“Baku HOG Azerbaijan” qrupunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə “Böyük Yolun Yolçuları” adı altında motoyürüşünə çıxan baykerlərimizin yürüşü başa çatıb.
ANS PRESS-in məlumatına görə, motoyürüş zamanı 1500 km-ə yaxın məsafə qət edilib.
“Baku HOG Azerbaijan” qrupnun direktoru Vahid Mustafayevin rəhbərliyi altında keçirilən bu yürüşdə əsas məqsəd 2016-ci ildə istifadəyə veriləcək Bakı – Tiflis – Qars dəmiryolunun tanıtımıdır.
Gürcü və türk baykerlərinin də qoşulduğu yürüşün müddəti iki gün olub. Onlar dayandıqları məntəqələrdə motoyurüşün məqsədi, əhəmiyyəti haqqında məlumatlar veriblər. Bu dəmiryolu vasitəsilə Azərbaycandan birbaşa Türkiyəyə və beynəlxalq dəmiryol dəhlizlərinə gediş mümkün olacaq.
Bakı – Tiflis – Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tiflis və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.
Bakı -Tiflis – Qars dəmiryolu xəttinin tikintisinin təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.