Novruz bayramı – bu, ənənəvi olaraq, Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. O, Azərbaycanda hər il bahar fəsli, gecə ilə gündüzün bərabərləşdiyi 20 və 21 mart da daxil olmaqla, beş gün qeyd edilir. Bu, yazın gəlişi şərəfinə qeyd olunan bayramdır.

Adətən, xalq ənənələrinə görə, Novruz bayramı günləri tonqallar yandırılır. Hesab edilir ki, adamlar tonqalın üzərindən tullanmaqla öz uğursuzluqlarını odun içinə atıb bütün dərd-bəladan xilas olurlar. Bundan başqa, Novruzda bir qayda olaraq içərisinə müxtəlif şirniyyat: şəkərbura, badambura, paxlava qoğal və c. qoyulan bayram xonçası hazırlanır. Xonçanın ortasına, həmçinin səməni və müxtəlif rənglərlə boyanmış bişmiş yumurta qoyurlar. Ancaq Novruz süfrəsinin başlıca yeməyi bayram plovudur.

Qeyd edək ki, Novruz bayramı kütləvi və çox populyar bayram hesab olunur. 2009-cu ildə Novruz bayramı YUNESKO-da bəşəriyyətin qeyri-maddi mədəni irsinin təmsil olunduğu siyahıya daxil edilmişdir.

Dalma Newsin müxbiri vətəndaşların müxtəlif nəsilləri arasında onların bayramı necə qeyd etmələri mövzusunda sorğu keçirmişdir. Aysu Kərimova (8 yaş): «Mən bu bayramı sevirəm, o çox şən keçir. Biz qonşulara papaq atır, onlar isə papaqları şirniyyatla doldururlar. Tonqalın üzərindən tullanırıq. Bayram həmişə rəngarəng və ən başlıcası dadlı keçir».

Elina Rüstəmova (28 yaş): «İş elə gətirib ki, son dörd il ərzində Novruz bayramını ailədən uzaqda keçirirəm. Lakin, qohumlar məni darıxmağa qoymurlar. Azərbaycanda öyrəndim ki, Novruz – bu, maraqlı ayinlər və bütpərəstlik mərasimlərindən ibarət bayramdır. Bayram günlərində yumurta boyamaq, evdə şamlar yandırmaq, bəxt falı açmaq, uşaqlara şirniyyat paylamaq, tonqal qalayıb, dilində xüsusi bir niyyət, umanc və dilək onun üzərindən hoppanmaq bir qayda olmuşdur. Uşaqlıqda isə anam bir də onu danışırdı ki, əvvəllər Azərbaycanda qızlar və oğlanlar yavaşca qonşuların qapılarına yanaşıb onların danışdıqlarına qulaq asandan sonra ilk eşitdikləri sözlərə istinadən özləri üçün ilin nə qədər uğurlu olacağı barədə nəticə çıxarırdılar. Əgər qonşular mübahisə edir və ya dalaşırlarsa, deməli, il çətin il olacaq. Əksinə, qonşu mənzillərin birindən gülüş və şənlik sədası gəlirsə, deməli, yeni qədəm qoyan ildə uğursuzluqlar və pis xəbərlər onlardan yan keçəcək. Düzdür, indiki zəmanədə çox az adam qonşuların söhbətinə qulaq asmaq fikrinə düşər.Mən Novruz bayramını adətən kənddə əmimin evində qeyd edirəm. Azərbaycanda itki üz verən ailələrdə «qara bayram» keçirirlər. Ona görə də bayramdan 1-2 gün əvvəl biz rəhmətə gedən yaxın və əzizllərimizi anma tədbiri — qara bayram mərasimi keçiririk. Martın 21-də isə bilavasitə masa arxasına toplaşaraq, uzun-uzadı söhbət edir, bəzən oxuyur və rəqs edirik, əlbəttə, həm də yemək yeyirik».

