Yas mərasimlərində ortalıqda fırlanan, toy şənliklərində ortalıqda oynayan qızlardan özlərinə gələn seçən insanların olduğu mühitdə yeniyetmə yaşlı uşaqların erkən nikaha cəlb olunması təəccüblü deyil. Hələ bir zamanlar qaynanaları oğullarına “almaq” istədikləri qıza yastıq atarmışlar. Qız yastığın gücündən ayaq üstə dura bilsəymiş, ona toy çalınarmış. Yox, yastığın zərbəsindən səndələyib yerə yıxılsaymış, deyərmişlər ki, “qız kaldır, hələ yetişməyib”.

Erkən nikah probleminə daha çox regionlarda rast gəlinir. Onun da özünə görə səbəbləri və “bəhanələri” çoxdur. Məsələn, elə regionlar var ki, yaşı 18-i keçən qız valideyni haqqında söz gəzdirirlər ki, ya filankəsin qızı evdə qalıb, ya da filankəsin qızının “problemi” var. Yoxsa indiyə qədər onu çoxdan “almışdılar”. İctimai qınaq qədər güclü olan “mental ənənələr” mövcud stereotiplər qarşısında gücsüz olan valideyni məcbur edir ki, qızını erkən nikaha cəlb etsin.

Yaxud, iqtisadi çətinlik. Bu problem ucbatından qızlarını erkən yaşda ərə vermək ənənəsi təkcə ucqar kənd yerlərində, rayonlarda yox, elə respublikamızın şəhərlərində də müşahidə olunur. Valideyn qızına “bir boşqab artıq” davranışı göstərir və ona qonaq kimi yanaşır. Düşünür ki, tezliklə qızı evdən getsəydi, bir nəfərin yükündən ailə xilas olardı.

Bəzən də yeniyetməlik yaşında olan xanımların özləri erkən nikaha girmək istəyirlər. Hormonal dəyişiklik, keçid mərhələsində olmaları, savadsızlıq, düzgün qərar verə bilmək gücündə olmamaları, televiziyanın aşıladığı (filmlər, seriallar) ailə modelləri, valideyn basqısından (“evə gec gəlmə”, “filankəslərlə oturub-durma”, “dərsdən evə, evdən dərsə get” və sair) xilas olmaq istəyi onları erkən nikaha təşviq edir.

Elə də olur ki, gənc qızlar ilk eşqin toruna düşürlər. Fikirləşirlər ki, arzularının kişisini tapıblar və onunla mütləq evlənməlidirlər. Təbii ki, bu məqamda valideyn və uşaq arasında tərbiyə halqasında uçurumlar öz işini görür. Ailə daxilində valideynlər qərarları yalnız özləri verdiklərinə görə çox rahatdırlar. Onlar elə düşünür ki, qızlarını dinləmədən və onu eşitmədən qərar vermək yalnız qızın xeyrinədir. Valideyn Mariana çökəkliyində dayanıb, övlad Everestdə olduğundan problemlər də formasını dəyişir. Valideyn-övlad arasında pərdənin olmasının vacibliyi fikri tüldən pərdəni dəmirdən pərdəyə çevirir. Nəticədə, eyni ailə daxilində baş verənlərdən hər iki tərəf xəbərsiz olur. Qız ilk eşqi barədə, hissləri, qərarları barədə anasına, atasına heç nə danışa bilmir. Çünki bu kimi şeylər valideynə görə ayıbdır.

Erkən nilkaha niyə “yox” deyirik?

Göründüyü kimi, erkən nikah iki halda baş verir: ya valideyn təkid edir, ya da qız öz istəyi ilə bu addımı atır.

Qeyd edək ki, qızların 14-16 yaşlarında ərə verilməsi tibbi baxımdan düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi olduqca təhlükəlidir. Nəzərə almaq lazımdır ki, qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Həkim ekspert Ümid Səlimzadə müsahibələrindən birində qeyd edir ki, erkən yaşda qızlar uşaq dünyaya gətirmək potensialında olsalar da, bu hələ onların tam formalaşması anlamına gəlmir. Erkən evlilik, erkən hamiləlik nəticəsində hormonal sistem pozğunluğu baş verir. Bunun davamında gənc ana bir sıra daxili problemlərdən, eləcə də vaxtsız qocalmadan əziyyət çəkir.

