27 mart 2017-ci ildə Bakıda məşhur violonçelist və dirijor Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Müvafiq sərəncamı şəxsən Azərbaycan prezidenti İlham Əliyev imzalamışdır. Bu gün dünya miqyasında tanınmış maestro Rostropoviçi «əsrin simvolu» adlandırırlar. Bu gözəl insanın məziyyətləri,ad-san və rütbələrindən danışmaq artıqdır. O, özünü həmişə dünya vətəndaşı adlandırır və vətəni Azərbaycanla fəxr edirdi.
«Bakı — mənim vətənim, mənim evimdir»
Bakı, əfsanəvi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun sayəsində dahi sənətkarın beşiyi oldu. Bunu az adam bilir, ancaq 20-ci əsrin görkəmli musiqiçilərindən biri olan Mstislav Rostropoviç 27 mart 1927-ci ildə Bakıda anadan olmaqla yalnız Rusiya deyil, həm də Azərbaycan xalqının fəxri olmuşdur.
Əgər «Yeddi Gözəl»in müəllifi musiqiçinin uzun illər dostluq telləri ilə bağlandığı atası Leopold Rostropoviçi ailəsi ilə birlikdə Bakıda yaşamağa dəvət etməsəydi, bu, baş verməzdi. Leopold Vitoldoviç dəvəti məmnuniyyət və sevinclə qəbul etmiş və həyat yoldaşı ilə birlikdə Azərbaycan dövlət konservatoriyasında müəllimlik fəaliyyətilə məşğul olmuşdu. Azərbaycanda ilk simli kvarteti məhz o təsis emiş, onun şagirdləri isə sonradan Azərbaycan klassik musiqisinin fəxri olmuşlar.
Erkən uşaqlıqdan istedadlı musiqiçilərlə əhatə olunmuş kiçik Mstislav, öz ilk bəstəkarlıq uğurlarını çox erkən nümayiş etdirməyə başladı. Artıq 4 yaşında o, fortepiano üçün özünün ilk musiqi əsəri – «Pоlka»nı yazdı.
Dərhal aydın oldu ki, bu uşağın böyük gələcəyi var. Azərbaycan təbiətinin hərarət və gözəlliyindən ilham alan Rostropoviç dəfələrlə demişdi ki, ona Bakı temperamenti və coşqunluğu kömək edir.
1931-ci ildə Rostropoviçin ailəsi Moskvaya köçmüş, burada gənc musiqiçi violonçeldə çalmağı mənimsəməyə başlamışdır. Musiqiçinin vətənə növbəti səfəri artıq 30 ildən sonra olmuşdur. O vaxt Mstislav Rostropoviç Bakıda Niyazinin idarəsi altında Üzeyir Hacıbəyov adına Dövlət simfonik orkestrinin müşayiəti ilə çıxış etmişdir.
Vətənə qayıdış
Məlumdur ki, 1974-cü ildə Mstislav Rostropoviç həyat yoldaşı və iki qızı ilə SSRİ-dən ABŞ-na mühacirət etməyə məcbur olmuşdu. Musiqiçini azadfikirlik və 70-ci illərin əvvəllərində məşhur yazıçı Aleksandr Soljenitsinə sığınacaq verməkdə ittiham etmişlər. 1990-cı ildə maestro bəraət qazanmışdır. Uzun sürgündən, və 24 il ötəndən sonra, Rostropoviç vətəni ziyarət və orada özünün 70-ci ad gününü qeyd etmək qərarına gəlmişdir.
Müslüm Maqomayevin xatirələrindən («Mənim məhəbbətim – melodiya» kitabı)
Görüşlərimizdən biri zamanı mən ona dedim:«Mstislav Leopoldoviç, siz nəhayət Bakıya nə vaxt gələcəksiniz? Əlbəttə, indi Azərbaycanı sizin yeganə vətəniniz adlandırmaq çətindir: indi bütün dünya — sizin vətəninizdir. Amma siz orada doğulmusunuz, orada sizi xatırlayırlar. Və sonra, axı, siz həm də bakılısınız».
Mən hətta o vaxtkı respublika rəhbərliyindən Rostropoviçə dəvətnamə göndərməyi xahiş etdim. Lakin həmişə olduğu kimi, onun necə deyərlər iş cədvəlində hər şey bir neçə il qabaqcadan yazılıb planlaşdırılmışdı: müqavilələr, konsertlər… Odur ki, o, uzun müddət Bakıya gələ bilmədi.
