Vaxtilə Azərbaycan multiplikatorları çoxlu sayda animasiyalar buraxmış, nüfuzlu beynəlxalq festivallarda fəal iştirak etmiş və öz işlərinə görə layiqli mükafatlara layiq görülmüşlər. Lakin bu gün ölkədə bu sahə heç də yaxşı dövrünü yaşamır. İndiki nəsil Türk, Rusiya və Disney cizgi filmlərində böyüyür. Dalma Newsə verdiyi müsahibədə ANIMAFILM Beynəlxalq Animasiya Festivalının rejissoru, prodüseri, təsisçisi və direktoru Rəşid Ağamalıyev Azərbaycanda animasiyanın inkişafını hansı problemlərin ləngitdiyindən söz açmışdır.

— Müsahibələrinizin birində siz arzunuzun Azərbaycan kinematoqrafiyasının tarixi haqqında kitab yazmaq olduğunu bildirmişdiniz . Niyə məhz animasiya üzərində dayandınız?

— Bir neçə il bundan əvvəl məndə ağır bir xəstəlik aşkar etdilər və mən müalicə üçün uzun müddət xəstəxanada qalmalı oldum. Başımı qarışdırmaq və necə deyərlər, vaxtı ” öldürmək ” üçün cizgi filmlərinə, o cümlədən Azərbaycan cizgi filmlərinə baxmağa başladım. Məhz o zaman ilk dəfə fikirləşdim ki, Azərbaycan multiplikasiyasının tarixi haqqında kitab yazmaq lazımdır.

Bu mövzunu daha ətraflı araşdırıb öyrənməyə başladığımda bundan əvvəl, heç kimin bu barədə hansısa bir ədəbiyyat və ya vəsait yazmadığını öyrəndim. Beləliklə, mən komandamla birlikdə kitab üzərində işləməyə başladım. Sonra bu, beynəlxalq layihəyə çevrildi və biz bu layihə çərçivəsində Azərbaycan animasiyasının tarixi haqqında monoqrafiya yazdıq. Kitab üzərində 13 nəfər işləyib. Kitabı iki il ərzində yazmışıq. Məlumat toplanması və monoqrafiyanın yazılması prosesində əmin olduq ki, bizim fəxr etməyə layiq zəngin tariximiz vardır. Azərbaycan cizgi filmləri nüfuzlu beynəlxalq müsabiqələrdə iştirak etmiş və fəxri adlara, həmçinin mükafatlara layiq görülmüşlər. Çox vaxt keçməsinə baxmayaraq, onlara tələbat və maraq sönmür.

Rəşid Аğamalıyev

—Bəs müasir animasiya haqqında nə demək olar? Siz onu necə qiymətləndirirsiniz?

— İndiki vəziyyət arzuolunan səviyyədə deyil. Ölkəmizin animasiyası ağır vəziyyətdədir. Dövlət bu sahə üçün kifayət qədər vəsait ayırmır. Animasiya sənayesi üçün əsaslı və tutarlı dövlət dəstəyi çox vacibdir. Bundan əlavə, kadr problemləri var. Hələlik Azərbaycanda animasiya istehsalı sahəsində ixtisaslaşmış təhsil almaq üçün universitet yoxdur. Bu, ölkədə multiplikasiyanın zəif inkişaf etməsinin iki əsas amili və başlıca səbəbidir.

Vəziyyəti yaxşılaşdırmaq və bu sənayenin inkişafına təkan vermək üçün animasiyanın inkişafında maraqlı olan gənc mütəxəssis və peşəkarlar üçün bir platforma olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təsis etdik. Əlbəttə, bizim festivalın başlıca qonaqları uşaqlardır və əslində biz onların naminə çalışırıq. Festival çərçivəsində biz seminarlar keçirir, kinoteatrlar və televiziyada getməyən yeni cizgi filmlərinə baxır və qalibləri müəyyənləşdiririk. Münsiflər heyətinin tərkibində əsasən uşaqlar və xarici ekspertlər – əsas etibarilə Avropa ölkələrindən olan rejissorlar, animatorlar yer alır.

— Keçən ilin payızında hər ilki ANİMAFİLM festivalı Bakıda keçirildi. Onun həyata keçirildiyi müddət ərzində bu sənayedə dəyişikliklər gördünüzmü?

