Tez-tez eşitmək olar ki, Azərbaycanda internet istifadəçiləri qiymətlərin bahalığından şikayətlənirlər.
Onlar bildirir ki, digər qonşu ölkələrdə Azərbaycandan daha ucuz və keyfiyyətli internet almaq olar. Sual yaranır? Ümumiyyətlə, Azərbaycanda internetin qiyməti bahadırmı?
Oxu.Az məsələnin aktuallığını nəzərə alaraq ekspertlərin fikirlərini öyrənib.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hesab edir ki, son bir-iki ildə internetin qiymətlərinin endirilməsi ilə bağlı hansısa addım atılmayıb:
“Düşünürəm ki, Azərbaycanda internetin qiymətlərində son illərə qədər müəyyən endirimlər aparılsa da, amma hazırda qiymət biz hesab edirik ki, yüksəkdir. Ümumiyyətlə, artıq 1-2 ildir ki, belə bir endirim aparılmayıb. Yəni, uzun müddətdir ki, bu cür qiymətlər qalıb”.
Onun sözlərinə görə, dövlət provayderləri qiyməti endirdiyi halda, özəl provayderlərin də qiymət endirminə getməsindən danışmaq olar:
“Bu isə onunla bağlıdır ki, bazarda qiymətləri əsasən dövlət provayderləri müəyyən edir. Yəni, Azərbaycan internet bazarında 3 böyük dövlət provayderi var ki, kommersiya ilə məşğuldur. Onların hamısı da gəlirlə işləyir. Bu dövlət provayderləri də bazarda xüsusi çəkisi böyükdür. Bazara qiyməti də onlar diqtə edir. Onlar tərəfindən son bir iki ilə heç bir endirim aparılmayıb. Ona görə də, biz hesab edirik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət provayderləri ilə müəyyən iş aparılmalıdır.
Düşünürük ki, onlar qiyməti endiriməlidir ki, digər özəl provayderlərdə qiyməti endirə bilsinlər. İndi özəl provayderlər də deyir ki, dövlət provayderi qiyməti aşağı salmır, biz niyə salmalıyıq.
Düşünürəm ki, onlar kifayət qədər haqlıdır. Eyni zamanda, Azərbaycanda fiber-optik inernetin geniş sürətlə inkişaf etməsi üçün Delta Telecom şirkəti tərəfindən internet qiymətlərinin endirilməsinə diqqət yetirilməlidir”-deyə, O. Gündüz qeyd edib.
Bundan başqa, ekspert düşünür ki, geniş zolaqlı internetin qiymətinin düşməsi üçün Delta Telecom tərəfindən provayderlərə satılan internetin qiymətinin endirilməsinə də ehtiyac var.
O. Gündüz qonşu ölkələr ilə müqayisə apararaq bildirib ki,15-20 manata digər ölkələrdən 10 dəfə daha sürətli internet əldə etmək olar:
“Qonşu ölkələrlə müqayisə etdikdə, Azərbaycanda 15-20 manata alınan internetin sürətindən bəlkədə 10 dəfə çox sürəti qonşu ölkələrdən almaq olar”.
Ekspert başqa təkliflə də çıxış edib. Belə ki, O. Gündüz hesab edir ki, qiyməti sabit saxlayıb, sürəti artırmaq olar:
“Düşünürük ki, indiki qiymətlərdə bəlkədə qiyməti saxlamaqla, sürəti artırmaq olar. Biz demirik ki, qiymət ensin. Amma indi 15 manat verilirsə, bunun sürəti artırıla bilər.
Düşünürəm ki, qiymətlərin endiirlməsinə indiki zamanda ciddi ehtiyac var”.
Öz növbəsində, İKT üzrə ekspert Cahid İsmayıloğlu isə düşünür ki, Azərbaycanda internetin qiyməti MDB ölkələri ilə müqayisədə ucuzdur:
“İnternetin qiymətləri ilə əlaqədar monitorinqlər aparıb araşdırmaq lazımdır. Amma belə bir məsələ də var ki, Azərbaycanda internetin qiyməti günü-gündən ucuzlaşır. Belə ki, abonentlərin sayı artdıqca internetin qiyməti aşağı düşür. Hətta deyərdim, Azərbaycanda internetin qiyməti MDB ölkələri ilə müqayisədə kifayət qədər ucuzdur”.