Ancaq Rostropoviç hər halda Bakıya gəldi. Özü də elə belə sadəcə olaraq yox — o, qərara almışdı ki, öz yubileyini Bakıda qeyd edəcək. Mənə bu dəfə artıq Peterburqdan zəng vurdu: «Necə düşünürsən, Əliyev buna yaxşımı yanaşar?».
O, məni sanki vasitəçi seçmişdi — Bakıya özü zəng vurmaq istəmirdi: birdən ona imtina edərlər. Mən dərhal Heydər Əliyeviçlə əlaqə saxlamağa söz verdim. Bizim səfirliyə gedib səfirin kabinetindən zəng edərək Rostropoviçin arzusunu bildirdim. Əlbəttə, mənim gözlədiyim kimi, Heydər Əliyeviç ideyanı heyranlıqla qəbul etdi: «Bizdə onu sevir və dəyərləndirirlər. Hesab edirəm ki, bu, hamı üçün böyük bayram olacaqdır. Ona çatdır ki, mən hər iki əlimlə bunun lehinəyəm. Qoy yalnız günləri təyin etsin».
Mstislav Leopoldoviçə zəng elədim, razılığa gəldik ki, o, Bakıya may ayında gələcək və yubileyə hazırlıq haqqında danışdıq
Rostropoviç Bakıda 70 illiyini qeyd etdi. Heydər Əliyev ona yüksək dövlət mükafatı –«Şöhrət» ordeni təqdim etdi. Mstislav Rostropoviç məhz onda etiraf etdi ki, onun enerjisinin sirri – genetika və Bakı iqlimindədir. Bakıdan gedərkən, böyük musiqiçi dedi:
«Mən burada öz ürəyimi qoyub gedirəm. Mənə bir il bu gözəllik, qonaqpərvərlik və gözəl insanlardan, ustad dərsləri apardığım gözəl uşaqlardan ayrılmaq çox çətindir. Azərbaycan xalqı böyük mədəni potensiala malikdir və mən bu potensialı həyata keçirilməyi, istedadlı azərbaycanlı uşaqların, Bakı musiqi akademiyası tələbələrinin, musiqi məktəbləri şagirdlərinin gələcəkdə tanınmış incəsənət ustaları olmasını özümə borc bilirəm. Mən çox fəxr edirəm ki, atam Azərbaycan üçün çox işlər görmüşdür və xoşbəxtəm ki, burada onun adı unudulmayıbdır. Mənim atam heç bir yerdə Azərbaycanda olduğu qədər xoşbəxt deyildi… O həmişə buraya — doğma yurduna can atırdı …»
Görkəmli musiqiçi öz 75 illik yubileyi — 3 mart 2002-ci ildə prezidentin əlindən ən yüksək dövlət mükafatı — Azərbaycanın «İstiqlal» ordeninə layiq görülmüşdür. Musiqiçinin Azərbaycanın beynəlxalq əlaqələrinin və respublikanın musiqi mədəniyyətinin inkişaf etdirilməsindəki xidmətləri belə qeyd edilmişdir. Rostropoviç bu ali mükafata layiq görülən ilk xarici ictimai xadim olmuşdur.
Ümumilikdə, Heydər Əliyev və Mstislav Rostropoviçin dostluğu 40 ilədək davam etmişdir. Onları çox şey birləşdirirdi — vətənə, mədəniyyətə, əsl insani dəyərlərə məhəbbət. Onlar hətta bu dünyadan hər birinin 80 yaşı olarkən getmişlər.
«Bizi atamın doğulduğu evə gətirdikləri zaman, o sanki öz uşaqlığına qayıtdı», – Olqa Rostropoviç
Dahi musiqiçinin xatirəsi bakılıların qəlbində hələ də yaşayır. Onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Ailəsinin yaşadığı küçə, Rostropoviçlərin Ev-muzeyi, Bakının mərkəzində maestronun abidəsi, şəhərin Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəblərindən biri — bütün bunlar dahi insana bir hörmət nişanəsi, onun xatirəsinə verilən qədr-qiymətdir.
Rostropoviç özü məşhur musiqiçi olmuş atasının adını daşıyan küçədə gəzmək, onun anadan olduğu evə baş çəkmək, Azərbaycan Dövlət konservatoriyası tələbələrinə ustad dərsləri vermək və sadəcə olaraq öz köhnə dostları ilə görüşmək üçün Bakıya tez-tez gələrdi. Rostropoviç anadan olduğu və həyatının ilk illərini keçirdiyi Bakıda dünya səviyyəli musiqi festivalı təşkil etmək arzusunda idı. O, bu şəhəri çox sevirdi. Bakı isə onu çox sevir. Bakılılar onu milli qəhrəman hesab edirlər.
Hazırlayanı Leyli Xəlilova