Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalında yer alacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya məlumat veriblər.

“Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə” devizi ilə keçiriləcək festival sentyabrın 5-dən 11-dək baş tutacaq.

Qeyd edək ki, festival proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, animasiya filmləri olmaqla ümumilikdə 50 film daxil edilib.

Azərbaycan istehsalı olan “Bakı sübhdən günbatanadək” filmi festivalın “Tammetrajlı sənədli filmlər” kateqoriyasında, “Köhnə saat” cizgi filmi isə “Animasiya filmləri” kateqoriyasında təqdim ediləcək.

“Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə “Dünya sübhdən günbatanadək” beynəlxalq layihəsi çərçivəsində hazırlanıb.

Festivalda nümayiş olunacaq ikinci film isə “Azanfilm”in “Birlik” yaradıcılıq studiyası ilə birgə istehsalıdır. “Köhnə saat” cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.