Koronavirus bütün dünyanın turizm sənayesinə sarsıdıcı zərbə vurdu. Bu sahədə müflisləşən şirkətlərin sayı gündən-günə artır. Azərbaycan bu aspektdə istisna deyil. Bu yaxınlarda hökumətin karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarı bu sahə işçilərini çətin vəziyyətə salıb. Sahibkarlar yaşamaq üçün yollar axtarırlar və yeni reallığa uyğunlaşmağa çalışırlar, amma hətta daxili turizmi bərpa etmək ümidi gözlərimiz qarşısında əriyib puç olur. Azərbaycan Otel və Restoranlar Assosiasiyası (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi Dalma Newsə müsahibəsində bu sahədə nələr baş verdiyi və karantin dövründə turizmə necə kömək etmək haqqında söz açmışdır.

— Dünya turizmi və aviasiya karantindən ən çox zərər çəkən sahələrdir. Azərbaycanda hər şey nə dərəcədə pisdir?

—İndi turizmi inkişaf etdirən istənilən hər hansı ölkədə olduğu qədər çətindir. Azərbaycanda izolyasiyanın bu qədər uzun çəkəcəyini az adam gözləyirdi. May ayında hökumətin karantin rejimini zəiflətdiyi bir vaxtda daxili turizmin fəallaşacağına ümid yarandı. Lakin bu yaxınlarda Azərbaycan hakimiyyəti koronavirus infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi fonunda karantin rejimini avqustun 1-nə qədər uzatmağa qərar verib, Bakı və daha altı şəhərin sakinlərinə isə iyunun 21-dən iyulun 5-dək öz mənzillərini xüsusi icazə olmadan tərk etməyi qadağan etmişdir. İndi daxili turizmə ümid etməyə dəyməz.

Xarici turistlərə gəlincə, bu il, hətta yayın axırlarında hava əlaqələri bərpa olunsa belə, onları gözləmək mənasızdır. Bu il əcnəbilər üstünlüyü xaricə səyahət və istirahət evlərinə verəcəklər. İnfeksiyaya yoluxmaq və COVİD-19-la xəstələnmək qorxusu hələ dünyanın təcriddən çıxmasından bir müddət sonra da turistləri narahat edəcək. Müvafiq olaraq, turizm bazarı vətəndaşlarda postpandemiya psixozunun zəifləməsilə paralel bərpa olunmağa başlayacaq.

— İndiki mühit və şəraitdə restoratorlar və otel sahibləri necə yaşayırlar?

— İctimai iaşə karantini ağır keçirir. Bir çox qida yerləri bağlanmış, bir hissəsi isə ləğv olunmağa başlamışdır. Aydındır ki, qidanı sifarişlə çatdırma restoranların xərclərini ödəyə bilmir. Bu, fəaliyyəti dəstəkləmək üçün bir yoldur. Hökumətin rejimi zəiflətdiyi və işgüzar fəallığın bərpa olunmağa başladığı may ayında kafe və restoranlar tədricən açılmağa başladı. Məlum səbəblərdən, ictimai iaşə tam gücü ilə işləməyib. Restoranlardan fərqli olaraq, otellərin fəaliyyəti karantin dövründə qanuni olaraq qadağan edilməmişdir. Lakin qonaqların olmaması səbəbindən, bir çox mehmanxanalar zərərin artmaması üçün işi dayandırmaq və işçi heyətini məcburi məzuniyyətə göndərmək məcburiyyətində qalmışlar.

— Hökumət baş verənlərdə hansı rolu oynayır?

– Nəzərə almaq lazımdır ki, hakimiyyət passiv şəkildə müşahidə edərək kənarda durmur. Əksinə, dövlət turizm sahəsinə yardım və dəstək göstərmişdir. Xüsusilə, koronavirusun pandemiyası nəticəsində zərər çəkmiş otellərə, turoperatorlara və turizm agentliklərinə Dəstək proqramı təsdiq edilmişdir.

Samir Dübəndi

Dövlət əmək haqqının ödənilməsi, habelə turizm sahəsində çalışan işçilərin sosial müavinətlərinin ödənilməsi üçün maliyyə öhdəliyini öz üzərinə götürmüşdür. Bu dəstək əmək müqavilələri Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin elektron sisteminə cari ilin 1 aprel tarixinə qədər daxil edilmiş bütün əməkdaşlara şamil olunur.

