Uşaq olanda payız səmasında dəstə-dəstə quşun harasa uçduğunu görürdüm. Soruşanda deyirdilər ki, durna qatarıdır. Niyəsə durna köçü insan köçünü xatırladırdı həmişə. Elə bilirdim ki, insanlar bir-birini incitdiyi kimi onları da incidiblər. Durnalar da qanad-qanada verib, küskün-küskün uçub gedirlər. Göyün üzünün dumanlı vaxtında durna qatarının hara uçduğu uşaq beynimdə dumanlı qalırdı. Fikirləşirdim ki, görəsən onlar evsiz, yuvasız nə edəcəklər?!

Oriontoloq İlyas Babayevlə Zoologiya İnstitutunda görüşdük. İlyas müəllimlə lələyi sümüyündən ağır gələn qanadlı canlılar, daha dəqiq desək, su üzündə yaşayan nadir quşların məhv olma səbəbləri haqda bir xeyli söhbət etdik. “Qırmızı kitab”ın qanadlı qonaqlarının problemləri barədə siz də məlumatlı olmaq istəyirsinizsə, bu yazımızda mütləq qanad saxlayın.

Azərbaycan 1939-40-cı illərdə su quşları ilə çox zəngin olub. “Çox zəngin” birləşməsini görüb, düşünməyin ki, “yəqin yazıda özləri şişirdirlər. Quş çox olsa, özümüzə nə gəlmişdi ki, görərdik də onları!”. Nəzərə alın ki, Azərbaycanda təkcə müharibə illərində 570 ton su-bataqlıq quşu ovlanıb. Onların əti cəbhə üçün istehsal olunurdu. Əmin olun ki, elə bir o qədər ətdən arxa cəbhə insanları müharibə illərində qidalarında istifadə edirdilər. Asan deyildi, müharibə özüylə aclıq gətirmişdi. Həm də quşların sayına azlıq gətirmişdi. Məsələn, 1940-cı illərdə təkcə Qızılağac qoruğunda 4 milyona yaxın qaşqaldaq olub. 1950-ci illərdə isə onların sayı 3 milyona düşüb, 60-cı illərdə 360 000, 2003-2005-ci illərdə isə 250000-500000 arasında qaşqaldaq qeydə alınıb.

İndi isə vəziyyət daha kritikdir. Hətta həvəskar ovçuluq üçün belə quş tapa bilməzsiniz. İlyas müəllimin sözünə qüvvət, 3-5 quş qalıb, onları da vursalar, heç nə qalmayacaq.

Səmada toy karvanı

1980-ci ildə Ağgöldə ekspedisiyada olan İlyas müəllim  nadir su quşlarından olan qızılqazı belə təsvir edir:

“Qızılqazlar o qədər gözəl idi! Axşamçağı qaranlıqda onlara baxanda insana elə gəlirdi ki, gölün üzərini alov bürüyüb. Onlar qanad çalıb uçanda isə sanki gölün üzərindən alov yavaş-yavaş səmaya qalxırdı. Qanadlarının rəngi çəhrayı-qırmızı, bədəni ağ idi – bu rənglərin ahəngi quşlara alov effekti verirdi”.

Hekayələr heç də həmişə gözəl bitmir.  O gölü qurudandan sonra Ağgölün “alovu”nu da söndürdülər. Qızıl qazlar daimi yaşayış yerlərini itirdi. Azərbaycan təbiəti isə qızılqazlarını.

Göllər quruduldu, quşlar uçdu

Sovet dövründə müstəqil deyildik. Əmr gəlirdi ki, bu il bu qədər pambıq vermək lazımdır. İnsanlar da məcbur şəkildə gölləri qurudurdular ki, əkin sahəsini genişlətsinlər. Qarşılarına qoyulan planı ödəyə bilsinlər. Azərbaycanda quşların əvvəllər yaşayış yerləri geniş olub. Qurutma prosesindən sonra sayda kəskin azalma müşahidə edilib. Lənkəranda Kələdəhnə, Mırdov gölü, Şirvan-Muğan düzündə Ağçala gölü, Əlibayramlıdan başlayıb Kürdəmirə kimi uzanan Qarasu gölü bu gün yoxdur. Təsəvvür edin ki, bu qədər göl, su hövzəsi ətrafında məskən salan o qədər quş da yoxdur. Onlar ya tələf olub, ya da uçub gediblər.

