Şəkidə baş vermiş zəlzələ nəticəsində 200-dən çox evdə iri çatlar əmələ gəlib. Bunu Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işçi qrupu yaradılıb və hazırda yerlərdə araşdırma aparılır.

Z.Vəliyev bildirib ki, sentyabrın 4-də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr və İşçi qurupu zəlzələ baş verən yerlərə baxış keçirib: “Şəhər və kəndlərdə evlərə baxış keçirilir. Evlərə dəymiş ziyan müəyyənləşdirilir. Tam uçan və dağılan obyekt yoxdur. Amma qeyd etdiyim kimi ümumilikdə kənd və şəhər üzrə bəzi evlərdə iri çatlar yaranıb. Bununla yanaşı bəzi məktəb və uşaq baxçaları da qəzalı vəziyyətə düşüb”.