Onun haqqında cəsarətli, fədakar, tizfəhm və gözlənilməz olduğunu söyləyirdilər. Buna cavab olaraq o deyirdi ki, “mənim neft tapmaq kimi çox böyük bir arzum var” və həmkarları tərəfindən anlaşılmazlıq və hakimiyyət təhdidlərindən qorxmadan öz məqsədinə doğru gedirdi. İnadkarlığa və özbaşına neft axtarışlarına görə o, az qala məhkəməyə də düşmüşdü. Ancaq intuisiya onu aldatmadı. Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağının aşkarlayıcısı azərbaycanlı Fərman Salmanov olmuşdur. 1955-ci ildə Azərbaycandan olan gənc geoloq Fərman Qurban oğlu Salmanov Kuzbasa neft axtarmağa göndəriləndə o, hətta təsəvvür edə bilməzdi ki, gələcəkdə Sibir neftinin ilk kəşfçisi olacaq, onun şərəfinə abidə qoyulacaq və küçə, gimnaziya, həmçinin Surqut hava limanı onun adını daşıyacaq.

Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonunda adi Azərbaycan ailəsində anadan olmuşdur. O, uşaqlıqdan neftçi olmağı arzulayırdı, amma Fərmanın Sibirə marağı babasının hekayələrindən sonra yarandı. XIX əsrin sonunda babası Süleyman ruhanilərlə münaqişəyə görə Sibirə sürgün olunmuş, elə həyat yoldaşı ilə də orada tanış olmuşdu. Balaca Fərman babasının qış vaxtı insanların çayda necə gəzmələri, hamamdan çıxandan sonra bədənlərini qarla necə ovxalamaları barədə hekayələrini sonsuz maraq və “acgözlüklə” dinləyirdi. Cənubda böyüyən bir oğlan üçün bu, sanki fantastik hekayələr idi. Odur ki, o, necə olursa olsun, həmin bu Sibiri görəcəyinə qərar verdi.

1937-ci ildə Fərmanın atası həbs olunanda o, tez bir zamanda böyüyüb, üç balaca uşağın tərbiyəsində anasına dayaq olmaq məcburiyyətində qaldı. Maraqlı faktdır ki, Salmanov öz sənədlərində uzun müddət 1928-ci il təvəllüdlü olmuşdur. Anası bu yalana müharibə zamanı məcbur olmuşdu: ailəyə dəstək lazım idi, zavodda isə yalnız 14 yaşından işə götürürdülər.

“Səkkizinci sinifdə oxuyan zaman SSRİ Neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlmişdi. Mən rus dilində öz həmyaşıdlarımdan bir qədər yaxşı danışırdım, ona görə də mənə yüksək qonağa məktəb barədə danışmaq tapşırılmışdı. Görüşün sonunda o dönüb mənim kim olmaq istədiyimi soruşdu. Dedim ki,”neftyanik”. O, mənim seçimimi təriflədi və dedi: “Neft ölkəmizin gələcəyidir”.

Fərman Salmanov

Məktəbi bitirdikdən sonra Fərman Azərbaycan Sənaye İnstitutunun “dağ mühəndisi-geoloq” ixtisası üzrə geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1955-ci ildə institutu bitirəndən sonra isə, gənc mütəxəssis Bakıya işləməyə göndərildi, lakin babasının tərbiyəsi nəticəsində Sibir fanatına dönmüş gənc yalnız oraya getmək istəyirdi. Onun arzusu əleyhinə çıxmadılar və Fərman Kuzbasa çoxdan arzuladığı təyinata müvəffəq ola bildi. Hələ o zaman gənc mütəxəssisin timsalında dərin və istedadlı geoloq görmüşdülər, buna görə də kəşfiyyat ekspedisiyalarının rəhbəri vəzifəsi ona etibar edildi. Amma onu narahat edən başqa məsələ idi – hiss eləmişdi ki, Kuzbassda neft tapmaq perspektivsizdir. Lakin o, Qərbi Sibirdə neft olduğuna əmin idi və rəhbərliyin icazəsi olmadan öz partiyasını ora köçürdü.

Enerji strategiyası və TEC TP Komitəsinin sədr müavini Valeri Garipov deyir ki, Fərman Salmanov qəribə,taxta kimi düz insan idi. Onun düşündüyü hər şey dilində idi, öz mövqeyini heç bir təəssüf hissi olmadan açıq – aşkar müdafiə edirdi. Hakimiyyət üçün çox narahat bir adam idi”.

Rəhbərlik Kuzbassda işi dayandırmağı qadağan və əmr formasında getməməyi tapşırsa da, Salmanov qulaq asmadı, geoloqların ağlasığmaz ayın-oyunlarını bir neçə barja yükləyib, Surqutda kəşfiyyat işləri aparmağa yola düşdü. Fərmanı işdən kənarlaşdırmaq da alınmadı – onun qrupu qazmağı dayandırmadı. Nəticədə, Surguta köçürmə əmri “arxa tarixlə” imzalanmalı oldu.

Sonradan o, müsahibədə deyib ki, “məni vəzifədən götürmək istəyirdilər. Amma axırda qalmağa icazə verdilər. Əvvəlcə qadın və uşaqlarımızla birlikdə vağzalda sığınıb qalmalı olduq”.

