Bir zamanlar orta məktəbdə astronomiya fənni ayrıca dərs kimi tədris olunsa da, vəziyyət indi fərqlidir. Gənclərin çoxu astronomiya haqqında elə də dərin məlumata malik deyillər.

Fizik Bəhram Basqallının sözlərinə görə, “insanlarımızın çoxu 9 planetin adını ardıcıl olaraq çəkə bilməz. Hesab edirəm ki, astronomiya elmi dünya sivilizasiyasının incilərindən biridir. İndi də astronomiyanın tədrisinə xüsusi fikir verilməlidir”. Bu barədə Oxu.Az ANS TV-yə istinadən xəbər verir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə cavabında qeyd edib ki, bu fənn “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan Astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır.

Cəsarət Valehov onu da bildirib ki, indi internet vasitəsilə bütün bilgiləri əldə etmək mümkündür. Astronomiyaya daha çox maraq göstərənlər onlayn şəkildə də maariflənə bilərlər.