Nicat Hacıyev (29 yaş): «Hər bir xalqda oldğu kimi, azərbaycanlıların da bütün ölkəni birləşdirən öz milli bayramları var. Mənim üçün Novruz, hər şeydən əvvəl, milli dəyərlər və adət-ənənələr bayramıdır. Məsələn, əgər azərbaycanlılar Yeni ili haradasa xaricdə və ya dostlarla birlikdə keçirə bilərlərsə, insanların əksəriyyəti Novruzu ailə əhatəsində qeyd edir. Əgər bayrama mərasim timsalında yanaşılarsa, o, qohum və dostlarla barışıqdan, yaxınların, doğmaların qəbirlərini icbari ziyarətdən tutmuş, artıq milli şirniyyata qədər bir çox ənənələrlə ayaq-ayağa gedir. Yəni, ailə dəyərlərini gücləndirməyə, qohum və dostları barışdırmaq, ümummilli həmrəyliyə yönələn bu bayram mənim üçün xüsusi mənəvi yönüm kəsb edir.

Təbii ki, vaxt gedir və bu gün çox şey dəyişib, əgər uşaqlıqda həyətin bütün oğlanları tonqal üçün çır-çırpı, odun toplamağa gedirdilərsə və hər həyət digəri ilə alışdırılan tonqalın tonqalın ən böyük alınması üzrə yarışırdısa, indi bu tendensiya tədricən arxa plana çəkilmişdir. Və bu gün artıq heç də hər bir həyətdə ətrafına bütün qonşuların toplandığı böyük tonqal görmək mümkün deyil. Bu bayramın uşaqların çox sevdiyi digər tərəfləri də var. Bu, qapı altına papaq atma növü üzrə bir əyləncə tipidir. Bir sözlə, əgər subyektiv danışmalı olsaq, Novruz şəxsən mənim üçün Azərbaycan xalqının ən əsas bayramıdır».

Rüstəm Piriyev (32 yaş): «Mən bu bayramı çox sevirəm. Novruz bayramı – mənim üçün uşaqlıq həyatımın xatirələridir. Bu bayram, necə deyərlər, birgə,yan-yanaşı yaşadığın bütün dostlar, qonşular və insanların bayramıdır. Əlbəttə, əvvəllər, uşaq vaxtı o mənim üçün daha maraqlı keçirdi. Bayramın öz atmosferi, öz yolu, ona öz hazırlıq prosesi var idi. Məsələn, 11-13 yaşlı oğlan olan mən bayram tonqalı üçün taxta parçaları, odun-ocaq hasilatında fəal iştirak edir, nə vaxt və hara papaq atmaq barədə bütöv bir plan hazırlayırdım ki, bu Novruz bayramının ayrılmaz bir hissəsi idi.

Evdə də bayrama hazırlıqlar gedirdi ki, bu ayrıca bir ritual idi. Ərzaq məhsulları alınır, həmin il nə kimi şirniyyatın hazırlanacağına dair plan tərtib olunur, yeni reseptlər tapılmasına cəhd göstərilirdi. Bütün bu «kulinariya eksperimentləri»ni həyata keçirmək mənim boynuma düşür və xoşbəxtlikdən, onlar həmişə uğurla başa çatırdı.

Təəssüf ki, son illər artıq bu bayramı o qədər də fəal şəkildə qeyd etmirəm. Novruz bayramı üçün artıq əvvəlki atmosfer yoxdur, elə mənim azart və həvəsim də əvvəlki deyil. Tonqalın üzərindən tullanmağa nə vaxt, nə də xüsusi istək yoxdur, papaq atmaq haqqında isə mən, ümumiyyətlə susuram. Yaş öz işini görür, maraqlar və sosial ünsiyyət dairəsi dəyişir və indiki kompaniya ilə «uşaq oyunları» aparmaq artıq ciddi təsir bağışlamır. Təəssüf və təəccüblə qeyd edirəm ki, bugünkü uşaqlar, yeniyetmələr Novruz bayramını biz onların yaşında olduğumuz vaxtdaki kimi fəal qeyd etmirlər. Tonqallar dəfələrlə az, oldu papaq atma çox nadir halarda olur, həyətlərdə isə iri kompaniyalar toplaşmır.atmaq ədəd isə həyətində artıq niyyətində deyil, böyük şirkətləri var. Belə bir təəssürat yaranır ki, insanlar daha dostluq etmir və bayramın gəlişinə sevinmirlər.Bu son dərəcə kədərləndirir, amma mənim üçün Novruz bayramı həmişə uşaqlıq çağlarımın bayramı olmuş və keçmişin əziz xatirəsi olaraq qalacaq

