Bu günlər Azərbaycan KİV-i 2019-cu ilin ikinci yarısında təqdim olunacaq antivirus sisteminin ilkin yerli beta versiyasının yaradılması barədə məlumat vermişlər. Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi qeyd edir ki, söhbət mövcud məlumat bazasında zərərli proqramların axtarışını həyata keçirən çoxfunksiyalı proqram təminatından (Multifunctional Analysis Program – MAP) gedir.
Bunu İT sahəsində bir növ irəliləyiş adlandırmaq olarmı? Dalma News bu barədə azərbaycanlı ekspertlərlə söhbət etmişdir.
Layihələrin idarə edilməsi üzrə Azərbaycan Assosiasiyasının vitse-prezidenti Fərid Kazımov nəşrimizə müsahibəsində bildirib ki, Azərbaycan təşkilatlarının lokal proqram təminatının yaradılması ilə bağlı istənilən təşəbbüsü yalnız alqışlanmalıdır. Xüsusilə də, əgər bu, informasiya təhlükəsizliyi sahəsindəki qərarlara aiddirsə. «Məlumdur ki, dünyada milli sistemlərə keçid məhz bu istiqamətdə gedir, çünki bu, xüsusilə də dövlət təşkilatlarından informasiya sızımının qarşısını almağa imkan verir.Məsələn, ABŞ-da Qərbi Avropa ölkələrində texnoloji casusluq sahəsində zəifləmiş imicə malik ölkələrin şirkətləri tərəfindən yaradılmış antiviruslardan və informasiya təhlükəsizliyi üzrə digər qərarlardan istifadə etməyi təkidlə məsləhət görmürlər. Şimali Amerikada Huavei ilə son qalmaqallar bu narahatlıqları yalnız təsdiqləyir» -deyə o bildirdi.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinin Dövlət İnformasiya Təhlükəsizliyi Agentliyi tərəfindən milli antivirus yaradılması informasiya sızması baxımından mümkün təhlükələrin qarşısını almağa imkan verəcək. Axı, elektron daşıyıcılarda antivirus proqramlarının olması təsisçilərə kompüterdə demək olar ki, istənilən hər hansı bir məlumatı əldə etməyə imkan verir. Düşünürəm ki, MAR yaradıldıqdan sonra bu proqram bütün dövlət təşkilatlarında tətbiq olunacaq və həmçinin bütün özəl istifadəçilərə tövsiyə ediləcək .
Azərbaycanın İT sahəsində uğurlarına gəldikdə isə, Fərid Kazımovun qənaətincə, Azərbaycan prezidentinin ölkənin innovativ inkişafı sahəsində əlaqələndirmənin təmin edilməsi haqqında sərəncamını 2019-cu ilin ən mühüm və əhəmiyyətli hadisəsi adlandırmaq olar. «Bu sənəd müxtəlif təşkilatların innovasiya sahibkarlığını tamamilə yeni səviyyədə inkişaf etdirmələrini tələb edir. Əgər əvvəllər təşkilatlar və təhsil müəssisələri « innovasiyalar sahəsində uğurlar haqqında» raport verə bilərdilərsə, indi artıq məhz innovasiya sahibkarlığına dəstək üçün real konkret addımlar göstərmək, həm də ildə iki dəfə hesabat vermək lazımdır. Düşünürəm ki, bu yanaşma müxtəlif sahələrdə uğurlu startapların – baslanğıcların artmasına təkan verəcək», – deyə o qeyd etmişdir.
Azərbaycan yüksək texnologiyalı, xüsusilə də proqram təminatlı məhsulların, ixracının artmasında maraqlıdır. Məsələ ondadır ki, ölkədə istənilən çətin və mürəkkəb məsələləri həll etməyə qadir yerli İT şirkətləri fəaliyyət göstərir. Fərid Kazımovun sözlərinə görə, müxtəlif ölkələrdə inteqrasiya oluna biləcək imkanlar yaradılmışdır. «Bu məqsədlər üçün «ASAN Xidmət»in (vətəndaşlara və sosial innovasiyalara xidmət üzrə dövlət agentliyi – red.) təşəbbüsü ilə Azərbaycanın yüksək texnologiyalı məhsullarının xarici bazarlara çıxarılması məqsədinə yönəlmiş İnnovasiyaların ixracı üzrə konsorsium yaradılmışdır. Bəzi ölkələrin bazarlarının yüksək rəqabətə davamlı olduğunu anlayaraq, əsas diqqət üçüncü dünya ölkələrinə – Asiya və Afrikaya ediləcək», — ekspert hesab edir.
