UNESCO-nun 70 illik yubileyi münasibəti ilə 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi təşkil olunacaq.

Təhsil Nzirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və onlara dəstək verməkdən ibarətdir.

Ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçiriləcək müsabiqə üç yaş qrupu üzrə təşkil olunacaq.

Müsabiqə əvvəlcə məktəbdaxili və rayon (şəhər) məktəbləri arasında keçiriləcək. Həmin mərhələdə I yerin qalibi olan işlər respublika mərhələsinə təqdim olunacaq. Respublika mərhələsində hər yaş qrupu üzrə 9 qalib iş seçiləcək.

Yekunda qaliblərin, eyni zamanda, seçilmiş ən yaxşı işlərin kataloqu nəşr olunacaq. Noyabrda isə qaliblərinin işlərindən ibarət yekun sərgi və mükafatlandırma mərasimi keçiriləcək.