— Köklü, kardinal dəyişikliklərin baş verməsi üçün iki il çox kiçik bir müddətdir. Əgər məhz festivaldan deyil, ümumiyyətlə danışsaq, son zamanlar kiçik, lakin müsbət dəyişikliklər baş vermişdir. “Azanfilm” studiyasının təşəbbüsü ilə 3D animasiya üzrə dərslər yaradılıb, Firəngiz Qurbanova sayəsində isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Animasiya kinosunun quruluşçu rəssamı” fənni yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində “animasiya” fənninin olduğu Kinoşkol yaranıb, “Qurama” animasiya uşaq studiyasının rəhbəri Elçin Xəami Axundov isə milli animasiya tarixini populyarlaşdırmaqda və onu inkişaf etdirməkdə davam edir və s. Cəmiyyətdə animasiya haqqında daha çox danışılmağa başlanıb, animasiyanın inkişafı ilə bağlı mövzuları müzakirə etmək üçün mediaya daha tez-tez dəvət olunuruq və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məqsədlər üçün nisbətən daha çox vəsait ayırmağa başlamışdır.

— Siz yerli multiplikasiyaya əhalinin marağını necə qiymətləndirirsiniz?

— Maraq var, həm də çox böyük. Cizgi filmləri üçün tələbat həmişə çox yüksəkdir. Ancaq ölkəmizdə olduqca az film istehsal olunduğuna görə uşaqlar əsasən xarici cizgi filmlərinə baxırlar. Bu isə yaxşı deyil, çünki yeni nəsil başqa mədəniyyət, dəyərlər və tarix zəminində böyüyür. Uşağın mənəvi və mədəni oriyentirləri onun uşaqlıq dövründə nə görəcəyindən asılı olacaq. Hazırda Azərbaycanda istehsal olunan filmlərin böyük əksəriyyəti “Azanfilm” Dövlət Animasiya studiyasına məxsusdur. Amma son illərdə bu studiya ildə bir-iki film buraxır. Özəl “Birlik” studiyası da var, burada da cizgi filmləri istehsal olunur, lakin maliyyə problemləri səbəbindən nadir hallarda və böyük fasilələrlə. Onların sonuncu cizgi filmi təxminən beş il əvvəl buraxılmışdı. İndi “Birlik” yenidən öz işini bərpa edib və Azərbaycan xalq nağılı “Cırtdan” haqqında yeni film çəkir. Bütün digər animatorlar necə deyərlər,demək olar ki, evdə işləyirlər. Bunlar ev şəraitində və ya kiçik studiyalarda reklam, kiçik filmlər, sosial və kommersiya videoları çəkən müstəqil animatorlardır. Onlar bilik və bacarıqlara malik deyillər, odur ki, ali mərtəb və konkret olaraq universitet nəzdində animasiya fakültəsi açmaq çox vacibdir.

— Animasiyanı hansı vəsaitlər hesabına inkişaf etdirib, festivallar keçirirsiniz?

— İki il ərzində festival bizim yaxın dostlarımızın və ailələrimizin maliyyə dəstəyi ilə könüllülük əsasında keçirilir. Mən özüm də öz şəxsi vəsaitimi sərf edirəm. Bu, çox çətindir. Ancaq başa düşürsən ki, sən öz mədəniyyətinin inkişafına ciddi töhfə verirsən, bu isə, böyük məmnunluq yaradır və pul məsələləri ikinci plana keçir. Amma, digər tərəfdən, biz çox yaxşı başa düşürük ki, uzun müddət belə davam edə bilməz. Komanda böyüyür, hədəflər genişlənir, buna görə xərclər artır. Bundan əlavə, bütün komanda tamamilə pulsuz işləyir ki, bu belə olmamalıdır. Bu il vəziyyət xeyli yaxşılaşıb, Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Şəki şəhəri, Fransa və Çexiyanın səfirlikləri, Fransa institutu bizə maliyyə dəstəyi göstərir. Qeyd edim ki, Üçüncü Beynəlxalq Animasiya festivalı ANİMAFİLM 14-18 oktyabr 2020-ci il tarixlərində Bakı və Şəkidə keçiriləcək.

 

Nigar Hüseynova