Azərbaycan prezidenti İlham Əliyev “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən bundan sonra Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşlarına öz xidməti vəzifələrini icra etmək məqsədilə Azərbaycana xidməti silah və onun döyüş sursatını gətirməyə icazə verilir.
Xarici mühafizəçilərin xidməti silahları və onların döyüş sursatlarını Azərbaycana gətirməsinə icazəni isə XİN-nin rəsmi müraciəti əsasında Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti verəcək.
Öz növbəsində XDMX verilən xüsusi icazələr barədə DİN-i məlumatlandırmalıdır.