Qafqazda öz köklərininin qorunub saxlanmasına hələ qədimdən çox həssas yanaşırlar və bu baxımdan Azərbaycan da istisna deyil. Hətta, milli və mədəni sərhədlərin pozulduğu qloballaşma dövründə belə, qarışıq nigahlar cəmiyyətin böyük hissəsi tərəfindən dəstəklənmir. Amma nəzərə almaq lazımdır ki, bu gün adamlar beynəlmiləl nigahlara əvvəllər olduğu kimi, o qədər də aqressiv və kəskin reaksiya göstərmirlər. Buna baxmayaraq, əksər valideynlər övlaqlarının, xüsusilə qızlarının öz xalqının nümayəndələri ilə nigah bağlamasını istəyirlər. Amma Dalma News qəhrəmanlarının timsalında, əsl sevgi qarşısında adət -ənənə və qaydaların ikinci plana keçərək geri çəkildiyinin şahidi ola bilərik.

«Bir həftə sonra o, mənə evlənmək təklifi etdi»

Leyla Kirkbrayd+Cemi Kirkbrayd (ingilis)

Səmimi qəlbdən inanıram ki, bizi taleyin özü qovuşdurub, axı həyat yoldaşım heç vaxt Azərbaycana gəlməyi planlaşdırmamışdı. Cemi əslən Nyukasldandır və ingilisdir. Hər ikimiz bir neft şirkətində işləmişik, amma müxtəlif ölkələrdə – Cemi Dubay, mən isə Bakı filialında işləmişəm. Keçən ilin yayında şirkətdə struktur dəyişiklikləri baş vermiş və Cemi təcili olaraq Bakıya gəlmişdi. Kadrlar şöbəsində işlədiyimdən, biz praktiki olaraq, onun gəlişinin birinci günü tanış olduq və demək olar ki, o vaxtdan bəri bir yerdəyik. Biz dərhal bir-birimizlə maraqlandıq. Tələsmək istəmədiyimə, onu yaxşı tanımaq istəyimə baxmayaraq, münasibətlərimiz sürətlə inkişaf etməyə başladı. Biz bir-birimizlə çox vaxt keçirməyə başladıq və müəyyən məqamda başa düşdüm ki, o, mənə müvafiq insandır. Cemi hər şeydə məni dəstəkləyir və mənimlə fəxr edir ki, bu da mənim üçün həlledici amil olmuşdur. Bizim rəsmi olaraq görüşməyə başlamağimızdan bir həftə sonra o, mənə evlənmək təklifi etdi və barmağıma üzük taxdı.

Leyla və Cemi
«Övladları bəxtəvərdirlərsə, valideynlər də xoşbəxtdirlər»

Ailəm buna anlaşıqla yanaşıb, çox yaxşı reaksiya verdi. Onların qarşısında, qızını yüksək qiymətləndirən, hörmət edən və dəlicəsinə sevən bir adam dururdu, buna görə də doğmalarım mənim seçimimi bəyəndilər.Onların mən sarıdan rahat və xoşbəxt olduqlarını görürdüm. Anam həmişə «uşaqlar xoşbəxt olduğu zaman valideynlərin də xoşbəxt olduqlarını» söyləyirdi. Yanan gözlərimizi, eləcə də bir-birimizə incə və həssas münasibətimizi görən anam narahatlığını bir kənara qoydu. Yeri gəlmişkən, mənim bəxtim ikiqat gətirib — həyat yoldaşımın məni dərhal hərarət və istiqanlıqla qəbul edən çox gözəl ailəsi var.

Toy şənliyi Bakıda, əsasən Azərbaycan ənənələrilə keçiridi, lakin Avropa adətlərinə də riayət olundu. Biz yalnız ən yaxın və doğmaları dəvət etmək qərarına gəldik, odur ki, toy kiçik – cəmi 100 qonaqdan ibarət idi ki, onların arasında həyat yoldaşımın Böyük Britaniyadan gəlmiş qohumları da var idi. Təntənələrdən sonra biz yaşamaq üçün Sinqapura köçdük. Hələ ki,Bakıya köçməyi planlaşdırmırıq, amma kim bilir, bəlkə də planlarımız dəyişəcəkdir.

Leyla və Cemi
«Sevildiyin və qədrin bilinən yerə getmək lazımdır »

Sevgi üçün sərhəd, milliyyət və din mövcud deyil – təkcə mən yox, bir çox azərbaycanlı qızlar belə düşünürlər. Son illər cəmiyyətimizin dünyagörüşləri və baxışları xeyli dəyişmişdir. Əgər cəmi 8-10 il öncə Azərbaycan seqmenti və yerli telekanalların sosial şəbəkələri üçün beynəlmiləl nigah haqqında xəbər sensasiya xarakterli yenilik idisə, bu gün bu mövzu haqqında heç xatırlamırlar. Çünki bu gün belə nigahlar yayılıb. Əlbəttə, yaşlı nəsil öz uşaqlarını yadellilərə verməyə hazır deyil, lakin bununla belə, onların düşüncə və görüşləri bir qədər yumşalmışdır. Xoşbəxtlikdən, gənclər anlayır ki, bütün millətlərdə həm yaxşı, həm də pis insanlar var. Sevildiyin və qədrin bilinən yerə getmək lazımdır. Ən əsası-kişinin qadına münasibəti və valideynlərin xeyir-duasıdır.

