Avqustun 25-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Oskarı” adlı qısametrajlı film festivalı keçiriləcək.
Layihənin rəhbəri Bəylər Ağayev «AZƏRTAC»a bildirib ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.
3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini və siyasi mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır.
Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq.
Mükafatlandırma mərasimi avqustun sonunda reallaşacaq.