Bu günlər Azərbaycanın 25 şəhər və rayonunda qanvermə aksiyası keçirilir. Aksiya Məhərrəm və ya Aşura ayının onuncu gününə həsr olunub. Səhər erkən minlərlə dindar qanvermə məntəqələrinin təşkil edildiyi tibb ocaqları, məscid və ziyarətgahlara gedirlər. Şahidlərin sözlərinə görə, hətta donorların növbəyə durmaları müşahidə olunur. Qeyd etmək lazımdır ki, hər il aksiyaya getdikcə daha çox insan qoşulur, hətta məmurlar və dövlət xadimləri də kənarda qalmırlar. Ancaq bu cür aksiyalar respublikada ildə bir neçə dəfə keçirilir, qan isə xəstələrə və xəsarət alanlara ilboyu lazımdır.

Əlbəttə, xəstələrin yaxınları Mərkəzi Qan Bankında lazımi qan qrupu əldə edə bilərlər, lakin orda bu mühüm həyati komponenti zəruri miqdarda tapmaq həmişə mümkün olmur. Lakin Facebook sosial şəbəkəsinin bazasında fəaliyyət göstərən “Qan donorları” layihəsi sayəsində bu məsələ qismən həll edilir. Bu qrupun hesabında 500-dən çox xilas edilmiş həyat var. Dalma Newsə müsahibəsində layihənin banilərindən biri olan Vüqar Səfərov Azərbaycanda virtual qan bankının potensial donorların axtarışını necə asanlaşdırmasından söz açmışdır.

– Bu qrup insanların həyatını nə vaxtdan bəri xilas etməyə başlamış və “Qan donorları” cəmiyyəti nədir, o özünü necə təmsil edir?

— Layihə 2014-cü ildə başlayıb. Yeni ilə demək olar ki, bir neçə gün qalmış Facebookda 8 səhifə açmaq ideyası yarandı ki, onlardan hər biri qanın bir qrup və rezusu(Rh-i) üçün nəzərdə tutulmuş və ehtiyacı olanlara donorlar axtarmağa kömək edir. Bundan sonra mən layihəni markalaşdırdım və auditoriyanı tədricən potensial donorlarla genişləndirməyə başladım. Bu günə qədər bizim səhifələrimizə 17 mindən artıq insan yazılmışdır. Bizim üçün bu yalnız abunəçilər deyil, potensial donorlardır. Cəmiyyətimizin üzvləri sayəsində 500-dən çox insanın həyatı xilas edilib və bu rəqəm demək olar ki, gündən-günə artır.

— Orta statistik donorun portreti necədir?

— Bizim vəzifəmiz ərizə və ya tələbnaməni operativ şəkildə işləyib səhifədə verməkdir. Yəni biz nə donorlarla, nə də xəstələrlə heç bir əlaqə saxlamırıq. Cəmiyyətimizin üzvləri göstərilən kontakt üzrə pasientin qohumları ilə birbaşa əlaqə saxlayırlar, odur ki, mənə orta statistik donoru təsvir etmək çətindir.

Amma bizim yazılarımızın altındaki şərhlər və xəstələrin qohumlarından gələn əks-sədalara əsasən, yardım haqqında çağrışa əsasən 25-dən 45 yaşa qədər olan şəxslər cavab verirlər. Bunlar müxtəlif sosial vəziyyətdə olan kişi və qadınlardır. Onların hər biri şəxsi motivlərə əsaslanaraq yardım çağırışına reaksiya verir. Belə ki, bəziləri qan verir, çünki İslamda və xristianlıqda belə bir addım nəcib hərəkət kimi qiymətləndirilir, digərləri isə öz orqanizmini yeniləşdirmək üçün donor olur, bir başqaları isə şəfqət hissindən kömək edirlər. Məsələn, anasını və ya atasını itirmiş insanlar tez-tez uşaqların öz valideynlərini xilas etmək xahişlərinə laqeyd qalıb yan keçə bilmirlər.

— Sizin fikrinizcə, Azərbaycanda donor qanına çıxışla bağlı vəziyyət necədir?

