Illustration: Region Plus

«Xalq mahnısına toxunanda sanki əlimdə qiymətli bir zinət daşı, ağzınacan nadir şərabla dolu bir buynuzu saxlayıram. Şərqidən sızan xoşbəxtlik və qüvvədən sanki ruha gəlib coşur və bu ruh yüksəkliyi, bu zövq hardasa narahatlıq və qorxu ilə əvəzlənir: qırmamaq, ətrafa töküb dağıtmamaq, onu son damlasınadək insanlara çatdırmaq, elə çevirmək ki, günəş onun hər guşə və zərrəsində öz əksini tapmış olsun».

Rəşid Behbudov

Rəşid Behbudov. Illustration: Official Facebook Page Anna German

Yəqin ki, dahi Rəşid Behbudovu tanımayan bircə azərbaycanlı belə tapılmaz. Bəs onun adını daşıyan reqallar!!! O, sadəcə olaraq, yalnız estrada, opera müğənnisi və aktyor deyil, həmçinin Gürcüstan SSR-nin Əməkdar incəsənət xadimi, Dağıstan MSSR-in Xalq artisti, Azərbaycan SSR və SSRİ-nin Xalq artistidir.

Azərbaycanda Rəşid Behbudovu çox yşksək qiymətləndirirlər. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır. Yeri gəlmişkən, elə həmin küçədə Rəşid Behbudov adına 2 №-saylı musiqi məktəbi və Dövlət mahnı teatrı fəaliyyət göstərir.

1996-cı və 2015-ci illərdə Azərbaycanda Behbudovun şərəfinə poçt markaları buraxılmışdı. İki il əvvəl isə Rəşid Behbudov adına Dövlət mahnı teatrının binası qarşısında onun abidəsi qoyulmuşdur.

Hər şey nədən başlamışdı…

Azərbaycan xalqının musiqi möcüzə və əfsanəsi Rəşid Behbudov 14 dekabr 1915-ci ildə Tiflisdə (indiki Tbilisidə) yaradıcı bir ailədə anadan olmuşdur. Rəşidin atası Məcid Behbudov Şuşadan olan məşhur xalq müğənni-xanəndəsi, anası Firuzə Vəkilova isə Tiflis klubunda dram dərnəyinin rəhbəri, eyni zamanda rus dili müəllimi olmuşdur.

Musiqiyə sevgi Rəşid Behbudovda uşaqlıqdan olmuşdur. Həyatsevər uşaq demək olar ki, hər addımda oxuyurdu. Belə ki, 1933-cü ildə Behbudov dəmir yolu texnikumunda tələbə özfəaliyyət orkestrinin təşkilatçısı olur.O,hətta hərbi xidmət zamanı ordu ansamblının solisti olmuşdur. Tbilisi estrada kollektivi sıralarında bir qədər işləyəndən sonra isə o, Yerevan filarmoniyasına daxil olur və eyni zamanda, Erməni opera və balet teatrında çalışır.

«Аrşın Маl-Аlаn»kinofilmindən kadr

Bakıda zabitlər evindəki konsertdən sonra, sırf təsadüf nəticəsində onu «Arşın Mal-Alan» filmində baş rola dəvət etdilər. Şübhəsiz, özünü kinoda sınamaq marağı böyük idi və Rəşid Behbudov razılaşdı. Tarix göstərdi ki, bu sınaq əbəs deyildi, axı 1945-ci ildə işıq üzü görən film həm SSRİ, həm də bir çox digər xarici ölkələrdə geniş şöhrət qazandı.

Qeyd edək ki, məşhur «Arşın Mal-Alan» dan əlavə, o həmçinin, «Xəzər neftçiləri haqqında dastan», «Sevimli mahnı», «Qoca Aşirin hiyləgərliyi», «Mən bir qıza rast gəldim», «Romeo mənim qonşumdur»«Аbsurdistan» kimi filmlərdə də çəkilmişdir.

«Arşın Mal-Alan» filmindən sonra Rəşid Behbudovun populyarlüğı daha da genişlənməyə başlayır. 1956-cı ilədək o, Azərbaycan filarmoniyasının solisti olmaqla yanaşı, demək olar ki, eyni zamanda, M. F. Axundov adına Azərbaycan opera və balet teatrında da çıxış edir. O, Fikrət Əmirovun «Sevil» operasında, və Üzeyir Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasında əsas partiyaları ifa edir.

Şübhəsiz, Rəşid Behbudov üçün yalnız çıxışlar az idi, o təkcə oxumaq deyil, həm də təcrübəsilə bölüşmək, başqalarını öyrətmək istəyirdi. Belə ki, onun rəhbərliyi altında Azərbaycan filarmoniyası nəzdındə özündə caz və Azərbaycan xalq çalğı alətlərini birləşdirən konsert ansamblı yarandı. Bunlar isə musiqidə bir növ yeni bir istiqamət idi. Behbudov bununla kifayətlənmədi və bir qədər sonra Azərbaycan mahnı teatrı yaratdı ki, bu gün teatr onun adını daşıyır. Behbudov özünü tamamilə elə məhz ona həsr etmişdi.