Lakin aydındır ki, bu, problemin həlli deyil. Bir çox sahibkarlar binaların, kommunal ödənişlərin, kreditlərin və s.icarələrin ödənilməsi ilə bağlı problemlərə malikdirlər. Biznes uzun müddət dövlətin boynunda otura, yalnız subsidiyaların hesabına yaşaya bilməz. Digər dəstək vasitələrini axtarıb tapmaq lazımdır. Sahibkarlığa dəstək Milli Fondu, Kiçik və Orta biznesin İnkişaf Agentliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi bank və digər qurumlar turizmin xilası üzrə birgə plan hazırlamalı, biznesin yeni inkişaf yolunu tapmalıdırlar. Məcburi dəstək tədbirlərindən biri də kreditlərin aşağı dərəcələr və faizlərlə verilməsi olmalıdır. Qeyd edim ki, kiçik və orta biznes dəstəyə xüsusilə ehtiyac duyur və diqqəti onlara yönəltmək lazımdır. Böhrandan çıxmaq üçün böyük biznesin kiçik biznesə nisbətən daha çox resursları var.

Bakı şəhəri

— Sənayenin bərpası üçün nə qədər vaxt lazımdır?

— İndi hansısa proqnozlar vermək çətindir. Vəziyyət hər gün köklü şəkildə dəyişir. Məsələn, bu yaxınlarda bəzi otellər daxili turizm sayəsində necə deyərlər, batmayıb suyun üzərində qalmağa ümid edərək öz prayslarını yenidən nəzərdən keçirməyə başladılar. Lakin onların planları gerçəkləşmədi. Bakı və bir sıra digər iri şəhərlərin giriş-çıxışları hələ də qadağan olunmaqla yanaşı, üstəlik, iyulun beşinədək istirahət günlərində evdən çıxmağı da qadağan ediblər. Daxili turizmə arxalanmaq mümkün deyil. Aydındır ki, bu il biz yay mövsümüni itirdik. Amma ümidimi itirmirəm ki, bu problem qışa yaxınlaşdıqca aradan qalxacaq və yeni ildən turizm sənayesində yeni səhifə açılacaq.

Amma karantin əllərini qoynuna qoyub oturmaq üçün bir səbəb deyil. Yeni istiqamətlərin inkişafı üçün bu dövrdən istifadə etmək lazımdır. Gələcək ekoturizm, aqroturizm, ekstremal istirahət növləri və tranzit səyahətinin tərəfdarıdır. Bu istiqamətlər Azərbaycanda hələ ki, zəif inkişaf etmişdir. Turizm məhsullarının genişləndirilməsi üçün geniş imkanlara və resurslara malikik, lakin hələlik bu sahə birtərəfli şəkildə inkişaf edir. Azərbaycan bazarı yeni reallıqlara sürətlə uyğunlaşa bilmir. Bir çox sahibkarlar və ya iş adamları turizmin geniş mənada nə olduğunu, təkcə yerli sakinləri deyil, həm də əcnəbiləri maraqlandırmaq üçün öz bizneslərini necə təşviq etdirməyi dumanlı şəkildə təsəvvür edirlər. Məsələn, fermerlər kənd təsərrüfatı istehsalını turizm istiqamətində necə inkişaf etdirəcəklərini bilmirlər. Onların ixtisaslı yardıma ehtiyacları var. Həmçinin qeyd etmək lazımdır ki, qanunvericilik bazası çox zəifdir. “Turizm haqqında” qanunun yeni layihəsi necə deyərlər, parlamentin cəngəlliklərində qaldı. Digər tərəfdən, bu qanun layihəsi mükəmməllikdən uzaqdır və bazarın tələblərinə cavab vermir. Bu sənəd bağlı qapılar arxasında hazırlanmışdır, yəni sahibkarlar, müstəqil mütəxəssislər və həmin sahənin professionalları onun işlənib hazırlanmasında iştirak etməmişlər. Qanun layihəsi ictimaiyyətlə açıq diskussiyalar şərti ilə yenidən işlənməyə qaytarılmalıdır. Bu məsələ pandemiyanın bitməsini gözləmədən həll olunmağa başlamalıdır.

İradə İmanova