişdir. Axı, çağırılmamış qonaqlar gələ bilərlər, həm də dolu, zəngin masa tam bir bayram əhval-ruhiyyəsi yaradır. Mənim yeni il menyum uzun illərdir ki, dəyişmir: Azərbaycan plovu, üzüm yarpaqları ilə dolma, hind quşu və qoyun ətindən kabab, soyuq qəlyanaltılar və bir neçə növ salat: “Stolıçnıy”, “Mimoza” və Koreyasayağı kök salatı. Adətən, çay süfrəsinə Bakı paxlavası və şəkərbura verirəm. Kurant saatının səsi altında şampan əvəzinə yerli istehsaldan olan şərab açırıq»,- deyə İradə İbrahimova danışır.

«Bayram məhsullarını Yeni ili qarşılamazdan bir həftə və ya 10 gün əvvəl almağa üstünlük verirəm, çünki bayram ərəfəsində qiymətlər kəskin şəkildə qalxırr ,həm də ajiotaj və qarışıqlıq şəraitində bazarlıq və ya alış- veriş eləmək rahat və dinc olmur. Məhsulların əksəriyyətini bazarlarda əldə edirəm, çünki orada çeşid genişdir və bir az münasib alış- verişə imkan var. Yeri gəlmişkən, Yeni ili Azərbaycanda ildə iki dəfə – dekabrın 31 – də və martın 21-də —yaz gecə ilə gündüzün bərabərləşdiyi gündə qarşılayırlar. Novruzun bayram menyusu demək olar ki, dekabrın 31-də olduğu kimidir», — deyə İradə İbrahimova bildirmişdir.

Səbinə Məmmədova — Bərdə rayonundan olan evdar qadın Dalma Newslə söhbətində deyib ki, Azərbaycanın regionlarında yeni il menyusu paytaxt sakinlərindən o qədər də fərqlənmir, lakin xərclər daha azdır.

“Şəhərimizdə ərzaq qiymətləri Bakı bazarları ilə müqayisədə bir qədər ucuzdur. Buna görə də burada yerli istehsal olan ət və quş, tərəvəz və meyvələrin qiyməti bir qədər aşağıdır. Bizim ailə altı nəfərdən ibarətdir, Biz yeni il süfrəsi üçün təxminən 350 manat (təxminən 205 dollar) ayırmağı planlaşdırırıq”, — deyə həmsöhbətimiz bildirir.

«Bu məbləğə bir az quru meyvə, içkilər və şirniyyat, meyvə — banan, mandarin, alma və üzüm, salat üçün inqrediyentlər, 5 kq ət alırıq ki, onlardan 3 kq kabab üçün, qalan 2 kq isə plov üçün istifadə olunur. Bayram günlərində mal ətinin qiyməti 10 manat (təxminən 6 dollar), qoyun əti isə 13 manat (təxminən 7,5 dollar) təşkil edir. Təxminən 30 manat (20 dollara yaxın) uşaqlarımızın Yeni ili onlarsız təsəvvür etmədikləri “хlоpuşka” və “benqal odları” üçün ayırırıq. Əgər güc və həvəs qalırsa, onda əsas menyuya ləvəngi (xırda doğranmış soğan, alça, qoz və şərq ədviyyatlarının qarışığı ilə doldurulmuş balıq və ya quş – müəllif) əlavə edə bilərik”, — deyə Səbinə Məmmədova əlavə etdi.

Bununla yanaşı, dekabrın əvvəlindən Bakıda və Azərbaycanın digər iri şəhərlərində xalq gəzintiləri keçirilir: gecə yarıyadək mahnılar oxuyur, artistlər və yerli sakinlər rəqs edir, uduşlar və karnavallar keçirilir. Bakıda həmçinin bayram yarmarkalarına da start verilib. Şəhərdə yerli sakinlər və paytaxt qonaqlarının suvenirlər, Yeni il hədiyyələri, yolka oyuncaqları, maskarad maskaları əldə edə və ləziz qış yeməklırinə qonaq ola biləcəkləri bayram yarmarkaları üçün 25 çadır düzəldilib istifadəyə verilmişdir. Bayram yarmarkaları yanvarın 7-dək fəaliyyət göstərəcək.

 

Leyla Əlizadə