İran və Azərbaycan arasında münasibətlərin “istiləşməsi” dövrü davam edir. Sülh naminə nüvə enerjisindən istifadə ilə bağlı danışıqlardan sonra əməkdaşlıq “peyk səviyyəsinə” qalxdı. Belə ki, İran Azərbaycan peyklərindən istifadə etmək niyyətindədir.
Azərbaycan nümayəndə heyətinin avqustun 3-4-də İrana səfəri zamanı İran Teleradio Yayım Təşkilatının nümayəndələri ilə də görüşlər keçirilib.
Bu barədə Ölkə.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Nazirlik deyib ki, İran Teleradio Yayım Təşkilatında keçirilmiş görüş zamanı yayım, tezliklərin tənzimlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, endirimli şərtlərlə avadanlıqların alınması və istismarı kimi məsələlər müzakirə olunub, təşkilatın ərazisində fəaliyyət göstərən peyk idarəetmə mərkəzinə baxış keçirilib.
“İran tərəfi Azərbaycanın müvafiq qurumu tərəfindən istismar olunan peyklərin xidmətlərindən istifadə etmək niyyətində olduğunu bildirib, məsələ ilə əlaqədar qarşı tərəfə -“Azərkosmos” ASC-yə müraciət olunması tövsiyə edilib”, – Nazirlik bildirib.
Bundan əlavə, İran öz poçt daşımalarını Azərbaycan vasitəsilə göndərməyə və almağa hazırdır. Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı hər iki ölkənin poçt sahəsində əməkdaşlıq etməsinə dair sənəd imzalamışdı.