Azərbaycanda məşhur “Səs” televiziya şousunun yerli “variantı” hazırlanır. Layihənin milli variantı “Səs Azərbaycan” adlanacaq və dövlət kanalı AzTV-də yayımlanacaq.

Hazırda münsiflər heyətinin üzvlərinin adları gizli saxlanılır. Amma iştirakçıların qeydiyyatı www.thevoice.az saytında tam sürətlə aparılır. Artıq 150-dən çox iştirakçı öz vokal imkanlarını göstərmək üçün müraciət edib.

Trend xəbər verir ki, avqustun 23-də “Səs Azərbaycan”ın komandası istedadların axtarışı üçün regionlara yola düşəcək. Həftə ərzində komanda 10 şəhərə baş çəkmək və 300 potensial yarışçını qeydiyyatdan keçirmək fikrindədir.

“The Voice” – “Səs” şousu ilk dəfə “The Voice of Holland” (“Hollandiyanın Səsi”) adı altında 2010-cu ildə Hollandiyada yaranıb. Sonra bu format dünyaya yayılıb və 50-dən çox ölkədə reytinqlərdə ön sıralarda dayanıb.

Azərbaycanda bu şounun türk və Rusiya adaptasiyası xüsusilə məşhurdur.