«Valideynlərim məni türklə nigahdan çəkindirməyə çalışırdılar»

Sənanə+Sənan (türk)

Bizim tanışlıq tarixçəmiz kifayət qədər banaldır. Bizi ümumi dostlarımız tanış ediblər. İlk vaxtlar biz messencerlə ünsiyyətdə olurduq, sonra arabir, daha sonra isə tez-tez görüşməyə başladıq. Beləliklə, hər şey, necə deyərlər, təbii surətdə yoluna düşdü. Ünsiyyətdə olduğumuz 4 ildən artıq müddətdən sonra həyat yoldaşım mənə evlənməyi təklif etdi. O, bunu mənə daha tez deyə bilərdi, ancaq mən tələsmək istəmirdim. Yeri gəlmişkən, bütün bu müddət ərzində valideynlərim mənim həyatımda onun mövcudluğundan xəbəsiz idilər. Mən bilirdim ki, onlar məni dəstəkləməyəcəklər, odur ki, bu söhbəti imkan daxilində uzadırdım. Lakin o, mənə təklif edəndə, artıq geriyə yol yox idi, buna görə də özümü ələ alıb, hər şeyi valideynlərimə danışdım.

Sözün düzü, valideynlərim mənim seçimimə çox qızğın reaksiya göstərdilər. Anam sadəcə olaraq, şokda idi, o, məni fikrimdən döndərməyə çalışaraq inandırmaq istəyirdi ki, yəqin o aldadır, kim bilir, bəlkə də onun Türkiyədə həyat yoldaşı və uşaqları var, burda isə fürsətdən istifadə edib başımı tovlayaraq vaxt keçirməyə çalışır. Atam, yumşaq desək, qəzəbləndi. Məsələ burasındadır ki, o, ciddi mühafizəkar baxışlara sadiq qalır və mənim yanımda yalnız azərbaycanlı təsəvvür edib görürdü, onun gözləntilərinin və ümidlərinin özünü doğrultmadığını başa düşəndə isə o, çox qəti köklənmişdi. Atam hətta nişanlımın adını belə çəkmək istəmirdi. Biz demək olar ki, hər gün bu zəmində mübahisə edirdik, və yalnız yarım ildən sonra o, Sənanla görüşmək və şəxsən tanış olmaq istədi. Xoşbəxtlikdən, onlar ümumi bir dil tapa bildilər.

Bizim Azərbaycan və Türkiyədə iki toyumuz oldu. Bakıda mərasim müvafiq olaraq, Azərbaycan, ərimin vətənində isə türk ənənələrinə uyğun keçirilib. Toylarda mənə xeyli qızıl hədiyyələr verən çox sayda qonaq vardı.

Sənanə və Sənan
«Azərbaycan cəmiyyətində rollar düzgün bölüşdürülməyib»

Son zamanlar ətrafımdakılar arasında daha çox beynəlmiləl nigahlar müşahidə etməyə başlamışam. Yəqin, cəmiyyətimizin baxışları qloballaşmaya paralel olaraq dəyişməyə başlayır. Əlbəttə, ölkəmizdə millətlərarası nigahlar əvvəllər də olub, amma əsasən kişilər başqa millətdən olan qızlarla ailə qururdular. Əcnəbi ilə ailə quran azərbaycanlı qızlara cəmiyyət pis baxırdı. Ancaq axı, öz milləti arasında layiqli həyat yoldaşına rast gəlmək heç də hamıya qismət olmur.

Mənim fikrimcə, bizdə rollar düzgün bölüşdürülməyib. Kişilər elə tərbiyə edilirlər ki, onlara bu həyatda hər şey icazə verilir, qadınlar isə onlara uyğunlaşmağa borcludurlar. Əlbəttə, bu, heç də hamıya aid deyil, lakin çox vaxt elə kişilərə rast gəlmək olur ki, onlar köhnəlmiş münasibətlər modelini dəstəkləyirlər. Türklər arasında da belələri var, amma mənə elə gəlir ki, onların sayı azdır. Bundan əlavə, onlar daha diqqətlidirlər və həmişə ailəni üstün tutub müdafiə edirlər, halbuki, Azərbaycan ailəsində «sükan» çox vaxt qaynananın əlində olur.Şəxsən mənim üçün qohumlar, yaxud tanışların haqqımda nə danışacaqlarının fərqi yox idi, mənim üçün əsas məsələ valideynlərimin xeyir – duasını almaqdır.

