TV və radiolar baş verənləri yayımlamağa macal tapmadan, hadisələr elə həmin andaca tvitlənir, qısa/uzun bloq yazıları yazılır, facebook-da paylaşılır, youtube-da göstərilir. Nəticədə, nə qədər virtual dünyanı real dünya idarə edir desələr də, virtual dünya baş verən real hadisələrin növbəti gedişatlarını müəyyənləşdirə bilir. “Reallıq hissini itirən” virtual dünya, daha da konkretləşdirib dəqiq xitab etsək, sosial şəbəkələr siyasi alət kimi də özünü göstərir. Təbii ki, bunun üçün münbit şərait varsa.

 

İlk həbs –  “Accessbank – Haqsızbank”

Sıravi vətəndaşların gündəlik olaraq qarşılaşdıqları sosial-siyasi problemləri virtual dünyada “dilə gətirmələri”ni bir qrup insan “klaviatura qəhrəmanlığı” kimi təqdim edirdi və hələ də etməkdədir. Üstəlik, onlar “biz istənilən sahədə inqilabı ancaq virtual məkanda edə bilərik”, “burda yazmağa nə var ki, getsinlər bir də real olaraq nəsə etsinlər” deyirlər.

Sosial media doğrudanmı bu qədər gücsüzdür? Sosial medianın həqiqətənmi təsiri bir “bəyənmə” ilə məhdudlaşır? Sosial media alətləri vasitəsilə yayımladığımız məlumatları yalnız özümüz yazıb, özümüz oxuyuruq?

Sualların cavabı “bəli” idi, ta ki ölkəmizdə ard-arda bir sıra hadisələr baş verənə qədər. Məsələn, 2 il əvvəl “HAQSIZBANK” mövzusu sosial şəbəkələrdə gündəmə gəldi.

Astara Məhkəməsinin hökmü ilə Mikayıl Talıbov internetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olundu. Qeyd edək ki, M.Talıbov əvvəllər “AccessBank” Qapalı Səhmdar Cəmiyyətdə çalışıb. “Accessbank”dakı işindən çıxarılmasını qanunsuz hesab edən Talıbov “Facebook”da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini tənqid edib.

Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb edib. Nəticədə, vətəndaş Talıbov aylıq qazancının 20%-ni dövlətə ödəməklə 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Bu cəza Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən 147.1 maddəsi üzrə tətbiq olunub.

Bundan əlavə, Məhkəmə, həmçinin, M.Talıbovun üzərinə “Facebook”da təkzib vermək vəzifəsi qoyub. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutur. Ölkə parlamenti 2013-cü ilin mayın 14-də həmin maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib. Dəyişikliklərə əsasən, həmin maddələr internetdə yayılan ifadələrə də tətbiq edilir.

Bu o demək idi ki, artıq sosial media – sonsuz və idarəsiz informasiya okeanı ölkəmizdə nəzarətə götürülmüşdü. Təkcə nə yazmağımız deyil, nəyi və kimi bəyənməyimiz belə izlənilirdi və izlənilir.

 

19.05.2015

Bakıda, Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın sosial şəbəkələrdə və insanlar arasında hiddətlə qarşılanmışdı. Ölənlərin və yaralıların “təsdiqini tapmayan” ən azı ilkin saylarını hadisə yerində olan insanların sosial şəbəkələrdə yaydığı məlumatlardan öyrənirdik.

Hadisə ilə bağlı #matəmelanolunsun, #PrayForBaku, #yanğın və #landoffire kimi müxtəlif həştəqlər yaradılmışdı. Sosial mediada artıq bir çox istifadəçi fotoqraf Orxan Aslanovun şəklindən istifadə edərək profil şəklini “19.05.2015” tarixli anım fotosuna dəyişmişdi. Demək olar ki, əksər sosial şəbəkə istifadəçiləri ölkədə matəmin elan olunmasına çağırış da etmişdi.

3(3)

 

Düzdür, ölkədə matəm elan olunmadı, amma yanğın faciəsi siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq hər kəsi birləşdirdi.

BBC-i sosial şəbəkə istifadəçilərinin media qurumlarına iradlarını dilə gətirdikləri yazıları təqdim etmişdi. Məsələn, Həbib Müntəzir “Facebook” səhifəsində yazmışdı: “16 ölü, 60-dan çox yaralı, onlardan üçü azyaşlı uşaqdır. Telekanallar əyləncəli, ölkə matəmsiz, səbəbkarlar istefasız, müxalifəti təxribatçı…”. Yaxud, @CavidVerdiyev adlı istifadəçi Twitter-də yazmışdı: “Qatar tuneldə qalır, bina yanır, ölkə dağılır, amma AzTV-də ABŞ-ın problemlərindən danışılır, ANS Avropa Oyunlarının reklamını verir”.

