Yayın istisində havasızlıqdan boğulan, qışın şaxtasında isə soyuqdan donan sərnişinlərə müjdəli xəbər! Artıq Bakıda avtobuslarda kondisionerlər quraşdırılacaq. Yelpiklə, dəftərlə sərinləmə, avtobus hərəkətdə ola-ola havalansın deyə, qapıların açıq qalması isə tarixə qarışacaq.

Bakı Sərnişin Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli: “Bakıda sərnişindaşımada istifadə olunan avtobusların hamısı kondisioner sistemi ilə təhciz olunmuş yeni avtobuslar olacaq. Nəzərdə tutulub ki, bir il ərzində bu proses başa çatsın”.

V. İbrahimli Movqe.az-a açıqlamasında bildirib ki, artıq şəhərdaxili sərnişindaşımada istifadə olunan avtobusların çoxunda – 88, 65, 61, 116 saylı xətlərdə müasir, kondisioner sistemli avtobuslar fəaliyyət göstərir. İlin sonunadək proses yekunlaşdırılacaq.