Geoloqların texniki arsenal sarıdan yalnız bir qazma dəzgahı və iki traktoru var idi. Bundan sonra elektrik stansiyası, mexaniki emalatxana, dəmirçixana, anbar və mənzillərin tikintisinə başlandı. Həmkarlarım demək olar ki, bir səslə iddia edirdilər ki, bütün səylər nəticəsiz ola bilər. “Nahaq yerə bataqlığa girirsən: orada neft yoxdur!”- deyə ətrafdakılar bildirirdilər. Lakin o, öz komandası ilə birlikdə qazma işlərini davam etdirirdi. Axtarışlar nəticə vermirdi. Nə bir, nə iki, nə də üç il neft fontanı olmadı. Yalnız 1961-ci ildə geoloq “qara qızıl”ın ilk quyusunu aşkar etdi. Ancaq rəqiblər təslim olmaq istəmirdilər və iddia edirdilər ki, geoloq neft yatağı deyil, təbiət anomaliyasını tapmışdır. Lakin tezliklə 2-ci quyudan da neft alındı. O, bir-birinin ardınca faydalı qazıntı mənbələrini tapırdı. O zaman Salmanov Xruşşova teleqram göndərmişdi: “Mən neft tapdım. Bax, belə! Salmanov”.

Beləliklə, Azərbaycan geoloqu XX əsrin ixtirasını etmiş oldu. 1966-cı ildə Salmanova vaxtilə az qala məhkəməyə düşdüyü işə görə Sosialist Əməyi Qəhrəmanı adını və Lenin ordenini təqdim etdilər.

Regionda işlədiyi illər ərzində Fərman Salmanov 150-dən çox neft və qaz yatağının kəşfinə öz töhfəsini vermişdir. Bu bənzərsiz azərbaycanlının həyat sərgüzəştləri və şəxsiyyəti 1978-ci ildə çəkilmiş “Risk strategiyası” bədii filminin əsasını təşkil etmişdir. Bu filmlər sırasında böyük tamaşaçı marağına səbəb olan “Sibiriada” da var. Salmanov neft sahəsilə yanaşı, Jugranın inkişafına da mühüm töhfələr verib. Neft-Qaz Sənayeçiləri İttifaqının rəhbəri Gennadi Şmal bu barədə deyir:

“Mən Qornopravdinskdə Fərmanın yanında tez-tez olurdum. Fərman çox enerjili rəhbər idi, Qornopravdinskdə həyat qaynayırdı. Artistlər, idmançılar, yazıçılar ora axışır və geoloqun Şimalda həyatı necə sərbəst şəkildə qurduğuna heyrət edirdilər. Qornopravdinskdə qısa müddət ərzində Mədəniyyət Evi, Musiqi Məktəbi, stadion, xokkey kortu, poliklinikalar, uşaq bağçaları yaranmışdı…”.

Fərman Qurban oğlu Sibirdə 30 il işləyəndən sonra Moskvaya köçüb və ta vəfatınadək sevimli diyarı tərk etdiyi üçün darıxırdı. 1987-ci ildən Fərman Salmanov Moskvada SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. İttifaq dağılandan sonra “Rospan” şirkətininin əsasını qoymuş, “Yuqnefteqaz” Direktorlar Şurasının sədri, “Iteri”nin Direktorlar Şurası sədrinin müşaviri idi.

Salmanov neft və qaz kəşfiyyatı ilə son günlərə qədər məşğul olub. Lakin istehsal işindən başqa o, elmi işlə də məşğul olurdu: iri neft və qaz yataqlarının formalaşma və bölüşdürülmə problemlərinə həsr olunmuş 160-dan çox elmi məqalə və 10 monoqrafiya nəşr etdirmişdir.

Yəqin bu gün Şimalda ilk fateh və ixtiraçının adını bilməyən elə bir sakin yoxdur. Axı, bu insan diyarın tarixini “neftdən əvvəlki” və “sonraki” həyata bölmüşdür. Fərman Salmanov öz təhlükəsizliyi ilə risk edərək, burada- Sibirdə neft olduğunu sübut etmək üçün hakimiyyətə qarşı çıxmış və səhv etməmişdir.

Əfsanəvi geoloq 2007-ci ildə Moskvada vəfat etmişdir. Məlumdur ki, o, uzun müddət ağır xəstələnsə də, ölümün dəqiq səbəbi mətbuata bildiilməmişdir. Fərman Qurban oğlunun abidələri, büstləri və Memorial lövhələri Moskva, Bakı, Tümen və Surqut da daxil olmaqla bir çox şəhərlərdə qoyulmuşdur. 2018 – ci ildə Rusiyada hava limanlarına görkəmli şəxslərin adlarının verilməsi haqqında xalq səsverməsi keçirilən zaman Salmanov Surqutda iddiaçılar arasında lider oldu və Vladimir Putin şəhərin hava limanını geoloqun şərəfinə adlandırdı. Bu gün Sibir sakinləri Fərman Salmanovun şəxsiyyət və xatirəsinə dərin hörmətlə yanaşır və qeyd edirlər ki, sağ olmasa da, onun kəşf etdiyi yataqlar hələ də əvvəlkitək ölkəni yedizdirir.

İradə İmanova