Sentyabrın 15-də İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib.
I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq.
Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.