Azərbaycanda məşhur «Səs» televiziya şousunun yerli «variantı» hazırlanır. Layihənin milli variantı «Səs Azərbaycan» adlanacaq və dövlət kanalı AzTV-də yayımlanacaq.
Hazırda münsiflər heyətinin üzvlərinin adları gizli saxlanılır. Amma iştirakçıların qeydiyyatı www.thevoice.az saytında tam sürətlə aparılır. Artıq 150-dən çox iştirakçı öz vokal imkanlarını göstərmək üçün müraciət edib.
Trend xəbər verir ki, avqustun 23-də «Səs Azərbaycan»ın komandası istedadların axtarışı üçün regionlara yola düşəcək. Həftə ərzində komanda 10 şəhərə baş çəkmək və 300 potensial yarışçını qeydiyyatdan keçirmək fikrindədir.
«The Voice» — «Səs» şousu ilk dəfə «The Voice of Holland» («Hollandiyanın Səsi») adı altında 2010-cu ildə Hollandiyada yaranıb. Sonra bu format dünyaya yayılıb və 50-dən çox ölkədə reytinqlərdə ön sıralarda dayanıb.
Azərbaycanda bu şounun türk və Rusiya adaptasiyası xüsusilə məşhurdur.