Tanınmış azərbaycanlı müğənni Dilarə Kazımova yerli şou-biznesin ən azad və sərbəst nümayəndələrindən biridir. O, xaricdə «Eurovision» Beynəlxalq musiqi müsabiqəsində iştirak edəndən sonra məşhurlaşıb.
İfaçı təkcə Azərbaycan dilində deyil, başqa dillərdə də oxuyur. Hər dəfə də tamaşaçıları təkcə öz layihələri ilə deyil, həm də insanlar tərəfindən həm heyranlıq, həm də tənqidə səbəb olan açıq fotosessiyalar ilə təəccübləndirir.
Dalma Newsə müsahibəsində Dilarə Kazımova yeni layihələri və karantinin necə keçirilməsi barədə söz açmışdır.
— Dilarə, koronavirus pandemiyası səbəbindən ölkədə karantin elan olunmasından təxminən iki il keçmişdir. Bütün bu vaxt nə ilə məşğul olmusunuz?
— Karantin mənim həyatımı çox dəyişdi. Praktiki olaraq heç nəyi qabaqcadan planlaşdırmaq olmaz. Səndə olanla kifayətlənmək lazımdır. Bir şey planlaşdıra bilərsiniz, ancaq bir və ya iki gündən uzağa yox , çünki növbəti gün nəsə bir şey dəyişə bilər. Mən ailəmə, dostlarıma daha çox vaxt ayırmağa, indi nə etdiyimi qiymətləndirməyə başladım. Həm də karantin zamanı öz komandamla birlikdə mahnılar yazmışam, yeni fotosessiyalar, yeni obrazlar barədə düşünmüşəm.
— Bütün ifaçılar karantin səbəbiylə işin olmamasından, puldan şikayət edirlər. Buna görə də çoxları öz evlərini, maşınlarını satmağa məcburdur. Bəs sizdə necə, maliyyə çətinlikləri yaranıbmı?
— Bütün həmkarlarım kimi, mənim də maliyyə çətinliklərim olub. Onları müxtəlif yollarla həll etmək lazım idi, çünki vəziyyətlər fərqli idi. Sözün düzü, təfərrüata varmaq istəmirəm. Problemlər bu günə qədər davam edir, çünki iş azdır.
— Heç kimə sirr deyil ki, xaricdə irəliləmək üçün ulduzlar öz bədənlərini nümayiş etdirdikləri açıq fotosessiyalarda, roliklərdə çəkilirlər. Siz kompleksləri olmayan müğənnilərə aidsiniz, buna görə də tez-tez bu qəbildən olan şəkillərlə bölüşürsünüz. Məgər bütün bunlar o qədər mühüm və əhəmiyyətlildir ki, həqiqətən məşhur olmaq üçün mütləq soyunmaq lazımdır?!
— Yəqin ki, şöhrət üçün ən qısa yol soyunmaqdır. Ancaq bu, yeganə yol deyildir. Hər bir artist onun üçün rahat və daha yaxın olan yolu özü seçir Səhnədə mən həmişə qısa, səs-küy yaradan libasları sevmişəm. Bu da müğənninin xarakterindən asılıdır. Mən diqqət mərkəzində olmağı çox sevirəm. Bütün bunlar fərdidir,odur ki, buna müəyyən bir cavab yoxdur.
— Sizi çoxları açıq fotosessiyalara görə tənqid edir. Buna Sizin münasibətiniz necədir?
— Mən həmçinin açıq fotosessiya üçün məni tənqid etməyən bir çox insanı tanıyıram. Tənqid edənlərə isə tamamilə normal yanaşıram, çünki bizim bütün baxışlarımız, fikir və rəylərimiz müxtəlifdir. Hər bir kəs özü üçün necə rahatdırsa o cür düşünmək hüququna malikdir. Bunlar yalnız obrazlardır. Mən səhnədə və həyatda iki tamamilə fərqli insanam. Məsələn, aktyorlar filmdə çəkilirlər, obraza girirlər, sonra isə real həyata qayıdırlar. Səhnədə bəzən hansısa rol oynayırıq. Bütün bunlar layihədən asılıdır. Tənqid məni narahat etmir, çünki məni dəstəkləyən bir çox insan var. Onlar başa düşürlər ki, bu səhnə obrazıdır.
— Dilarə,” Eurovision” bir çox ifaçılar üçün dünyanın qapılarını açır. Yəqin ki, xarici ölkələrdən də sizə təkliflər gəlibdir. Niyə razı olmadınız?
– Bəli, təkliflər gəlirdi və indiyə qədər də gəlir. Amma bu, heç də “Eurovision” la bağlı deyil, daha çox Amerikada yaşayan dostlarımla bağlıdır. Onlar artıq bir ildir ki, məni dəvət edirlər. Pandemiya başladı, buna görə hər şeyi dayandırmaq məcburiyyətində qaldım. Ola bilər, Amerika ilə bağlı bir şey fikirləşək. Yalnız hər şey koronavirusun sonundan asılıdır.
— Həyatınızda, karyeranızda nəyi dəyişmək istərdiniz? Yaradıcılıqda hər şeydənmi razısınız?
– Yəqin ki, daha çox imkanlara malik olmaq, böyük səhnələrdə çoxsaylı auditoriyanın qarşısında çıxış etmək istərdim. Hara can atmaq, harda axtarmaq həmişə var. Mən bütün dünyada məşhur olmaq istərdim. Hazrki həyatda bunu etmək mümkün olarsa, mən özümü çox xoşbəxt hiss edəcəyəm.
— Siz gözəl qızsınız, buna görə əminliklə demək olar ki, pərəstişkarlarınız çoxdur. Əl və ürək təklifləri tez-tezmi olur? Sizin qəlbiniz hələ azaddır?
— Təkliflərin tez-tez olduğunu deyə bilmərəm,amma gəlir. Mən buna çox şadam və bu insanlara minnətdaram, çünki bizi sevən, bizi xoşbəxt etmək istəyən, həyatımızı daha yaxşı etmək istəyən insanları qiymətləndirməliyik. Hələ ki, qəlbim azaddır, amma mənə elə gəlir ki, hər şey ola bilər.
— İndi nə üzərində işləyirsiniz?
— Hazırda «Gecə» mahnısı üzərində işləyirəm, elə buna görə də bu günlər mənim yeni fotosessiyamın təqdimatı oldu. Biz bu kompozisiyaya klip çəkilişlərinə hazırlaşırıq. «Gecə» və «Qaralama» adlı iki mahnı var. Hər ikisi də öz vaxtlarını gözləyir. Bir fürsət düşən kimi onlara kliplər çəkəcəyik.
Каmillа Sеidova