Ötən ay əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Bundan əlavə, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətləri isə bahalaşıb.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.