Azərbaycanda avtomobillər “Təmiz hava” aylığı çərçivəsində ekoloji müayinədən keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Qeyd edək ki, bu il “Təmiz hava” aylığı çərçivəsində yalnız Bakı ərazisində yerləşən qarajlardakı avtonəqliyyat vasitələri deyil, dənizdə istismar olunan nəqliyyat vasitələri də Ekoloji Ölçmə Mərkəzi tərəfindən müayinədən keçirilib.

Bununla bağlı Mərkəzin əməkdaşları avqustun 19-dan üç gün müddətinə Çilov adasına ezam ediliblər.

Müayinələrin nəticəsi qənaətbəxş olub. Ekspertlər bildirir ki, uğurun başlıca səbəbi SOCAR-ın həyata keçirdiyi ekoloji proqram çərçivəsində istismarda olan avtomobillərdən atılan zərərli qazların miqdarına mütəmadi nəzarət edilməsi və mühərriklərin yanacaq sistemlərinin daim saz vəziyyətdə saxlanılmasıdır.