VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalının bağlanış mərasimində Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimləri nümayiş olunub.
Mərasim Rusiyanın İrkutsk vilayətinin Olxon adasında baş tutub. Bu, Baykal adalarının ən böyüyüdür. Olxon bütün şamanların müqəddəs yeri və sığınacağıdır, ona görə də bu sirli və müəmmalı yeri “Şamanların adası” adlandırırlar.
Qeyd edək ki, G.Xəlilovanın kolleksiyası festivalın açılışında da təqdim edilmişdi.
Bundan əlavə, ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova da təmsil edirdi.
Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edildi. G.Xəlilova və S.Sadıxova müvafiq olaraq “Azərbaycan milli geyimi dekorativ-tətbiqi incəsənətin inkişaf səviyyəsinin əksi kimi” və “Azərbaycanın zərgərlik bəzək əşyalarında gülşəkilli bəzəyin motivinin interpetasiyası” adlı məruzələrlə də çıxış etdilər.