Problemlər bununla bitmir. Erkən evlilikdə qızlar uşaq dünyaya gətirərkən ölməsə belə, sidik kanalının zədələnməsi, cinsi yolla keçən xəstəliklərə tutulma riskinin artması, ana və körpə ölümünün intensivliyinin artması, özgüvəni olmayan bir “ana”nın, psixi travmalı insanın dünyaya gətirəcəyi insana olan əks-təsirləri kimi hallar yaranır.

Üstəlik, erkən nikah yarımçıq təhsil deməkdir. Təhsilsiz ananın yetişdirəcəyi övlad da “şikəst vətəndaş” olur. Nəticədə, cəmiyyət üçün sadəcə fərd yetişir, ana şəxsiyyət kimi övladını formalaşdıra bilmir. Bundan əlavə, ailədə maddi yük daha çox “ata”nın üzərinə düşür, sosial bərabərsizlik yaranır və ata evin “hökmdarı” olur.

Statistika nə deyir?

Azərbaycanda erkən nikahların sayı artıb. Ötən il 481 erkən nikah faktı qeydiyyata alınıb. Erkən nikaha daxil olanların 2-si oğlan, qalanları isə 18 yaşına qədər olan qızlardır. Bundan başqa, ötən il erkən nikaha daxil olan analar tərəfindən 3296 uşaq doğulub. Bütün bu rəqəmlər 2013-cü illlə müqayisədə olduqca çoxdur.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, 2012-ci ildə erkən nikaha daxil olanların sayı 295, 2013-cü ildə 229 olub.

2009-cu ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855 və 2014-cü ildə 3296 olub. Təhlillər göstərir ki, həm erkən nikah halları, həm də erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Bura Bakı kəndləri də daxildir.

Ümumiləşdirmə aparsaq, son 6 ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 21 420 nəfər olub.

Ekspert danışır…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova lent.az-a verdiyi müsahibəsində dövlətin erkən nikahlar probleminin həlli istiqamətində gördüyü işlərə aydınlıq gətirib.

Bu gün komitəmiz tərəfindən maarifləndirmə işləri ilə yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsi də nəzərdə tutulur. “Valideyn məsuliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır. Araşdırmalarımız göstərir ki, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Ailə Məcəlləsində müvafiq maddə olsa da, valideynlər bir çox hallarda öz uşaqlarına qarşı çox məsuliyyətsiz və biganə yanaşırlar. XXI əsrdə, açıq, informasiya cəmiyyətində yaşayırıq, xüsusilə gənclərimiz çox savadlı, dünya görüşlü, bilikləri və bacarıqları insanlar olmalıdır”.  

Aynur Veysəlova deyir ki, təkcə şagirdlər, yuxarı sinif məktəbliləri arasında aparılan maarifləndirmə işi effekt verməyəcək: “Çünki məktəblinin şüuruna yeni bir informasiyanı daxil edirik, amma evdəki mühitdə yenə də valideyndən asılı vəziyyətdə qalır. Ona görə də biz həm də valideynlərlə iş aparmalıyıq. Burada xüsusi bir məqam var, maarifləndirmə işinə atalar cəlb olunmalıdır. Eyni zamanda hər hansı bir kəndə belə söhbətlər aparılırsa, həmin kəndin nüfuzlu adamları, xüsusilə din xadimləri, müəllimləri, hörmətli şəxsiyyətləri mütləq bu haqda insanlara düzgün məlumatlar çatdırmalıdır”.

Qanun şahdır, mentalitet şah deyil

Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən edilmiş son yaş həddidir. Azərbaycanda da nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə əlavə olunub. Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Görünən odur ki, erkən nikahların qarşısının alınması istiqamətində mübarizə tədbirləri, o cümlədən maarifləndirmə işlərinin aparılsa da, hələ də erkən nikah Azərbaycanda aktual olaraq qalır.

Nərmin Nöqtə