Sosial şəbəkələrdə binada baş verən yanğına səbəb olan detallar geniş müzakirə edilirdi. Üzlüklərin buna səbəb olduğunu müəyyənləşdirəndən sonra çox insan müxtəlif statuslar yazaraq üzlüklərin sökülməsi ilə bağlı etiraz fikirlərini bildirdi. Yer və vaxt təyin olundu. Bakıda 100-dən artıq adam 16 mərtəbəli binada baş verən yanğınla bağlı keçirilən etiraz aksiyasına qatıldı.

Polis “Üzlüklər sökülsün, maskalar sökülsün, millət dirilsin” şüarını səsləndirən azı bir nəfərə qarşı zorakılıq tətbiq etdi. Etiraza gələnlər yanmış binanın yanına gül dəstələri düzdülər. Bina sakinlərindən biri çıxış edib, Bakı merinin istefasına və digər məsul şəxslərin də cəzalandırılmasına çağırdı. Nəticədə, hadisədən 2-3 gün sonra eyni üzlüklərlə örtülü olan onlarla binanın hamısında söküntü işlərinə başlanıldı. Hadisə ilə bağlı isə yalnız jek müdiri həbs olundu.

 

Azərbaycanda “like” təhlükəsi

Daha maraqlısı isə dövlət işçilərinə bu günlər ərzində olan “nəzarət” idi. Belə ki, yanğından 1 gün sonra İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri  Arif Məmmədov belə bir status paylaşdı: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.

Diplomatımızın etiraza çağırış xarakterli bu statusunu bəyənənlər arasında XİN-in bir neçə əməkdaşı, o cümlədən XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, XİN əməkdaşı Fərəh Gözəlova, diplomat Cavid Musayev, XİN əməkdaşı Anar Mədətli, daha bir diplomat Ramiz Vəliyev də var idi. Bundan sonra Anar Mədətli, ardınca Ukraynadakı səfirimiz Eynulla Mədətli geri çağrıldılar.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev baş vermiş son olaylarla bağlı bəyanat yaydı. O, A.Məmmədovun yazdığı statusu “like” etməsi ilə əlaqədar üzrxahlığını bildirdi.

A.Məmmədov bu hadisələrin ardınca bəyanat yaydı: “Mən qayıdan kimi şoka düşdüm ki, Belçika XİN və Avropa İnstitutları artıq bu rəzalətdən (Azərbaycan XİN-ində onun “facebook” statusunu bəyənən diplomatların cəzalandırılması nəzərdə tutulur-red) xəbərdardır. Mənə rəsmi müraciət olundu ki, mənə və ailəmə mühafizə ayrılsın. İmtina etdim”.

 

“Öz dilimizdə danışaq”

Bu yaxınlarda sosial şəbəkələrdə 28 Mall Ticarət Mərkəzində ZARA Woman bölməsinin menecerinin azərbaycanlı vətəndaşdan rus dilində danışması tələbi böyük müzakirələrə səbəb olub.

Belə ki, vətəndaş öz qızı üçün endirimdə olan köynək almaq istəyib, lakin sonda bəlli olub ki köynək endirimli deyil. Məsələni aydnılaşdırmaq üçün vətəndaş 28 Mall, ZARA Woman bölməsinin menecerinə yaxınlaşıb, hadisə barəsində danışıb. Menecer Darya Paulevskaya cavab olaraq vətəndaşa bildirib ki, o, Azərbaycan dilini bilmir, xanım tələb edib ki, alıcı onunla rus dilində danışsın.

Sosial şəbəkə istifadəçilərini ukraynalı xanımın Azərbaycanda çalışıb, azərbaycanlıdan rus dilində danışmasını tələb etməsi hiddətləndirib.

Retail Group sosial şəbəkədə geniş müzakirə olunan bu mövzudan sonra bildirib ki, artıq ZARA Woman bölməsinin meneceri Darya Paulevskayaya töhmət verilib. Yaxın zamanlarda isə xanımla bağlı ciddi tədbir görüləcək.

 

Statistika nə deyir?

Yeni axtarış xidməti olan “StumbleUpon”un Azərbaycanda generasiya trafiki artmağa başlayıb.

Yeni platforma sayılan “StumbleUpon”un payına Azərbaycanda generasiya olunan sosial media trafikinin 0,4 faizi düşüb.

Azərbaycanda “Facebook” sosial şəbəkəsi trafik generasiyasına görə 82,7 faizlə üstünlük qoruyur.

2015-ci ilin birinci rübünün nəticələrinə görə, ölkədə “Facebook”un trafik generasiyası 5,6 faiz aşağı düşüb.

“Twitter” şəbəkəsi üzrə isə Azərbaycanda 33,4 faiz artım müşahidə olunub. Bu sosial şəbəkə Azərbaycanda 7,5 faizlə ikinci yeri tutur. Üçüncü yerdə 2,8 faizlə “Vkontakte” sosial şəbəkəsidir.

Sonrakı yerləri isə 1,8 faizlə “Google+”, 1,6 faizlə “Pinterest”, 1,6 faizlə “Tumblr” və digər şəbəkələr tutur.

Nərmin Nöqtə