İlyas müəllimlə söhbət zamanı məlum oldu ki, göllər heç də həmişə təsərrüfat məqsədilə qurudulmurdu: “Məsələn, Lənkəran ovalığında yerləşən gölü qurudub yerində pomidor, xiyar, limon, kələm kimi tərəvəzlər əkirdilər. Kür-Araz ovalığında isə pambıq əkmək üçün gölləri qurudurdular. Məsələ burasındadır ki, gölləri qurudanda çox vaxt heç onların yerində tərəvəz də əkilmirdi. Sadəcə təbiətin strukturu dəyişdirilirdi – özü də mənfi istiqamətdə”.

Qeyd edək ki, qurutma prosesi nəticəsində Nabranda, Yalamada bataqlıqların yerində şəxsi çimərliklər tikildi. Bu onunla nəticələndi ki, su-bataqlıq quşları məhv oldu. Nəticədə, yalnız obyekt sahibləri qazandı. Azərbaycan təbiəti isə uduzdu. Nümunə üçün deyək ki, qurutma nəticəsində quşların sayı düz 50-60 dəfə azalıb.

Xəzərin sahilində nə baş verir?

Xəzərin səviyyəsinin qalxıb-düşməsi də quşların sayına təsir göstərən amillərdəndir. Məsələn, 1935-ci ildə onun ərazisi 85 000 hektar olub. Bu ildən başlayaraq dənizin sahəsi də yavaş-yavaş azalıb. Təbii quruma prosesi gedib – Qızılağacda adalar bir-birilə birləşib, yarımada yaradıb. Nəticədə, quşların yaşayış yeri məhv olub və onların sayı əlaqəli şəkildə kəskin azalıb.

İlyas müəllim quşların azalması səbəbi kimi ekosistemin korlanmasını da göstərdi: “Uzağa getməyək, dəniz sahillərində şəxsi obyektlər görürük. Bilirsiniz, bütün bunlar o deməkdir ki, ekosistem tamamilə məhv edilib. Bir vaxtlar Səngəçal ətrafında təpələrə çıxıb su quşlarını müşahidə edəndə 10 000-ə kimi quş sayırdıq. İndi siz neçə növ quş görürsünüz orda? Qırmızıbaş ördək, qırmızıdimdik ördək,  kəkilli qara ördək, böyük maygülü, kiçik maygülünü görmələri üçün uşaqları məktəblərdən, universitetlərdən ekskursiyalara aparardıq. İndi ekskursiyalarda onlara hansı quşları göstərək?”.

unnamed

Söhbət nadir quşlardan olan qara leyləkdən düşdü. Qara leyləyin bir özəlliyi var ki, onlar insan sevmirlər. İnsan olmayan yerlərdə məskunlaşırlar. Ağ leylək heç olmasa, insanlara öyrəşib. Qara leylək isə insanlardan qaçır. İnsanlar təbiətə daha çox sahib olduqca, qara leyləklər bir o qədər azalır.

İlyas müəllim deyir ki, qara leyləyi ən çox ayaqlarına görə vururlar. Çünki onun ayağında dərman var. Müəllimdən soruşanda ki, “bu ayaqlar nəyin çarəsidir? nəyə xeyirdir?”, cavabında dedi ki, “bunu da desəm, olan-qalan bir-iki leyləyi də vurub yox edəcəklər. Lazım deyil”.

İlyas müəllimlə söhbətimizdə yazıya sığdıra bilmədiyimiz, amma qırmızı kitaba sığan su quşlarımızdan bir xeyli danışdıq. Təbiətin qorunması ilə bağlı, elə yazıya da əla sonluq ola biləcək cümlələri ömrünü quşlara həsr edən İlyas müəllimdən oxuyaq: “O vaxt Moskvadan əmr gəlirdi ki, pambıq ək, bu qədər pambıq ver, taxıl ək, bu qədər taxıl ver. Hər şey planla idi. İş orasındadır ki, yuxarıdan gələn əmrlə bağlı olaraq, məcburiyyətdən gölləri qurudurdular. İndi müstəqilik, təbiəti qorumaq üçün daha çox imkanımız var. İnsanlığı qorumaq üçün daha çox imkanımız var. Təbiətin məhvi insanlığın süqutudur. Hər şey öz əlimizdədir.”

Nərmin NÖQTƏ