Azərbaycanda problemli kreditlər ən aktual məsələlərdən biri olaraq qalır. Bunun parlaq sübutu odur ki, məhkəmə işlərinin yarıdan çoxu məhz bu mövzu ilə bağlıdır. Bundan başqa, son zamanlar banklar problemli kreditlər məsələsi ilə əlaqədar tez-tez hüquq-mühafizə orqanlarına da müraciət edirlər.

Azərbaycanın aparıcı bank ekspert və hüquqşünası Əkrəm Həsənov xüsusi olaraq Dalma News üçün material hazırlaymışdır ki, orada nə baş verməsi barədə söz açmışdır.

Mən ondan başlayım ki, hətta Konstitusiya məhkəməsi baxılan işlərin düz yarısını bank münasibətlərinə həsr edir. Belə ki, Konstitusiya məhkəməsi özünün son qərarı ilə dollar kreditləri məsələsinə nöqtə qoymuşdur: borc alanlar onları cari məzənnə üzrə qaytarmalıdırlar, güzəşt olmayacaq.

Lakin bu, əlbəttə, o demək deyil ki, məhkəmə proseslərini udan banklar öz pullarını dərhal, ümumiyyətlə tam surətdə və ya heç olmasa qismən qaytara biləcəklər. Hər şeydən əvvəl ona görə ki, ola bilər borcalan müflis olmuş, yəni onun öz borclarının tamamilə və ya qismən ödənilməsi üçün vəsaiti olmaya bilər.

Əgər kredit üzrə heç bir zamin və ya girov yoxdursa, bu xüsusilə problemlidir. Ancaq hətta zamin və girovun mövcudluğu kreditin geri qaytarılacağına zəmanət deyil. Zamin eynilə borcalanın özü kimi müflis ola, öz növbəsində elə girovla da müxtəlif problemlər ortaya çıxa bilər. Əvvəla, girov müqaviləsi düzgün tərtib olunmaya bilər (bəli-bəli! Hətta belə sadə məsələlər üzrə bizim bankların hüquqşünaslarının peşəkarlığı heç də həmişə yüksək səviyyədə deyil).

İkincisi, girov predmetinin dəyəri borcun qalığından aşağı ola bilər və bu o deməkdir ki, kredit yalnız qismən qaytarılacaq. Bundan başqa, məhkəmə prosesi dövründə girovun dəyəri azala bilər. Borcalanlar çox vaxt girov predmetinin dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaq üçün prosesləri qəsdən uzadırlar ki, (yaxşı ki, prosessual tövsiyələr həmişə tapılır) bu da borc alana və ya girov qoyana onu gizli olaraq geri almaq imkanı verir .

Yeri gəlmişkən, məhkəmə proseslərinin uzunmüddətliliyi bankların əsas baş ağrısıdır. Artıq qeyd etdiyim kimi, elə olur ki, borcalanlar və ya girovverənlər/ zaminlər məhkəmə proseslərini qəsdən uzadırlar. Ancaq əlbəttə, bu həmişə belə deyil. Əksər hallarda onlar həqiqətən də öz hüquqlarını qorumağa nail olurlar: kredit qalığının məbləğinə, hesablanmış faizlər, cərimə sanksiyaları, girov və ya zaminliyin rəsmiləşdirilməsinin düzgünlüyünə və s. etiraz edirlər.

Odur ki, bankların kredit mübahisələrinə baxılma prosedurunu asanlaşdırma arzusu tənqidə davam gətirmir. Çünki bu halda borcalanların, zaminlərin –tövsiyyə edənlərin və girov verənlərin hüquqları nəzərəçarpan dərəcədə pozulmuş olacaq: onlar öz hüquqlarını müdafiə etmək imkanından məhrum olacaqlar. Bu o demək deyil ki, mövcud qanunvericiliyin təkmilləşdirilməyə ehtiyacı yoxdur. Amma dəyişikliklər kreditorlar və borcluların maraqları arasında balansa riayət etməlidir.

Burası da var ki, banklar bəzən kreditləri mülki deyil, cinayət (inzibati) məhkəmə icraatı çərçivəsində qaytarmağa çalışır. Təcrübədə bu, iki yolla baş verir.

Əkrəm Həsənov

Birinci yol ondan ibarətdir ki, borcalanı inzibati (İnzibati qanun xətalar məcəlləsinin 528-ci maddəsinə əsasən, maksimum həbs müddəti – bir ay) və ya cinayət məsuliyyətinə (Cinayət məcəlləsinin 306-cı maddəsinə əsasən azadlıqdan məhrum etmənin maksimal müddəti 3 il, Cinayət məcəlləsinin 196-cı maddəsinə əsasən isə, azadlıqdan məhrum etmə müddəti – 5 il) və ya borcun qaytarılmasına dair məhkəmə qərarının qəsdən (bilərəkdən) icra edilməməsi üçün cinayət məsuliyyətinə cəlb olunur .