«Azərbaycan startaplarının tədricən xarici bazarlara çıxışını qeyd edə bilərəm. Düzdür, Keepface və Buglance artıq müəyyən inkişaf mərhələsində hüquqi cəhətdən rəsmiləşdirildikləri Birləşmiş Ərəb Əmirlikləriindən (BƏƏ) olan şirkətlər kimi uğurla inkişaf edirlər. Ümid edirəm ki, startaplar üçün vergi güzəştləri və hökumətin innovativ sahibkarlığa dəstək üzrə fəaliyyəti Azərbaycanda elə şərait yaradacaq ki, nəticədə yerli layihələr nəinki ölkə daxilində qalmacaq , həm də qonşu ölkələrdən olan komandalar Bakıya üstünlük verəcəklər», — deyə Kazımov əlavə etmişdir.
Öz növbəsində, Azərbaycan İnternet-forumunun prezidenti Osman Gündüz qoyulan vəzifənin real olduğunu hesab etsə də, Azərbaycan istehsalı olan antivirusla bağlı o qədər də nikbin deyil. «Bəli, dövlət strukturları üçün bəzi proqramlardan, məsələn, «Kasperski Laboratoriyaları» antivirusundan istifadə etməmək üzrə bir tövsiyə var idi. Xüsusilə rəqabəti və bütün çətinləşən şəraiti nəzərə alaraq, dünya standartlarına cavab verən yerli antivirus yaratmaq çətin məsələdir. Təhlükə getdikcə artır, odur ki, zənnimcə, Azərbaycanın öz maraqlarına və təhlükəsizlik tələblərinə cavab verəcək məhsulunu yaratmaq üçün dünyanın ciddi şirkətləri ilə əməkdaşlıq qurmaq daha yaxşıdır. Belə yanaşma düzgün olardı. Əlbəttə, ölkənin resurslarını nəzərə alsaq, antivirus proqramı yaratmaq mümkündür. Amma yenə də kadr çatışmazlığını qeyd edərdim», — deyə Osman Gündüz Dalma Newsə müsahibəsində bildirib.
Cənubi Qafqaz ölkələrində İT texnologiyalarının inkişaf səviyyəsinə gəlincə, ekspert hesab edir ki,onlar hazırda təxminən eyni səviyyədədir. «Azərbaycan, Ermənistan və Gürcüstanın öz spesifik problemləri var. Nəzərə almaq lazımdır ki, İT sahəsi sadəcə olaraq böyükdür. Biz haradasa geri qalır, hardasa isə qabaqlayırıq. Ancaq ümumiyyətlə, Azərbaycana gəldikdə, hesab edirəm ki, burada sıçrayış üçün potensial var. Dövlət bu sektora ciddi dəstək göstərir», — deyə o qeyd etmişdir.
Bəzi Azərbaycan startapları beynəlxalq bazarlara çıxıblar. Lakin onlar yekun mərhələ kimi hüquqi sənədləşdirməni xaricdə alırlar. Osman Gündüzün sözlərinə görə, bu, problemdir.
«Bizdə rəqəmsallaşdırma və ümumiyyətlə, bu sahənin transformasiyası qanunvericilik islahatından daha sürətlə gedir. Və bu, dəyişiklik və irəliləyişlər olsa da, hər halda problemdir. Məsələn, kiçik və orta biznesin dəstəklənməsi üzrə lazımi qanun və fərmanlar, yeni strukturlar meydana çıxır. Əvvəllər Vergilər Nazirliyi, Gömrük Komitəsi əsas rol oynayırdı. Aydındır ki, onlar yığmalarda maraqlıdırlar. Lakin startaplara dəstək lazımdır və artıq yeni struktur — Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar agentliyi var. Belə ki, iş sürətləndiriləcək. Ancaq hələlik çətinliklər həqiqətən də mövcuddur», – deyə ekspert sözünə yekun vurmuşdur.
Мəmməd Мəmmədzadə