Azərbaycanın Tarif Şurası benzin və dizel yanacağının qiymətlərini artırıb. Belə ki, Aİ-92 markalı benzinin qiyməti 10 qəpik qaldırılıb və litri 1 manat (0,59 Sent), dizel yanacağının 1 litri isə 80 qəpik (34% artım) olub.
Tarif Şurasının bu qərarı nə ilə bağlıdır və bu, onsuz da pandemiyadan zərər çəkən ölkə iqtisadiyyatına necə təsir edəcək? Dalma News bu barədə Azərbaycan iqtisadçısı Natiq Cəfərli ilə söhbət aparmışdır.
Benzin və dizel yanacağının qiymətlərinin artırılması üzrə Tarif Şurasının qərarını necə qiymətləndirirsiniz? Bunun səbəbi nədir? Tarif Şurası qiymətləri qaldırmaya bilərdimi?
Düzü, bu gözlənilən qərar idi. Hökumət buna ötən ildən işarə edirdi, xüsusilə də dövlət şirkətlərinə dotasiyaları azaltmaq niyyətində idi. Dövlət şirkətlərinə dotasiyaların azaldılması həmişə qiymətlərin artmasına gətirib çıxarır. Bu, qanunauyğunluqdur və o, hələ pozulmayıb. SOCAR ölkədə əsas vergi ödəyicilərindən biridir, lakin paradoks ondadır ki, o, müxtəlif subsidiya və dotasiyalar alır, onlar isə azalır.
Məhz buna görə də ötən il dövlət investisiya holdinqi yaradılmış və bütün dövlət korporasiyalarının tərkibinə daxil edilmişdir. Bu Holdinqin əsas prioritetlərindən biri də o olmalıdır ki, dövlət şirkətləri dövlətdən dotasiya almağa son qoymalı və mənfəətə çıxmalıdırlar. Bu qərarlardan sonra dövlətin tənzimlədiyi qiymətlərin artımını proqnozlaşdırmaq mümkün idi. Buna görə də yanacağın qiymətinin artmasını ” böyük sürpriz ” adlandırmaq mümkün deyil.
Sürpriz olan yeganə şey dizel yanacağının qiymətinin təxminən 34% artmasıdır. Bu, iqtisadiyyatın bir çox sahələrində özünü nəzərəçarpacaq dərəcədə göstərəcək. Bu, gözlənilməzlik idi.
Bu, həm də pandemiyadan zərər çəkən ölkə kimi onun iqtisadiyyatına necə təsir göstərəcək?
Təbii ki, bu, inflyasiya proseslərini təhrik edəcək. Qiymətlər “sürünməyə” başlayacaq, çünki dizel yanacağı, logistika həmişə iqtisadiyyatın bütün sahələrində iqtisadi zəncirə təsir göstərir. Çox güman ki, biz aqrar seqmentdə ən nəzərəçarpacaq qiymət artımı görəcəyik. Çünki tarlalardan tutmuş dükandaki məhsullara qədər məhsulun maya dəyərinin 30%-ni məhz dizel yanacağı təşkil edir.
Dizel yanacağının qiymətinin 34% artması təbii olaraq qiymətlərə mühüm dərəcədə təsir göstərəcək. Düzdür, hökumət artıq elan edib ki, dizel yanacağının qiymətinin artması ilə əlaqədar xərclərin müəyyən hissəsini kompensasiya edəcək. Amma hər halda, bu, bütün xərcləri əhatə etmyəcək. İkincisi isə, bu kompensasiya logistikaya heç bir təsir göstərmir. Yəni, logistika heç bir kompensasiya almır, kənd təsərrüfatı məhsullarında isə logistika mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaxın zamanlarda aqrar sektorda qiymətlər nəzərəçarpacaq dərəcədə artacaq. Bu, inflyasiyaya təkan verəcək və uzun aylar pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət xeyli azalacaq.
Üstəlik, əhalinin gəlirləri aşağı düşdüyündən məhsul qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə təsir göstərəcək.
Yanacaq qiymətlərinin artması inflyasiyaya necə təsir edəcək və xidmətlərin qiymətində artım nə dərəcədə kəskin olacaq?
İnflyasiya haqqında bizim Dövlət Statistika Komitəsinin bizə verdiyi rəqəmlərlə bağlı məsələlərimiz var. Bu il hökumətin inflyasiya proqnozu 4-4,5% təşkil edir. Lakin bu, dizel və benzinin qiymətinin yüksəlməsinə qədər idi. Təbii ki, yanacağın qiyməti qalxdıqdan sonra qiymət artımını və inflyasiyanı saxlamaq mümkün olmayacaq. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri həmişə reallıqdan fərqlənir. Düşünürəm ki, bu il biz də bunu görəcəyik. Yəqin ki, hökumət 5-5,5% inflyasiya haqqında elan edəcək, lakin real qiymət artımı daha yüksək olacaq.
2021-ci ildə yanacaq qiymətlərinin aşağı düşməsini gözləmək olarmı? Yoxsa yeni qiymət artımı ola bilər?
Təəssüf ki, bizdə belə praktika yoxdur. Nə qalxırdısa,daha aşağı düşmürdü. Hələ ki, qiymətlərin azalması kimi belə bir presedent olmamışdır. Mən hesab edirəm ki, bir-iki aydan sonra bizi elektrik enerjisinin, qazın, suyun və digər kommunal xidmətlərin qiymətlərinin artması gözləyir. Bu fikir göstərir ki, bu sahələrin cəlbediciliyini artırmaq üçün hökumət böyük özəlləşdirmə hazırlayır. Hər hansı bir ölkədə xarici və ya yerli investorların bu prosesdə iştirak etmlələri üçün özəlləşdirmədən əvvəl xidmətlərin qiymətləri artırılır . Hesab edirəm ki, artıq yazda, yay mövsümündən əvvəl, qaz və elektrik enerjisi istehlakı azalmağa başlayanda, “kondisioner mövsümünə” qədər bizi elektrik enerjisi və təbii qazın qiymətində artım gözləyə bilər.
Anar Hüseynov