O, həmçinin ölkənin siyasi həyatı ilə fəal maraqlanır, odur ki, 1966 -1989-cu illər arasında Naxçıvan MSSR -dən SSRİ Ali Soveti Millətlər Şurasının deputatı idi. Rəşid Behbudov bir çox adlara və mükafatlara layiq görülmüşdü ki, onların arasında: Sosialist Əməyi qəhrəmanı, «Arşın mal alan» filmində Əsgər rolunun ifası üçün ikinci dərəcəli Stalin mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, iki Lenin ordeni, Qırmızı Əmək Bayrağı və Xalqlar dostluğu ordenləru var idi.

Onun sevimli Ceyranı

Keçən il Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım Behbudova vəfat etdi. «Gəldi, gördü, qalib gəldi» deyimini Məhz Rəşid haqqında söyləmək olar,belə ki, Ceyran xanım tibb institutunun tələbəsi idi, Rəşid onu görən kimi başa düşdü ki, öz həyat yoldaşı məhz o olacaq. Belə də oldu.

Rəşid Behbudov həyat yoldaşı və qızı ilə

1965-ci ildə ailədə qız övladı— Rəşidə Behbudova dünyaya gəlmiş, o, atasının işini davam etdirmiş və Azərbaycanın əməkdar artistidir. Yeri gəlmişkən, müğənninin repertuarında xanımına həsr olunmuş «Ceyran» mahnısı var ki, orda ömür-gün yoldaşına öz sevgisi etiraf olunur: «Gözəlliyini mədh edirəm, Ceyran! Həyatımı sənə qurban edirəm, Ceyran!».

Vurulmamağın qeyri-mümkün olduğu səs

Rəşid Behbudovun yumşaq, eyni zamanda, uca səsi təkcə Azərbaycanı deyil, həm də bir çox ölkələri fəth və valeh edirdi. O, qastrol səfərlərində nəinki təkcə müxtəlif SSRİ respublikalarında, həm də Türkiyə, Bolqarıstan, Macarıstan, İtaliya, Hindistan, Çin, Suriya, Misir, İordaniya, İraq, İran, Finlandiya, Polşa və hətta Latın Amerikası ölkələrində belə çıxış etmişdir. O, İndira Qandi, Mao Tzedun və İran şahı Мəhəmməd Rza Pəhləvi qarşısında konsert vermişdir. Behbudov ən yaxşı hind «Bollivudu» ulduzu Rac Kapurun ən yaxşı dastu idi.

Rac Kapur, Nərgiz, Rəşid Behbudov.

Вu və ya digər ölkədə çıxış edərkən Behbudov kompozisiyasını onların milli dilində ifa etməyə çalışmışdır. Bunu bilən hind kəndlərindən birinin sakinləri Rəşid Behbudov onların qarşısında çıxış etməyənədək yolu kəsib hərəkəti dayandırmışlar.

Məhz onun yumşaq xarakter və həssaslığına görə, xalq sadəcə olaraq ona pərəstiş edirdi. Repertuarının çox rəngarəng olmasına baxmayaraq, o, əsasən Azərbaycan bəstəkarlarının əsərlərinə üstünlük verirdi. Onun ifasında həmçinin, rus xalq mahnıları və klassik romanslar da eşitmək mümkün idi. Rəşid Behbudov demək olar ki, bütün həyatını musiqiyə həsr etmişdi. Onun vokal repertuarında «Doğma xalqıma», «Bu bayram axşamı», «Azərbaycan mədəniyyətinin baharı», «Abşeron ritmləri», «Toyda görüş», «Nəğməkar torpaq» və bir çox başqaları kimi əsərlər vardır.

Həyatı sanki səhnə kimi tətk etdi

Novruz bayramına həsr olunmuş yeni musiqili tamaşanın premyerası ərəfəsində Rəşid Behbudovun halı pisləşdi. Onu Moskvada Кreml xəstəxanasına yerləşdirdilər, lakin böyrəklərindəki ciddi probləmlər üzündən böyük sənətkarı xilas etmək mümkün olmadı. Rəşid Behbudov 9 iyun 1989-cu ildə dünyasını dəyişdi, o, Bakıda Fəxri Xiyabanda dəfn edildi. 1997-ci ildən müğənninin ölüm günü Azərbaycanda Rəşid Behbudovun anım günü kimi qeyd olunur.

 

Hazırlayanı Таtyana Ələkbərova