«O, mənim üçün çox gözəldir»

Leyla Qrinxil + Kristofer Qrinxil (şotlandiyalı)

Biz sosial şəbəkələrdə tanış olmuşduq. İki aylıq yazışmadan sonra, nəhayət, onunla görüşmək qərarına gəldim. O vaxt mənim həyat yoldaşım Bakıda cəmi dörd ay idi ki, yaşayırdı. İngilis dilində sərbəst danışmağıma baxmayaraq, şotland aksenti üzündən nə dediyini çətinliklə anlayırdım. Bununla belə, o elə ilk görüşdə məni valeh etdi. Əlbəttə, əvvəlcə ünsiyyətimizi təsəvvür etmirdim,axı, mən onu başa düşmürdüm, amma nə qədər qəribə olsa da, onun ləhcəsi çox tezliklə mənim üçün doğma oldu. Daha sonra Kristofer etiraf etdi ki, o, həmişə azərbaycanlı qadını britaniyalıdan daha gözəl hesab etmişdir, amma məni görəndə düşündü ki, mən onun üçün həddindən artıq gözələm. Bir ildən bir qədər çox keçəndən sonra o, mənə evlənmək təklif etdi. Azərbaycan adət-ənənələrinə görə, bizim evimizə gəldi və atamdan qızının əlini və qəlbini xahiş etdi. Valideynlərim və yaxınlarım dərhal mənim seçimimi bəyənib dəstəklədilər, o, bizimkilərin xoşlarına gəldi. Atam xeyir-dua verəndən sonra süfrəyə şirin çay verildi.

Öz növbəsində Kristoferin valideynləri mənimlə şəxsən tanış olmaq istədilər. Bakıya gəlib mənimlə söhbət edəndə əmin oldular ki, onların oğlu düzgün seçim etmişdir.

Leyla və Kristofer
«Mənə həyat yoldaşımın ənənələrini nəzərə alıb, onlara riayət etmək vacib idi»

Biz yalnız təklikdə olacağımız ekzotik adada toy etmək arzusunda idik. Buna görə də Bakıda ənənəvi mərasim Azərbaycanın ənənələrinə uyğun olaraq, sonra isə harada və necə istədiyimiz kimi, özümüz üçün toy etmək qərara alındı. Ona görə də toyun sırf Azərbaycan toyu olduğunu deyə bilmərəm. Bundan başqa, Kristoferin doğmaları da toya gəlmişdilər, ona görə də istəmirdim ki, onlar özlərini burda bir növ yad hiss etcinlər və darıxsınlar. Xoşbəxtlikdən, aparıcı iki dildə mərasim keçirməyə çalışırdı və mənim qonaqlarımın bir çoxu da ingilis dilini bilirdilər. Ümumiyyətlə, hər şey çox gözəl keçdi, qonaqlar çox razı qaldılar.

Yeri gəlmişkən, düz bir il sonra biz Bora- Bora adasında kiçik bir mərasim keçirdik ki, arzuladığımız kimi, yalnız mən və ənənəvi kiltedə (Şotland milli kostyumu) idik.

Leyla və Kristofer
«Şəxsi xoşbəxtlik naminə stereotipləri pozmağa heç də hər kəs hazır deyil»

Həqiqətən, son zamanlar xalqımız arasında qarışıq nigahların statistikası artmağa başlayıb. Belə tendensiya çoxlarını təəccübləndirir.Çünki uzun illər ərzində Azərbaycan qızları özlərinə həyat yoldaşı kimi yalnız öz millətindən olanları seçirdilər. Əlbəttə, bizim ünvanımıza xoşagəlməz söz-söhbət daxil olmurdu, sadəcə, eşidəndə ki, mənim ərim şotlandiyalıdır, adamlar təəccüblənirdilər. Onların əksəriyyəti Azərbaycanın bölgələrində yaşayan yaşlı nəsldən olanlardır. Azərbaycanın böyük şəhərlərinin sakinləri bizim cütlüyə müsbət maraq göstərirlər. Ümumiyyətlə, beynəlmiləl ailələrin sayı artdıqca gənclər anlayırlar ki, başlıcası milliyyət məsələsi deyil, sənin yanımda kimin olacağı daha vacibdir, axı, səninlə yaşayıb uşaqları böyüdənlər qohum-qonşular olmayacaq. Odur ki, məhz o kəsi seçmək lazımdır ki, bu, onunla işgəncəyə dönməsin. Təəssüf ki, tez-tez ər-arvadın xoşbəxt olmadığı nigahların şahidi oluram, görünür, heç də hamı valideynlərin iradəsi əleyhinə getməyə və şəxsi xoşbəxtlik naminə stereotipləri pozmağa hazır deyil.

Leyla və Kristofer

S.S. 2018 — ci ildə Azərbaycanda 70 minə yaxın nigah qeydə alınıb, onlardan 2,3 mindən çoxu əcnəbilərlə qeydiyyata alınıb. Statistik məlumatlar göstərmişdir ki, Azərbaycan qadınları əcnəbilərlə ailə qurarkən Türkiyə, Rusiya və Gürcüstandan olan kişilərə üstünlük verirlər. Öz növbəsində kişilər Rusiya, Gürcüstan və Ukraynadan olan qızlarla evlənməyi üstün tuturlar.

Boşanmaların statistikasına gəlincə, 2018-ci ildə əcnəbilərlə 118 nigah pozulub. Müqayisə üçün 2017 – ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 2680 nigah bağlanmış, 149 nigah isə pozulmuşdur.

 

Fəridə Məmmədova