Sentyabrın sonunda Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Avropanın “The Voice of Germany” (“Almaniyanın Səsi”) adlı ən reytinqli şoularından birində çıxış edib. Onun səsi iştirak edənlərin hamısını heyran etmişdi. O, bu şouda yeganə müğənni idi ki, münsiflər heyətinin bütün dörd üzvü ona tərəf çevrilmişdi.
Seyran İsmayılxanov Dalma Newsə müsahibəsində layihədə iştirakının ona nə üçün lazım olduğunu, niyə çoxları üçün gözlənilmədən müəllim və mürəbbi kimi reper seçdiyi və avropalı dinləyicilərin Azərbaycan musiqisinə necə reaksiya göstərdiklərindən söz açmışdır.
— Yaradıcılıq yolunuz barədə danışın.
— Musiqi ilə kifayət qədər tez maraqlanmağa başlamışam. Beş yaşından anamın rəhbərliyi altında fortepiano ilə məşğul olmuşam. Bir qədər sonra anam bacarığımı görəndə məni musiqi məktəbinin skripka sinfinə apardı, evdə isə fortepiano çalmağı öyrənməkdə davam etdim. Ümumiyyətlə, mən musiqi ailəsindənəm. Anam fortepiano müəllimidir, dayım isə Azərbaycanda tanınmış musiqiçi Elxan Şıxəliyevdir. O, “Aşıqlar” qrupuna rəhbərlik edir. Mən demək olar ki, onun konsertlərində böyümüşəm.
Tale elə gətirdi ki, 2000-ci illərin əvvəllərində biz yaşayış ölkəsini dəyişməli olduq. Ana və qardaşım Almaniyada yaşamağa köçdülər, mən isə gücümü Moskvada sınamaq qərarına gəldim. Ancaq Rusiya paytaxtında həyatımın beşinci ilində bir dönüş nöqtəsi başladı və məndə qəti olaraq ailəmlə yenidən birləşmək istəyi yarandı. Beləliklə, 2005- ci ildə hər şeyi atıb, Almaniyaya anamın və qardaşımın yanına getdim. Orada hər şeyi sıfırdan başladım: alman dilini öyrənməyə, əlaqələr qurmağa , musiqi sahəsində imkanlar axtarmağa başladım. Amma beş ildən sonra gözlənilmədən mənə Türkiyədə müqavilə təklif etdilər və mən onu imzaladım. Üç il yaşadığım İstanbulda bir neçə konsert verdim və “Kanatsiz melekler” (“Qanadları olmayan mələklər”) albomunu buraxdım. Hər şey öz qaydasında idi, amma 2013-cü ildə anam möhkəm xəstələndi və mən hər şeyi atıb Almaniyaya getməli oldum.
— Heyfslənirsiz?
— Heç də yox. Karyera gözəldir, amma anadan vacib heç nə ola bilməz. O, təkbaşına qardaşımla məni ayağa qaldırdı, odur ki, bu çətin dövrdə onun yanında olmaq və onu dəstəkləməyə borclu idim. Bir də ki, vaxt keçdikcə Almaniyada mənim işlərim yoluna düşməyə başladı, mən konsertlər verməyə başladım, məni müxtəlif mədəni tədbirlərə dəvət etməyə başladılar…
— Və hətta alman dilində albom da buraxdınız…
— Bəli, amma açıq danışsaq, bu, dinləyiciləri o qədər də sevindirmədi. Mən alman ictimaiyyəti qarşısında yaradıcı bir şəkildə, onlar üçün anlaşılan bir dildə açılmaq istədim, amma onlar bu addımı qiymətləndirmədilər. Məlum olduğu kimi, onlar mənim mahnılarımı Azərbaycan dilində dinləməyi daha çox xoşlayırmışlar. Çıxışlardan sonra dinləyicilər çox tez-tez mənə yaxınlaşır və deyirdilər ki, mən öz ana dilimdə oxuyanda başqa cür açılıram. Özü də nəinki təkcə musiqi daha maraqlı səslənir, hətta başqa cür nəfəs alıram. Bir tərəfdən, mahnıların avropalılara mənim doğma dilimdə xoş gəlməsi, digər tərəfdən isə həddindən artıq çox vaxt sərf edərək, yanlış yolla getməyim məndə dərin təəssüf hissi doğururdu. Axı mən də bir çox digər musiqiçilər kimi əmin idim ki, Almaniyada yalnız alman dilində mahnılar ifa etsək, uğur qazanmaq olar. Məlum oldu ki, yerli melomanlar, necə deyərlər, onları yamsılamağı sevmirlər, onlar səmimiyyət və həssaslığa ehtiyac duyurlar, musiqinin hansı formada təqdim olunması isə ikinci dərəcəli əhəmiyyətə malikdir. Bunu dərk edərək yeni yaradıcılıq yoluna keçdim və “Spirit Caucasus” (“Qafqazın ruhu”) qrupunu yaratdım.
— Bu layihə haqqında daha ətraflı danışa bilərsinizmi?
— Musiqiçilər, rəqqaslar, və akrobatlardan ibarət kiçik bir qrupumuz var. Biz müasir aranjimanlarda həm köhnə Azərbaycan mahnılarını, həm də öz bəstələdiyimiz mahnıları ifa edirik. Yerli sakinlər yaradıcılığımızı çox sevirlər. Qarşıda bizim böyük solo konsertlərimiz var ki, indi böyük səy və diqqətlə hazırlaşırıq. Amma məqsədim “Spirit Caucasus” çərçivəsində Almaniya çərçivəsindən kənara çıxmaq, Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ etməkdir.
— Bəs nə üçün “The Voice of Germany”( “Almaniyanın səsi” ) şousunda iştirak etməyə qərar verdiniz?
