Avqustun 16-da saat 18:00 radələrində Şahdağ Milli Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində yerləşən meşə sahəsində yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.
Hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə, yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Qeyd edək ki, ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.