Ölkədə məişət tullantılarının ilk sanitar poliqonunun inşası uğurla davam etdirilir.

“Təmiz Şəhər” ASC-dən Oxu.Az-a verilən məlumata görə ,qurum tullantıların düzgün yerləşdirilməsi, poliqonun torpaqlama, hamarlama işlərini həyata keçirib və ətraf ərazilərdə yaşıllıqlar salaraq poliqonun görünüşünü tamamilə dəyişib.

Artıq torpaqdan, sudan və havadan götürülən nümunələrin rüblük laboratoriya nəticələri üzrə müsbət dinamika müşahidə olunur.

Həmçinin, Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə poliqonda bir çox tədqiqat işləri aparılıb və layihə sənədləri hazırlanıb.

Artıq tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Buradakı tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilir. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.

Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Qeyd edək ki, Balaxanı poliqonunun yenidən qurulmasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti nəticəsində əmələ gələn dib külü də inşaat materialı kimi geniş istifadə olunur. Ümumilikdə, sanitar poliqonda inşaat işləri 2016-cı ildə tamamilə yekunlaşacaq və müasir infrastruktura malik olacaq.