Yəni, bank əvvəlcə mülki məhkəmə prosesini udur ki, bunun nəticəsində onun borcun qaytarılması barədə məhkəmə qərarı qüvvəyə minir, lakin borclu onu bilərəkdən icra etmir. Başqa sözlə, borcalan imkanı olduğu halda borcu ödəmir.

Doğrudur, praktikada borcalanları məsuliyyətə onların borcu ödəmək imkanlarına sübut olmadan (hərçənd, ədalət naminə desək, bəzən həqiqətən də borcalanların belə imkanı olur, amma bunu sübut etmək çox çətindir) cəlb edirlər.Ona görə də, əslində, belə çıxır ki, borclunu öz borcunu ödəmək imkanı olmadığına görə həbs edirlər. Nəsə orta əsrsayağı borc quyusu… Əlbəttə, bu, həm daxili qanunvericilikdə, həm də Azərbaycanın beynəlxalq müqavilələrilə qadağan olunmuşdur. Odur ki, praktikada belə təcrübəyə tez-tez müraciət etmirlər (borclunu qorxu altında qohumlarından pul tapmaq və ya qanuna görə onun əlindən almağa icazə olmayan yeganə evini satmağa məcbur etmək). Üstəlik, hal-hazırda Avropa insan hüquqları məhkəməsi mənim şikayətim üzrə üç bu cür həbs işini nəzərdən keçirir və yəqin ki, tezliklə onların qeyri-qanuni olduğunu bildirəcək.

İkinci yol borcalanın – fərdi sahibkarın və ya hüquqi şəxsin rəhbərinin qanunsuz kredit alınma və ya kredit vəsaitlərinin qeyri- məqsədyönlü istifadəsinə görə (Cinayət məcəlləsinin 195-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin maksimal müddəti– 5 il) məsuliyyətə cəlb olunmasından ibarətdir. Kreditin qanunsuz alınması vəsaitin banka bilərəkdən düzgün olmayan məlumatlar təqdim etməklə əldə olunmasıdır. Parlaq nümunə – banka fəaliyyətin şişirdilmiş göstəricilərlə maliyyə hesabatlarının verilməsidir. Kredit vəsaitlərinin qeyri- məqsədyönlü istifadəsinin nə demək olduğu isə, zənnimcə, hər kəsə aydındır: tutalım, heyvandarlıq üçün bizim regionların birindən kredit götürmək, ancaq onu Gürcüstanda daşınmaz əmlaka qoymaq.

İkinci yol birincidən daha qısa və asandır. Ən azı ona görə ki, mülki məhkəmə icraatı çərçivəsində borcalanla illərlə mühakimələnmək lazım deyil. Birbaşa hüquq-mühafizə orqanlarına şikayət etmək lazımdır. Lakin, indiyə qədər banklar bu yola çox nadir hallarda əl atırdı. Səbəbi sadədən də sadədir: Azərbaycan şəraitində göstərilən tərkiblərin cinayətinin yaxın tədqiqi zamanı dərhal üzə çıxacaq ki, bank əməkdaşlarının günahı borcalanlarınkindən heç də az deyil.

Belə ki, məsələn, heç kimə sirr deyil ki, yerli şirkətlərin və fərdi sahibkarların böyük əksəriyyətinin rəsmi maliyyə hesabatları reallıqdan uzaqdır və biznes göstəricilərini mühüm dərəcədə aşağı salır. Səbəbi məlumdur: vergi ödəməkdən yayınma. Ona görə də banklar kreditləşdirmə zamanı biznesmenlərin «qara mühasibatını» rəhbər tuturlar. Belə çıxır ki, iş adamları kredit almaq üçün banka şişirdilmiş deyil, aşağı göstəricilərlə rəsmi hesabat təqdim etmişlər. Və belə olan halda iş adamını kredit almaq üçün banka düzgün olmayan məlumatlar təqdim etməkdə necə günahlandırmaq olar? Əksinə, onun təqdim elədikləri kreditə etiraz etmək üçün əsas yaratmışdir. Amma bununla belə, bank biznesmenin «qara mühasibatını» rəhbər tutaraq kredit vermişdir. Bu isə ilk növbədə bankın özü üçün minusdur. Бu halda bankirləri bütöv bir cinayətlər buketi gözləyir: xidməti yalan, vəzifə səlahiyyətlərindən sui-istifadə, artıq səlahiyyəti aşma, israfçılıq və s.