Tatyana Sidorova (56 yaş): «Milliyətcə rus olmağıma baxmayaraq, mən Bakıda anadan olmuşam və bu bayramı uşaqlıqdan qeyd edirəm. Bununla yanaşı, mən Pasxanı da bayram edirəm. Bunlar mənim üçün çox yaxın bayramlardır. İnsanlar şirniyyat hazırlayır, yumurta boyayır, bir-birlərini qonaq edir və ən xoş arzularını çatdırırlar. Mənim üçün bu, ailəmlə birlikdə məmnuniyyətlə qeyd etdiyimiz əziz bır bayramdır. O da sevindirici haldır ki, bayram günləri həm də istirahət günləridir və bu, evdə qalıb Novruzu doğmalarınla qeyd etməyə imkan verir».

Rəfiqə Mustafayeva (82 yaş): «Birmənalı şəkildə deyə bilərəm ki, hətta belə ahıl yaşımda mən Novruz bayramını qeyd edirəm. Bu bayram uşaqlıq, mehribanlıq, bizim dadlı milli yeməklər və şirniyyat bayramıdır. Mən daha gənc olanda bayrama bir həftə qalmışdan hazırlığa başlayardım. Mən xatırlayıram ki, əvvəllər insanlar bu bayrama daha fəal surətdə hazırlaşırdılar, lakin bu gün, mənə elə gəlir ki, o, səthi qeyd edilir. Ahıl sinnimə baxmayaraq, hər dəfə evimdə bayram süfrəsinə növbənöv bayram şirniyyatı dolu xonça qoyulur. Və, bir qayda olaraq, mənə daim qonaqlar gəlir. Elə bir dəyişiklik baş verməmişdir, sadəcə, məndə artıq cavanlıqda olan qüvvə yoxdur».

Tarixçi Zöhrə Əliyevanın Dalma Newsə dediyincə, əvvəllər Novruz bayramı daha geniş miqyasla qeyd edilir, bayram süfrəsi isə daha zəngin və bol olurdu. Onu «s» hərfi ilə başlanan yeddi ərzaq və yeməklə bəzəyirdilər. «İş burasındadır ki, Novruz bayramı yeni ilin başlanmasını göstərir. Ona görə də bu bayramda insanlar bir-birinə ən yaxşı nemətlər arzulayırlar. Bayram səhərini nəsə şirin bir təamdan başlamaq lazımdır. Daha bir maraqlı adət falçılıq — düyün açmaqdır», — deyə o söyləyir.

Onun sözlərincə, bayram günlərində söyüş və lənət sözləri işlətmək olmaz, hamı ilə barışmaq, ən yaxşı şeyləri arzulamaq, bütün pis şeylərdən ehtiyat etmək lazımdır. «Bayram xonçasını bəzəyən şirniyyat xüsusi məna kəsb edir. Məsələn, paxlava —göydəki ulduz simvolu, onun 9 ya 12 lay təşkil edən təbəqələri Yer, torpaq və atmosferin qatlarını simvollaşdırır. Şəkərbura Ay, qoğal isə Günəşin rəmzidir»,— deyə o bildirir.

Tarixçi bildirdi ki, bununla yanaşı, bayram ərəfəsində qışın su, od, külək və torpağı rəmz edən dörd çərşənbə axşamı bayram edilir. Axırıncı novruzqabağı çərşənbə axşamı isə uşaqlar adətən məhəllədəki qonşu qapılarını döyərək, papaqlarını astanaya qoyub gizlənirlər. Ev sahibləri papaqlara bayram çərəzi qoyub qaytarmalıdırlar. «Mən deyə bilərəm ki, ümumiyyətlə bayram adət-ənənələri dəyişməyib, lakin sadəcə olaraq, indi bayramı əvvəlkitək çox geniş miqyasla qeyd etmirlər», — deyə o əlavə etdi.

 

Hazırlayanı Таtyanа Ələkbərov