— Mənim üçün bu, bir növ Avropa şou-biznesində tramplin, özünü tanıtmaq və öz dinləyicilərimin auditoriyasını genişləndirmək imkanıdır.
— Alman şou-biznesinə düşmək nə qədər çətindir?
— Şou-biznes hər yerdə eynidir.Sözün Rus, Alman və ya Azərbaycan musiqi sənayesi haqqında getməsi heç bir əhəmiyyət kəsb etmir. Yaxşı əlaqələr olmadan uğur qazanmaq çətindir. Ancaq MDB ölkələrinin Almaniyadakı şou-biznesindən fərqli olaraq, istedad olmadan çox irəli getmək mümkün deyil. Vokal göstəriciləri yoxdursa, hansı əlaqələrə və nə qədər böyük maliyyə imkanlarına sahib olmağından asılı olmayaraq, heç bir şey alınmayacaq. Çünki burada bütün sənətçilər canlı ifa edir, hətta adi televiziya proqramlarında belə, kontrplak (fanera) xoş qarşılanmır.
— Qayıdaq “The Voice of Germany”ya… kor-koranə dinləmə zamanı məşhur türk ifaçısı Mustafa Sandalın “Aya benzer” mahnısını ifa etdiniz. Seçim niyə məhz bu mahnıya düşdü?
— Əslində seçmə kastinqində “Sarı gəlin” xalq mahnısını ifa etdim. Layihənin təşkilatçıları çox sevindilər, amma şounun özündə Almaniyada daha məşhur olan mahnıya kaver ifa etməyi xahiş etdilər. Redaksiya Tarkan və Mustafa Sandal arasında seçim etdi və nəticədə sonuncunun üzərində dayandı.
90-cı illərdə “Aya benzer” mahnısı çox uzun müddət Almaniyada bir çox musiqi çartlarına başçılıq edirdi, odur ki, məndən onu oxumağı xahiş etdilər. Lakin, bildiyiniz kimi, çıxışdan sonra layihə rəhbərlərindən biri Raymon Qarvi məndən anamın müşayiəti ilə daha bir kompozisiya ifa etməyi xahiş etdi və mən Rəşid Behbudovun “Sene de qalmaz” mahnısını oxudum. Təəssüf ki, efir vaxtı məhdud olduğundan televiziyada mənim performansımın bir hissəsini göstərdilər. Bununla belə, doğma dilimizdə oxumaq imkanı verdiklərinə görə münsiflər heyətinə minnətdaram, çünki iştirakçıların qalan hissəsinə belə bir şans qismət olmayıb.
— Ümumiyyətlə, çıxışınızdan razısınızmı?
— Bəli. Bundan başqa, mən özümlə fəxr edirəm. Məsələ bundadır ki, seçmə kastinqdə 6 mindən çox musiqiçi iştirak edirdi. Bir anlığa hər şeyi atmaq və evə getmək istədim. İnanmırdım ki, bu qədər çox adam arasında məni görəcəklər, özü də mən alman deyiləm, mahnı da Azərbaycan dilində hazırlanmışdı. Amma mən yanılırdım.6 min ifaçıdan 154 iştirakçı seçildi, bunların arasında mən də var idim. Məlum oldu ki, mən mahnını türk və Azərbaycan dillərində ifa edən yeganə insan idim, qalan iştirakçılar mahnıları ingilis və ya alman dillərində səsləndirdilər.
— Sizin fikrinizcə, azərbaycanlı dinləyicilərlə alman auditoriyası arasında fərq varmı?
— Əlbəttə, var. Bizim xalqımız daha açıq və emosional xalqdır, qəlbində olan həm də göz qabağındadır. Almanlar isə daha təmkinli və sakitdirlər, arada məsafə saxlamağa üstünlük verirlər. Ancaq onlar sevirlərsə, bu, əbədidir.
— Sizin səsiniz münsiflər heyətinin bütün üzvlərini fəth edə bildi. Bir mentor seçmək vaxtı gəldikdə, reper Sido komandasına düşmək istədiniz. Niyə məhz o?
— Bu şoudur və mənə birini seçmək vacib idi. Deyə bilmərəm ki, mən onun yaradıcılığının böyük pərəstişkarıyam, amma o, bir insan və artist kimi mənim xoşuma gəlir. Həmin an mənə elə gəldi ki, o, ən səmimi və vicdanlıdır. Çünki mənim nə qədər rahat işləyəcəyim bundan asılıdır. Mənə elə gəlir ki, Sido bütün münsiflər heyətində ruhən mənə ən yaxın olan insandır. O da mənim kimi natamam ailədə böyümüşdür, anam da əllərində iki uşaqla həyatın çətinliklərini dəf edirdi. Həm də onun şərq kökləri var – onda İran qanı axır, əsas auditoriyası isə türkdilli dinləyicilərdir. Yəni, bizim onunla təmas nöqtələrimiz var.
— Bu layihədən nə gözləyirsiniz?
— Sözün düzü, mən bu layihəyə böyük ümidlər bəsləmirəm. Yuxarıda dediyim kimi, mənim üçün bu, Alman şou-biznesində bir tramplindir. Müxtəlif ölkələrin televiziya layihələrində böyük təcrübəm var, onların bir çoxunda mən qələbə qazanmışam, buna görə də nə The Voice of Germanydan (Almaniya səsindən), nə də hətta həyatdan heç bir şey gözləmirəm. Əlbəttə, arzu və xəyallarım var, amma planlar qurmuram, ümid və gözləntilərlə yaşayıram. Mən sadəcə hər andan zövq alıram. Mən çoxdan uzaqgörən planlar qurmağı dayandırmışam, axı çox gözləyəndə enerji bloklanıb tükənir. Görək, tale məni hara aparıb çıxaracaq.
Leyla Əlizadə