Biznesmenə isə hələ sübut etmək lazımdır ki, təqdim edilən «qara mühasibat» məhz ona məxsusdur. Ancaq bu halda belə onu kredit almaq üçün yalan məlumatların verilməsində ittiham etmək mümkün deyil. Əksinə, «qara mühasibat»— onun biznesinin əsl simasıdır. Onu olsa-olsa vergilərdən boyun qaçırmaqda suçlamaq olar ki, əslində, bu da asan deyil, heç olmasa ona görə ki,yəqin artıq köhnəlik müddəti başa çatmışdır.

Kredit vəsaitlərinin qeyri-məqsədli istifadəsinə gəlincə, burada bizim banklar üçün heç də hər şey rəvan getmir. Əvvəla, əksər hallarda kredit müqavilələrində kreditin məqsədi çox bəsit göstərilib: «biznesin inkişafı», «dövriyyə vəsaitinin artırılması» və s. Belə çıxır ki, biznesmen bu hallarda pulu hara sərf etməsindən asılı olmayaraq, onu sui-istifadə və ya israfçılıqda ittiham etmək çətin olacaq. İkincisi, (tutaq ki, müqavilədə kreditin məqsədi son dərəcə konkretdir) qanunvericiliyə uyğun olaraq, banklar borcalan-sahibkar tərəfindən kredit vəsaitlərinin istifadəsini daim nəzarət altında saxlayıb izləməyə borcludurlar.

Məhz sadalananlara görə, banklar borcalanlara qanunsuz kredit alma və ya kredit vəsaitlərindən sui-istifadə ittihamları vasitəsilə təzyiq göstərmək qərarına gələ bilmirlər. Axı, ittihamçıdan asanlıqla ittiham olunana çevrilməkdə yaxşı nə ola bilər ki! Bununla belə, son vaxtlar banklar tərəfindən hüquq-mühafizə orqanlarına belə müraciət halları artır. Odur ki, bank kredit vəsaitlərinin məqsədyönlü istifadə olunmama faktını müyyənləşdirən kimi necə deyərlər, həyəcan təbili çalınmalıdır. Ancaq bank bunu illər ötəndən sonra edirsə, onun rəhbərliyinin ən azı cinayətkar səhlənkarlığı göz qabağındadır.

Bütün bunlar bizim bankların nə günə düşmələri, gələcək inkişaf haqqında deyil, yalnız öz vəsaitlərini xilas etmək barədə düşündüklərini göstərir. Və bu zaman heç də sivil yolla hərəkət edilmir.

Fernan Brodel klassik «Sivilizasiyaların qrammatikası» əsərində yazır: «Neologizm hesab olunan «sivilizasiya» sözü … hələ 1732-ci ildə sırf hüquqi termin kimi qalır və cinayət prosesini mülki prosesə döndərən məhkəmə aktı, ya da məhkəmə qərarı mənasını verirdi».

Məsələ burasındadır ki, o zaman hətta vətəndaş (mülki) hüquq münasibətlərinə görə, insanı cinayət icraatında məsuliyyətə cəlb edirdilər. Və yalnız Yeni Zamanda insan mülki öhdəçilikləri üçün həyat və azadlığı ilə deyil, yalnız öz əmlakı ilə cavab verməyə başladı. Müasir sivilizasiya belə yaranmşdır.

Bu gün isə biz əks proses ilə məşğuluq: mülki prosesin cinayət prosesinə çevrilməsi ilə!

Burada qeyd-şərt etməliyəm ki, qanunsuz kreditləşdirmə halları və ya kredit vəsaitlərinin məqsədyönsüz istifadəsinə görə mən təqsirkarları heç də məsuliyyətə cəlb etməmək uğrunda vuruşmuram.

Bunu birmənalı şəkildə etmək lazımdır! Və ən böyük müflisləşmiş bankın (Bank Standard) Kreditorlar komitəsinin sədri kimi bu haqda həmişə demişəm. Amma nəinki təkcə borc götürən müştəriləri, həmçinin bankirləri də məsuliyyətə cəlb etmək lazımdır. Axı, əgər kimsə qanunsuz olaraq kreditlər almışsa, demək, kimsə bu kreditləri ona vermişdir. Odur ki, hamı cavab verməlidir. İndi isə oyun tək bir qapıda (borcalanlara qarşı) gedir. Və bu halda nədənsə, yalnız qüvvədə olan banklar üzrə.

Bəs, həmçinin bankrot olmuş banklar üzrə nə zaman eyni şəkildə hərəkətə başlayacaqlar? Axı orada əmanətçilər də daxil olmaqla minlərlə kreditorlar öz pullarını məhz ona görə ala bilmirlər ki, kimsə kiməsə qeyri-qanuni kreditlər vermişdir. Belə çıxır ki, bank sistemi ilə bağlı məsələlərdə həmişə müştərilər (borcalanlar və əmanətçilər) itirir, lakin bankirlər — yox. Lap kazinoda (casino) olan kimi!