Bu ilin avqust ayında Şərqi Avropa və MDB ölkələri arasında qızıl-valyuta ehtiyatları daha çox azalan ölkə Azərbaycan olub. Baxmayaraq ki, avqust ayında avronun dollarla müqayisədə güclənməsi ehtiyatların artmasına dəstək verib. Report-un verdiyi xəbərə görə, azalma 1,186 mlrd. dollar və ya 2,7% təşkil edib, adambaşına ehtiyatlar isə 145 dollar azalıb.
Ümumiyyətlə, Azərbaycanın rəsmi qızıl-valyuta ehtiyatları hesabat dövründə bölgədə 5-ci sırada yer alıb və 43,1 mlrd. dollar təşkil edib. Bura Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları aiddir. Adambaşına qızıl-valyuta ehtiyatları isə Azərbaycanda 4 450 dollara bərabərdir və bu göstərici üzrə ölkə Şərqi Avropa və MDB məkanında 3-cü sırada yer alıb.
Bu ilin əvvəlindən Azərbaycan Rusiyadan sonra qızıl-valyuta ehtiyatları ən çox azalanlar sırasında 7,77 mlrd. dollar və ya 15,3%-lə ikinci olub. Adambaşına ehtiyatlarda isə ilin əvvəlindən ən çox azalma Azərbaycanda (- 855 dollar) qeydə alınıb.
Son bir il ərzində Azərbaycanın ehtiyatları 9,5 mlrd. dollar və ya 18,1% azalma ilə ikinci sırada yer alır. İllik müqayisədə adambaşına düşən ehtiyatların azalması üzrə də Azərbaycan (- 1 065 dollar) liderdir.