Hazırda Azərbaycanda arıçılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır. Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abdullayev “Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu standartların tətbiqi alıcının məhsulun keyfiyyəti barədə daha ətraflı məlumat almasına imkan verəcək.

Q.Abdullayev gələn il Azərbaycanda arıların genefondunun yaradılacağını da söyləyib.

O qeyd edib ki, Azərbaycanda arıların sayının və arıçılıq məhsullarının həcminin artırılması nəzərdə tutulur.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, Azərbaycan balı hazırda Avropaya yalnız müxtəlif sərgilər çərçivəsində aparılır: “Arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təmin etmək üçün ilk növbədə müəyyən standartlar hazırlamaq, xüsusilə məhsulların qablaşdırılmasını standartlaşdırmaq lazımdır”.

S.Məmmədov turistlər arasında balın məşhurlaşmasında turizm obyektlərinin rolunu qeyd edib: “Bu baxımdan Azərbaycanın bölgələrindəki otellər və mehmanxanalar vacib rol oynayır”.

O əlavə edib ki, Azərbaycanda arıçılığın inkişafı üçün bütün zəruri şərait var: “İlk növbədə təbii şərait var. Bundan başqa, arıçılar 2019-cu ilədək torpaq vergisindən başqa, bütün vergiləri ödəməkdən azad ediliblər. Onlara müxtəlif subsidiyalar, güzəştli kreditlər, güzəştli lizinq əsasında texnika verilir”.

Qeyd edək ki, hazırda Azərbaycanda bala qarşı olan tələbat ildə 4500 tondur. İstehsal olunan balın miqdarı isə 2500 ton, bəzi illərdə min tondan belə azdır.

Arıçılıq İttifaqının sədri Şamil Quliyev bildirib ki, azərbaycanda arıçılıq üçün hər cür şərait var. Əsas problem məhsulun qablaşdırmasıyla bağlıdır. İdxal nöqteyi-nəzərindən, həm də ərzaq təhlükəsizliyinə görə bu çox önəmlidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here