— Təəssüf ki, bu barədə məlumatımız yoxdur, buna görə də donor qan bazarı haqqında təsəvvürüm çox dumanlıdır. Biz tibb müəssisələri ilə əməkdaşlıq etmək istəyirdik, amma bundan bir şey çıxmadı. Lakin mənim şəxsi müşahidələrimə görə, donor qanına həmişə tələbat var. Hər üç gün ərzində insanlar qan dalınca bizə müraciət edirlər. Beş il ərzində biz yüzlərlə belə sorğu almışıq. Bu, donorlara ehtiyacın kiçik olmadığına sübut deyilmi?!

Vüqar Səfərov

— Donor qanının miqdarına tələbat isə ildən – ilə dəyişir?

— Əgər cəmiyyətimizin işi ilə bağlı qiymətləndirsək, güclü sıçrayışlar müşahidə edilmir. Yəqin ki, bu, ərizələrin çaxnaşması olmadığı üçün bizim üçün çox sevindirici olan önəmli bir vəziyyətdir. Və istərdik ki, bizim yardımımıza getdikcə daha az insanın ehtiyacı olsun. Amma dünya başqa cür qurulub. Məsələn, lenfoblastik lösemi (leykozu) olan xəstələrə daim donor qanı tələb olunur. Bundan əlavə, “birdəfəlik” xəstələr var — bunlar qan köçürülməsi tələb olunan yol-nəqliyyat hadisələrinə məruz qalmış şəxslərdir.

— Yaddaşınızda qan tapmaqda kömək edə bilmədiyiniz hallar varmı?

— Bəli, belə hallar baş verir. Əsasən, belə nəticə post dar bir auditoriyanı əhatə etdikdə və potensial donorlar yardım çağırışını görmədikdə olur. Məsələ ondadır ki, Facebook digər sosial şəbəkələrlə yanaşı, ödənişli olmayan postların sayını getdikcə daha çox azaldır və buna görə də əksər istifadəçilər bizim müraciətlərimizi sadəcə olaraq görmürlər. Bu, donorların axtarışını ciddi şəkildə çətinləşdirir və biz tez-tez məhz buna görə insanın həyatını xilas etməyə macal tapmırıq. Lakin elə hallar da olur ki, insanlar yardım çağırışına operativ reaksiya göstərir, lakin pasiyentin həyatı qan köçürmədən əvvəl və ya sonra başa çatıb qırılır.

— Qan axtarışına orta hesabla nə qədər vaxt tələb olunur?

—Şəxsi məlumatdan çox şey asılıdır. Quru məzmunlu mesajlar cəmiyyət üzvlərində daha az rəğbət və təəssüfə səbəb olur ki, bu da donorların axtarışını çətinləşdirir. Məsələn, qan ehtiyacı olan insanlar “Mən 2+ qrupdan olan qan axtarıram” yazarkən, bu bir o qədər təsiredici olmur. Qanın kimin üçün nəzərdə tutulduğunu və bu insana nə baş verdiyini bilmək istəyirlər. Axtarışlar orta hesabla bir dəqiqədən 2 günədək çəkir.

— Ən çox hansı hadisəni xatırlayırsınız?

— Bir dəfə ilan sancan bir uşağın valideynləri kömək üçün bizə müraciət etdilər. Yazıdan təxminən bir saat sonra, oğlanın anası donor tapılmasındaki yardım üçün minnətdarlıqla bizimlə əlaqə saxladı və elanı dayandırmağımızı xahiş etdi. İki saat sonra, uşağın valideynləri yenidən mənə zəng edib, telefonlarının potensial donorların zənglərindən susmadığını söyləyərək, artıq yardım müraciətinə ehtiyac olmadığından onu çıxarmağı xahiş etdilər. Onlarla insan onlara kömək təklif etməyə başladı. Ancaq biz valideynlərin telefon zənglərinin dayandırılma xahişi ilə əlaqədar onlara heç bir şeylə kömək edə bilmədik, çünki usagı ilan dişləməsi barədə mesaj ildırım sürətilə yayılmış və artıq bu axını dayandırmaq mümkün deyildi. O anda mən bir daha əmin oldum ki, xalqımız mehriban, xeyirxah və fədakar, harayaçatan xalqdır.

— Cəmiyyət hansı çətinliklərlə üzləşir?

— Könüllülər çatışmır,onlara ehtiyac var. Bəzən ərizə, elan və müraciətləri vaxtında hazırlamaq imkanımız olmur. Bu məni çox narahat edir, çünki insan həyatı çox vaxt bir tükdən asılı və hər saniyə qızıldan da dəyərli olur.

 

Lеylа Əlizadə