Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejimində çalışır.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib ki, bu gün səhər saat 07:00-dən 11:00-a kimi NİİM-in 141 qaynar xəttinə sorğu xarakterli 100-dən çox zəng daxil olub.

Səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub: “Bir neçə gün öncədən, dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə baxmayaraq, sürücülərin yenə də avtomobillərini məktəblərin yanında park etməsi yolda uzunmüddətli sıxlığın yaranmasına səbəb olub”.

Səhər saatlarında 07:30-dan 09:00-a kimi Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin əməkdaşları orta məktəblərin qarşısında yolu keçməkdə çətinlik çəkən məktəblilərə yardım edərək, piyada keçidindən istifadə etməyən valideynlərə və məktəblilərə yaxınlaşaraq qarşıdakı yerüstü keçiddən istifadə etməyi tövsiyə ediblər:

“Tələsdikləri üçün qayda pozan valideynlərə həm övladlarının həyatlarını təhlükəyə atması, həm də yolda qəza vəziyyətini yaratdıqları üçün məsuliyyətli olmaq, qaydalara əməl etmək tövsiyə olunub. Növbəti həftədən isə, Dövlət Avtomobil Nəqliyyatı Departamenti tərəfindən məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanacaq. Qeyd edək ki, bu maarifləndirici aksiyalar tədris ilinin sonunadək davam edəcək”.